Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:04

Təklənmiş demokrat


Seyid Cəfər Pişəvəri
«Düşmən hədələri bizi tutduğumuz haqq yolundan döndərə bilməz. Ya ölüm, ya azadlıq, üçüncü yol yoxdur!».

Bu sözlər ötən yüzilin ortalarında İran Azərbaycanında qurulmuş Milli Hökumətin başçısı Seyid Cəfər Pişəvərinindir. O, ikinci yolu seçdi, amma müəmmalı ölümün caynağından da qurtula bilmədi...

Azərbaycan Demokrat Firqəsinin sədri olmuş S.C. Pişəvəri və onun başçılıq etdiyi Milli Hökumətin qısa fəaliyyəti bu həftə «İz»in hədəfindədir. Bələdçimiz AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Əkrəm Rəhimlidir (Bije). Əkrəm müəllim «Məni bu böyük yola gətirib çıxaran azadlıq istəyim və bir də millətim haqda düşüncələrim olmuşdur» deyən böyük demokratın keçdiyi həyat yolunu yenicə çapdan çıxmış «Seyid Cəfər Pişəvəri-Mübarizə burulğanlarında keçən ömür» kitabında işıqlandırmağa çalışıb.

Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində doğulub. Ailədə 5 uşaqdan 2-cisi olan Seyid Cəfər 5 yaşından yazıb-oxumağa başlayıb. O qədər güclü yaddaşı varmış ki, kənd mollası atasına məsləhət görüb ki, onu Bağdada oxumağa göndərsin. Ancaq mahalın hörmətli adamlarından sayılan Mir Cavad kişinin gücü bütün ailəsini götürüb 1905-ci ildə Bakıya köçməyə çatıb. Mir Cavad kişi həm də Səttarxanın mücahidlərindən idi və onun bu mənada Mir Cəfərə necə təsir göstərdiyini demək, yəqin ki, artıq olardı. 101 yaşacan yaşamış bacısı Suğra xanımın xatirələrinə görə, ata ilə dostları arasında fədailər barədə söhbətlər balaca Seyid Cəfərin böyük marağına səbəb olarmış...

Dediyim kimi, 1905-ci ildə qaçaq-quldurdan canını qurtarıb Bakıya köçən ailə Bülbülədə məskunlaşır. Seyid Cəfər Bülbülədə və Sabunçuda təhsil alır. Maddi vəziyyətləri ürəkaçan olmadığından, oxuduğu məktəblərin xadimə işlərini də görür, ailəyə kömək edirmiş. Sonra «İttihad» məktəbinə, daha sonra «Darülmüəllimin» mədrəsəsinə daxil olur. Təhsilini bitirdikdən sonra həm «İttihad»da, həm də Bakı bələdiyyəsinin 9 saylı məktəbində müəllimlik edir. Xırdalanda müəllimlik etdiyi dönəmlərdə isə, əlavə olaraq orada yaşayan iranlı şagirdlərə öz kirayə otağında pulsuz dərs deməyə başlayır. Millətin xilas yolunun, həm də təhsildən, maarifdən keçdiyini o artıq dərk etməyə başlamışdı...

Bakı mühiti izsiz keçmir. O, müxtəlif təşkilatlarda, cəmiyyətlərdə, dərnəklərdə çıxış edir, qəzetlərə yazmağa başlayır. İlk məqaləsi M.Ə.Rəsulzadənin redaktoru olduğu «Açıq söz» qəzetində çıxır. Ancaq sonra N.Nərimanovun mövqeyinə rəğbət bəsləyir, İranın azadlıq və qurtuluş yolunu Moskvada, sovetlərdə görür...

- Seyid Cəfərin sonrakı fəaliyyəti necə keçdi?
- Bu radio dastanda onu nədən «Təklənmiş demokrat» adlandırdıq?
- O Bakıdan niyə getdi?
- Həyatının neçə ilini «Qəsri-Qacar» həbsxanasında keçirdi?
- Milli hökumət necə quruldu?
- Sovetlərin bu hökumətə dəstəyi nədən qaynaqlanırdı?
- Sovet qoşunları İran Azərbaycanından niyə çıxdı?
- Milli hökumət nə səbəbdən devrildi?
- Pişəvərinin səhvləri nədə idi?
- Seyid Cəfər Təbrizi niyə tərk etdi?
- «Seyid Cəfərin 1 ildə etdiyini, Rza şah 20 ildə edə bilmədi» ifadəsi kimindir?
- Pişəvəri öldü, yoxsa öldürüldü?
- Ölümündən qabaq onun sürücüsünü niyə dəyişdirdilər?
- Pişəvərinin son mənzili hara oldu?
- Və nəhayət: Adı Azərbaycan olan hökumətlər niyə ömrügödək olur?

Bu sualların cavabını, yuxarıda «Multimedia» bölməsində «İz»i tıklamaqla tədqiqatçı-alim Əkrəm Rəhimlinin öz dilindən eşidə bilərsiniz. 1945-46-cı illərdə qurulan Milli Hökumətin Dövlət Himnini dinləmək imkanınız da var. Himnin sözləri Mir Mehdi Etimadın, musiqisi Cahangir Cahangirovundur.
XS
SM
MD
LG