Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:29

Rasət Pirisoyu "Xa..." (Hekayə)


Diliş gecə keçəndən sonra yenə də ağlamağa başlamışdı və bir həftə idi ki, biz qonşuların gününü göy əskiyə düymüşdü.

Doğrudur, Dilişin əvvəllər də ağlamağı vardı. Amma onda hər halda Diliş insafla ağlayırdı, yarım saat, uzaqbaşı bir saat…

Amma indi…

Dilişgilin ailəsi bizim mərtəbədə kirayənişin qalırdılar. Mərtəbəmizdə dörd mənzil vardı. Mənzillərin hamısının qapısı bir koridora açılırdı.

Əslində mərtəbədə, müntəzəm olaraq, ikicə ailə yaşayırdı; bir bizim, bir də Sahibə xanımgilin ailəsi.

O biri mənzillərin sahiblərini heç biz özümüz də yaxşı tanmırdıq. Arada gəlirdilər, bizimlə hal - əhval tuturdular, mənzillərini kiməsə kirayəyə verib çıxıb gedirdilər. Daha biz nə çəkirdik, bu onları maraqlandırmırdı.

Dilişgilin ailəsi tipik kirayənişin ailəsi idi.

Kişi evə gecə keçəndən sonra gəlirdi, sübhün gözü açılmamış durub gedirdi. Biz qonşular onu, demək olar ki, tək - tük hallarda, özü də bazar günlərində görürdük.

Dilişin atası pis oğlana oxşamırdı, ya bəlkə pis oğlan olmağa hələ imkan tapmamışdı, demək çətindi.

Üz-gözü müntəzəm tüklü olan bu cavan oğlan həmişə yorğun görünürdü. Adama salamı da güclə, ayaq üstə, yata- yata verirdi, eləcə də ayaq üstə, yata- yata alırdı.

Dilişün anası isə…

Bu qadın bizim mərtəbəyə qədəm basar-basmaz, yaşadığı mənzilin qapısından qonşu qapıyacan, koridorun tən ortasından çalın - çarpaz ip çəkdi və hamımızın nəzərinə çatdırdı ki, mən uşaqlı ailəyəm, bayırda, evin balkonunda çəkilmiş ipə pal - paltar sərə bilmərəm, külək aparar.

Dilişin anasının bu bəyanatı mənim xətrimə dəydi. Və mən əlüstü bu kimi məsələlərə qanunda necə yanaşıldığını araşdırmağa başladım.

Hər dəfə əlimdə qanun kitabalarını görən həyat yoladaşım, mənim yenə də hansısa bir oyun çıxaracağımı bildiyindən üz - gözünü turşudub sifətimə elə baxdı ki, elə bil baxdığı heç insan sifəti deyildi…

Yoldaşımın bu baxışlarından sonra mən daha məsələni böyütmədim, hər gün işə gedəndə və işdən qayıdanda başımı əyib iyli uşaq əskilərinin alıtndan keçmək əzabını həmişəlik qəbul etdim.

Ailə bizim mərtəbəyə köçən günün axşamı, biz demək olar ki, yatmadıq. O biri günü də eləcə…

Arada mərtəbəmizin ağbircəyi Sahibə xanım izah etdi ki, uşaq mənzildə hələ təzədir, bizə öyrəşməyib, öyrəşəndən sonra ağlamayacaq.

Bu izah bizi bir az sakitləşdirdi. Amma sonralar doğrudan da ya Diliş ağlmağını kəsdi, ya biz onun ağlamağına öyrəşdik, deyə bilmərəm, amma hər şey qaydasına düşdü.

Ta bir həftə əvvələ qədər…

Bir həftə idi, gecə yarıdan keçəndən sonra Diliş balaca əllərini qaranlığa uzadır, «xa» deyib hövllənirdi. Amma heç kəs bu «xa»nın nə demək olduğunu anlaya bilmiridi.

Hərə Dilişün «xa» deyib göstərdiyi qaranlığı bir cürə hədələyirdi.

