Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

Qaçqın statusu…


Azərbaycan Miqrasiya İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev
Azərbaycan Miqrasiya İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev
Ləman Şahbazova
Günel Əhmədzadə

Məhəmməd Əkbəri əslən Əfqanıstanlıdır. O 2004-cü ildə ölkəsini tərk edərək Azərbaycana gəlib. O vaxtdan bəri status ala bilmədiyini deyir:

«Əfqanıstanda ailəmiz üçün təhlükə var idi. Ona görə əvvəlcə İrana, 2004-cü ildə Azərbaycana gəldim. Qaçqın statusu almaq üçün «Qaçqınkom»a müraciət etdim. Bizim Əfqanıstandakı problemlərlə bağlı şərtlərimiz onları qane etmədiyinə görə mənə status vermədilər. Sonra məhkəmələrə müraciət etdim. Onlar da komitənin cavabını təsdiqlədilər. Statusun verilməsi müddətində dövlət bizə heç bir yardım göstərməyib». Məhəmməd Bakıda satıcı işləyir. Dörd nəfərlik ailəsi ilə birgə BMT-nin himayəsi altında olduğundan hər ay ata və anası üçün 50 manat yardım alır.

«DÖVLƏT QAÇQIN STATUSU VERMƏMƏKLƏ ÖZ İŞİNİ BİTMİŞ SAYIR»

Azərbaycan Miqrasiya İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir ki, Əfqanıstanda Məhəmməd Əkbərinin təhlükəsizliyinə təminat yoxdur və Əkbəri kimi əcnəbilər Azərbaycanda qaçqın statusu ilə təmin olunmalı və statusu müəyyənləşənə qədər dövlətin himayəsində olmalıdır: «Əsas problem odur ki, dövlət qaçqın statusu verməməklə öz işini bitmiş sayır. Məsələ bu formada həll olunmamalıdır».

Əliyev hesab edir ki, başqa dövlətlərin vətəndaşının Azərbaycanda qaçqın kimi tanınması onun gəldiyi ölkədə insan hüquq və azadlıqlarının pozulmasının tanınması deməkdir. Bu baxımdan, ölkə rəhbərliyinin strateji müttəfiq hesab etdiyi ölkələrdən gələnlərin problemləri yaranır.

BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının Azərbaycandakı təmsilçisi Arun Sala-Niqarm deyir ki, hal-hazırda qurum tərəfindən Azərbaycanda 2600 nəfər qaçqın qeydə alınıb. Azərbaycana gələn qaçqınların əksəriyyəti Çeçenistandan – Rusiyadandır:

«İkinci yerdə Əfqanıstan, üçüncü yerdə isə İrandan gələn qaçqınlar dayanır. Bu Azərbaycana gələn əsas 3 qrup qaçqınlardır».

Çeçenlərin qeydiyyatı ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi məşğul olur. Çünki dövlət onlara Azərbaycanda yaşamağa icazə versə də, qaçqın statusu vermir-cənab Niqarm belə deyir: «Düşünürəm ki, bu məsələ mehriban qonşuluq siyasəti üzərində qurulmuş bir prinsiplərlə idarə olunur».
Hal-hazırda Azərbaycana başqa ölkələrdən gələn qaçqınlar qanuni əmək bazarında işləmək hüququna malik deyillər. Onlar tamamilə beynəlxalq donor təşkilatlarının köməyindən asılıdır:

«Bizim qaçqınlara yardım üçün fondumuz var. Bu fonda müəyyən beynəlxalq təşkilatlar maliyyə yardımı edirlər. Bu fondun köməyi ilə biz qaçqınlara ev kirayəsi, tibbi yardım, təhsil kimi məsələlərdə yardım edirik». Niqarm deyir ki, Azərbaycana gələn qaçqınlara yardım üçün fondun bu ilki büdcəsi 2, 5 mln. dollar təşkil edir. Bu maliyyə vəsaitinə xarici ölkələrdən Azərbaycana gəlmiş qaçqınlara və Azərbaycandakı məcburi köçkünlərə yardım da daxildir.

