Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:18

«Donuz qripi»nin adı çıxıb


Artıq pandemiya baş verib
Artıq pandemiya baş verib
Azərbaycanın hesabına «donuz qripi» virusu tapılan ölkələrin sırası genişləndi. İyulun 30-da ölkənin iki vətəndaşında H1N1 virusu tapıldı. Amma xəstələrdən biri müalicə olunandan az sonra evə buraxılıb. Digər xəstə isə avqustun 3-də xəstəxanadan buraxılıb.

Dünyanı silkələyən bir virusun aşkar olunduğu xəstəni belə tezliklə evə buraxmaq olarmı? Müalicədən sonra onlarla təmasda olanlar karantinə alınmalıdırlarmı? Azərbaycanda bununla bağlı aparılan işlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrini doğruldurmu? Bu suallara ÜST-ün Azərbaycan nümayəndəliyinin eksperti Elxan Qasımovdan cavab verir:

DÜNYA İKİNCİ DALĞADAN QORXUR

- Elxan bəy, H1N1 virusu aşkarlanan xəstələrdən biri təxminən bir gün sonra xəstəxanadan buraxılıb. Həkimlər onun xəstəxana şəraitində müalicəsini başa vurduğunu söyləyirlər. Ümumdünya Səhiyyə Təşkilatı üçün belə müalicə müddəti effektivdirmi?

- Bu virusla qeydə alınan xəstələrin çoxu heç xəstəxanaya qaldırılmadan sağalıblar. Bizim narahatçılığımız nədən idi? Azərbaycanda ilk hadisəydi, ona görə də onları dərhal xəstəxanaya yerləşdirdilər. Sözsüz ki, müalicələrini evdə ambulator şəraitdə aparacaqlar.

- Ümumdünya Səhiyyə Təşkilatı bu virusun insandan insana keçməsi ehtimalını təsdiqləyib. Bəs bu xəstələrdən yoluxma qorxusu varmı?

- İnsan tam sağalır, sağalandan sonra ətrafına, cəmiyyətdəkilərə heç bir təhlükə törətmir.

- İnsan bu xəstəlikdən sağalırsa, onda H1N1 virusu ətrafında bu qədər hay-küyə ehtiyac varmı?

- Bilirsiniz, artıq pandemiya baş verib. Dünyanın bütün qitələrində, 160-dan çox ölkədə bu virus aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatının narahatçılığı ondan ibarətdir ki, bu xəstəlik mövsümü qriplə birləşib yeni mutasiya əmələ gətirə bilər. Bu pandemiyanın ikinci dalğası daha öldürücü ola bilər. Ona görə də bütün ölkələrdə hazırlıq işləri və cavab tədbirlərinin görülməsi prosesi gedir. Düzdür, hər il 3 milyondan 5 milyona qədər mövsümü qrip hadisəsi qeydə alınır, təxminən 300-500 min adam vəfat eləyir. Bu ilin aprel ayından indiyə kimi isə H1N1 virusundan 1000 nəfər ölüb. Bu tamamilə yeni virusdur, gələcəkdə özünü necə aparacaq, bunu heç kəs bilmir. Peyvəndi yoxdur, üç virusun qarışığıdır. Özü də sürətlə yayılır. Müqayisə üçün deyim ki, əvvəlki pandemiyalar 6 aya yayılırdısa, bu yayılma sürətini H1N1 virusu 6 həftə ərzində keçib. Amma əvvəlki viruslarla müqayisədə öldürmə qüvvəsi zəifdir.

HƏR QRİPİ YOXLAMAĞA DƏYMƏZ, ANCAQ AZƏRBAYCANDA YOX

- Yəqin ki, artıq Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycandakı bu iki faktla bağlı məlumatlandırılıb…

- Dərhal! Beynəlxalq-tibbi sanitariya qaydalarına görə Azərbaycanda xüsusi təhlükəli, beynəlxalq ictimai səviyyədə təhlükə törədə biləcək hər hansı bir infeksiya qeydə alınırsa, 24 saat ərzində məlumat verməlidir.

- Bu təşkilatın münasibəti necədir fakta? Azərbaycana bir tövsiyəsi varmı?

- Ümumdünya Səhiyyə Təşkilatı öz tövsiyələrini ölkələrə təqdim edib və hələ ki, tövsiyələrdə heç bir yenilik yoxdur. Baxmayaraq ki, tövsiyələr veriləndə Azərbaycanda bu virus aşkar olunmamışdı, ölkə bütün tövsiyələrə əməl eləyib.

- Siz yəqin ki, profilaktik tədbirlərin aparılmasını nəzərdə tutursunuz…

- Təkcə onu yox. Həm də epidemioloji nəzarət sistemin qurulmasını… Məqsəd ondan ibarət idi ki, bu virus hər hansı bir yerdən daxil olanda, onu aşkar etmək qabiliyyəti olsun.

- Sizcə, virusun aşkarlanma səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatı üçün qaneedicidirmi?

- Son hadisələr onu göstərdi ki, Azərbaycan istənilən mərhələdə bu virusu aşkar etmək qabiliyyətindədir.

- Elxan bəy, virusa yoluxmuş bu vətəndaşlar xarici ölkədən qayıdıblar. Özlərində halsızlıq hiss eləyəndə ayıq tərpənib həkimə müraciət eləyiblər. Sizcə, özündə nasazlıq hiss eləyən hər bir sakin artıq həkimə müraciət etmək üçün fəallaşmalıdırmı, yoxsa, virusun başqa əlamətlərinimi gözləməlidir? Tövsiyəniz nədir?


- Əgər qripə oxşar əlamətlər baş verərsə, məsələn, qızdırma, öskürmə, asqırma, yerli tibb müəssisələrinə müraciət etməlidir. Onu da qeyd eləyim ki, bütün poliklinikalarda personalla söhbət aparılıb. Əgər xəstənin vəziyyəti ağırdırsa, ondan yaxma götürülüb analizə veriləcək. Yayılma miqyası o qədər artıb ki, artıq Ümumdünya Səhiyyə Təşkilatı hər bir qrip hadisəsini yoxlamamağı tövsiyə eləyir. Hərçənd, bu tövsiyənin Azərbaycana aidiyyəti yoxdur.

Onu da deyim ki, may ayından başlayaraq biz qrip hadisələrinin ötən illə müqayisədə artıb-azalmasını öyrənmək üçün həftəlik monitorinq aparırıq.

- İlkin nəticələr nə deyir, artıb, azalıb?

- Hələ ki, tendensiya eynidir.
XS
SM
MD
LG