Arada iş o yerə çatdı ki, bizdən yuxarda, beşinci mərtəbədə yaşayan polis Qurbanəli tapançasının qoburunu götürüb aşağı düşdü, qoburu Dilişün «xa» deyib əlini uzatdığı qaranlığa tuşladı, bir neçə dəfə «part», «part» eləyib, qollarını yana açdı, bununla da Dilişün nəzərinə çatdırdı ki, qaranlıqdakı «xa» daha yoxdu, polis Qurbanəli qaranlıqdakı «xa»nı öldürüb.

Diliş əvvəl ağızını açıb başıyla qaranlığı göstərən polis Qurbanəliyə bir xeyli maraqla baxdı, sonra birdən anasına sarılıb dəlicəsinə qışqırmağa başladı.

Bundan sonra bizə məlum oldu ki, Dilişün «xa» deyib göstərdiyi qaranlığı söyməyin, hədələmyin heç bir əhəmiyyəti yoxdur, əbəsdir, bu, nəyin ki Dilişü saktiləşdirmir, əksinə, hətta deyəsən bir az da qorxudur.

Başqalarına necə təsir etdiyni deyə bilmərəm. Amma Dilişin ağlamağı mənə pis təsir edirdi. Əvvəllər özümü xeyli təmkinli aparsam da, axır vaxtlar, Dilişün gecə tutmaları məni əməlli - başlı hövsələdən çıxarırdı.

Mən yenə də gözucu kitab rəfində yan- yana düzülümüş qanun kitablarına baxırdım.

Hətta daxilən özümə haqq da qazındırdım; axı mən niyə əsəbləri yerində olmayan bir ailənin uşağının gecə tutmalarına dözməliyəm. Bu bir dəfə olar, iki dəfə olar…

Ona görə də mən yumşaq şəkildə, həm Dilişün anasının , həm də atasının nəzərinə çatdırmağı lazım bildim ki, məsələnin bu şəkildə davam etməsi yaxşı hal deyil, nəsə bir tədbir görmək, uşağı ya çıldağa, ya da həkmə aparmaq lazımdır, axı hamımız iş - güc adamıyıq.

Dilişün atası mənim üzümə baxıb, əlacsızcasına, yuxulu - yuxulu, «görək də, müəllim, neynirik» desə də, Dilişün anası mənə izah etdi ki, o, Bakıda doğulub, bakılıdır, elə buna görə də Bakıda yaşamağa hamıdan çox onun haqqı çatır.

Mən o dəqiqə Dilişün anasının nə dediyini başa düşdüm, çünki mən rayonlu idim. Hikkəsi müqabilində mən özümü toplayıb Dilişin anasına «evlənmək» sözünün morfoloji təhlilini vermək, «ev» sözü ilə «lən mək.» şəkilçiləri arasındakı incə əlaqəni izah etmək qərarına gəldim, amma həyat yoldaşımın sifətimə dikilmiş baxışlarını yadıma salıb, özümü saxladım…

Mən öz morfoloji tapıntımı Dilişün anası üçün səsləndirməsəm də, hirsimi evdəkilərin üstünə tökdüm. «Ev» sözü ilə «lən mək.» şəkilçiləri arasındakı incə əlaqəyə dair mülahizəm ailədə əməlli - başlı tufan qopardı.

Əvvəl yoldaşım, sonra ona qoşulan oğlum üstümə elə düşdülər ki, mən hətta özümü müdafiə üçün BMT-nin insan hüquqlarına dair bəyannaməsinin maddələrinə istinad etmək məcburiyyətində qaldım, arqumentim qəh - qəhlə qarışlandı, bu isə öz növbəsində evdə bayram əhval - ruhiyyəsi yaratdı.

Mən pərt oldum.

Bundan sonra qəti qarara gəldim ki, Diliş lap binanı dağıtsa da, bir daha koridora çıxmayacağam.

Əvəzində isə özümə çox maraqlı bir məşğuliyyyət tapdım.