STATUSU OLMAYANLAR QEYRİ-QANUNİ İŞLƏYİRLƏR

BMT nümayəndəsi bildirir ki, Azərbaycana gələn qaçqınlar statusları olmadığından qeyri-qanuni işləyir. Onlar daha az gəlir gətirən işlərdə - küçə alveri, evlərdə qulluqçuluq məşğul olur. Statusları işləmək imkanı vermədiyindən, qeyri-qanuni işlərdə onların əmək haqlarının pozulması ehtimalı da böyükdür - Niqarm belə deyir:

«Azərbaycanda əsas problem – qaçqınların qanuni iş bazarına daxil olmaq üçün hüquqlarının olmamasıdır. Amma iş axtarmazdan əvvəl onların status məsələsi həllini tapmalıdır. Biz Azərbaycana gələn çeçen qaçqınlarının status alması üçün hökumətə rəsmi müraciət göndərmişik. Müraciətdə biz hökumətə çeçenlərə müvəqqəti status verilməsini tövsiyə etmişik. Ötən il hökumət buna rədd cavabı vermədi. Buna görə də biz bu il də bu məsələyə yenidən baxılması üçün hökumətə yenidən müraciət etmək niyyətindəyik».
Statusu olmayan miqrantlar daha az gəlir gətirən işlərdə - küçə alveri, evlərdə qulluqçuluq məşğul olurlar


Azərbaycana pənah gətirən insanların arasında 3-cü ölkələrə getmək niyyətində olanlar da var:
«Problem ondadır ki, 3-cü ölkəyə getmək BMT Qaçqınlar üzrə Ali komissarlığının nəzarəti altında deyil. Onların üz tutmaq istədikləri 3-cü ölkənin onları qəbul etmək üçün razılığı olmalıdır. O ölkələrin spesifik kriteriyaları var. Ona görə də Azərbaycandan 3-cü ölkəyə getmək imkanları məhduddur».

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin bu ilin əvvəlində yaydığı məlumatda deyilir ki, ölkədə qaçqın statusu almaq üçün müraciət edənlərin böyük əksəriyyəti Əfqanıstan, İran və Pakistan vətəndaşlarıdır. Xidmətə status almaq üçün 100-ə yaxın müraciət daxil olsa da, onlardan yalnız 1-i müsbət cavablandırılıb.

QAÇLINLAR VƏ İNSAN ALVERİ

Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisinin rəhbəri Vasili Yujanin deyir ki, son zamanlar Azərbaycana daha çox əmək miqrantları gəlir. Onların arasında qanunsuz miqrantlar da olur. Azərbaycan qanunsuz miqrantlarla mübarizə aparsa da, belə miqrantlar heç bir yerdə qeydiyyata alınmır və onları aşkar etmək bəzi hallarda mümkün olmur - Yujanin belə deyir:
«Bəzi hallarda qeyri-leqal miqrasiya insan alveri və ya ölkəyə qanunsuz miqrantların gətirilməsi ilə bağlıdır. Bunlar bir çox hallarda transmilli cinayətkar qruplaşmalar tərəfindən həyata keçirilir. Onların da bir neçə ölkələrdə şəbəkələri mövcud olur».

Yujanin deyir ki, Azərbaycan insan alverində ya mənbə ölkə, ya da tranzit ölkə kimi istifadə olunur. Yəni azərbaycanlılar və ya digər millətin nümayəndələri insan alverçilərinin toruna düşərək, körfəz dövlətlərinə aparılır – Yujanin belə deyir. Azərbaycan Miqrasiya İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev isə əmindir ki, Azərbaycanda 10 minlərlə sənədsiz miqrant var:

«Onların vəziyyəti qaçqınlardan daha pisdir. Çünki qaçqın heç olmasa «Qaçqınkom»a müraciət edə bilir. Azərbaycan isə həmin şəxslərin problemini həll etmək istəmir».

Rəsmi məlumatlarda deyilir ki, hazırda ölkədə 9400 miqrant var. Amma Dövlət Miqrasiya Xidmətindən hal-hazırda ölkədə olan əcnəbi qaçqın və miqrantların dəqiq sayı barədə məlumat almaq mümkün olmadı.

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına əsasən isə, son 35 il ərzində dünyada miqrantların sayı 200 milyona çatıb. MDB-dən olan miqrantların təxminən 80 faizi elə birliyin ərazisində məskunlaşmağa üstünlük verir.

İNSANLAR NİYƏ QAÇQIN DÜŞÜRLƏR?

BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının son məlumatına görə, ötən illər ərzində dünyada qaçqınların sayı yenidən artıb və 11 milyonu ötüb. 26 milyon insan isə məcburi köçkün kimi ölkə daxilində yerlərini dəyişiblər. Qaçqınların çoxu İraq və Əfqanıstandakı müharibələr üzündən qaçqın düşüblər.

Yeri gəlmişkən, Azərbaycan qaçqın və məcburi köçkünlərin sayına görə dünyada ilk yerlərdən birini tutur və qaçqınlar ölkənin əsas problemlərindən biri sayılır. Qarabağ müharibəsində 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Onlardan 250 mini Ermənistandan qaçqın düşmüş, 700 mini müharibə zamanı Qarabağdan məcburi köçkün düşmüş azərbaycanlılardır. Bununla yanaşı 50 min nəfər isə qaçqın statusuna malik məhsəti türkü var.
XS
SM
MD
LG