Gecə hamı koridora çıxanda, mən durub kompüteri yandırırdım, müxtəlif forumlara, saytlara girib onun-bunun zay - zay şeirlərinə, hekayələrinə rəy yazırdım, müxtəlif şəbəkələrdəki müzakirələrdə fəal iştirak edirdim.

Hətta iş o yerə çatdı ki, Diliş ağlamadığı gecələrdə də mən alışdığım bu adətdən əl çəkə bilmədim, az qala internet xəstəsinə döndüm.

İnternetdə isə qızğın mübahisələr gedirdi.

Mən Dilişün gecə tutmaları ilə əlaqədar forumların birində mövzu da açdım, bu çox böyük hay- küyə səbəb oldu.

Ən müxtəlif məzmunlu atmacaların, məsləhətlərin, poeziya parçalarının, humanizmin, təbəssümün, ironiyanın nəticəsi olaraq, mən başa düşdüm ki, Dilişün anasının «mən bakılıyam və Bakıda yaşamaq hamıdan çox mənim haqqımdır» bəyanatı heç də boş yerdən səslənməyib.

Bakıda bu fikri dəstəkləyən böyük bir zümrə mövcuddur.

Etiraf edim ki, mənim bu məşğuliyyətim Dilişün gecə tutmalarından yaxa qurtarmağın ən yaxşı yolu idi. İndi səhərlər məktəbə gedən olğuma və işə gedən yoldaşıma baxanda mən əməlli - başlı gümrah görünürdüm.

* * *

Aradan bir neçə gün keçəndən sonra Diliş gecələr «xa» deyib qışıqrmağına təzə bir adət də əlavə etdi. İndi yuxudan oyanandan sonra daha Dilişi evdə saxlamaq olmurdu; o, «xa» deyib mənzillərin qapısını döyməyə başlayırdı.

Heç kəs Dilişi döydüyü qapıdan ayıra bilmirdi. Daha qapını açıb Dilişü evə dəvət etməkdən savayı əlac qalmırdı. Diliş isə evə girmək əvəzinə, əlindən tutub adamı qonşu mənzilin qapısına çəkirdi və «xa» deyib qapını döyməyə başlayırdı.

Bu əsl işgəncə idi.

* * *

-Aaz, Zəminə, məni qınama, elə bil uşaq Sahibə xanımın xiffətini çəkir.

Bu, Diliişlə növbəti siçan-pişik oyunundan sonra mənim yoldaşımın gəldiyi qənaət idi.

-Anası ölüb bəyəm, Diliş Sahibə xanımın xiffətini çəksin.

Bu, Dilinşin anasının yoldaşımın kəşfi müqabilində ona verdiyi cavab idi.

Bir həftə olardı ki, Sahibə xanım xəstələnmişdi. Vəziyyəti ağır olmasa da, həkimlər ona bir müddət xəstəxanada müalicə olunmağı məsləhət görmüşdülər. Hamımız yığışıb Sahibə xanımı inandırmaşdıq ki , həkimlərin sözünü qəribliyə salmaq olmaz. Sahibə xanım təkidlərimizi qəbul edib xəstəxanaya getmişdi.

-Acığın niyə tutur? Məgər mən sənə pis söz dedim - Dilişin anasının əsəbi cavabı müqabilində yoldaşım ağ bayraq qaldırdı.

Yoldaşımın əlindən tutub qonşu qapıya çəkən Diliş gözlərini geniş açıb anasına baxırdı və bu mübahisənin nə vaxt qurtaracığını gözləyirdi.

Bu hesabla Diliş yoldaşımla birlikdə «xa» deyib qarşıdakı ikiotaqlı mənzilin qapısını döyməliydi.

Orda isə heç kəs yox idi. Otaqda tələbə qızlar yaşayırdılar, onlar da adətən səhər tezdən dərsə gedirdilər. Amma bunun Diliş üçün heç bir əhəmiyyəti yox idi. Qapı mütləq açılmalıydı.

Anası Dilişə acıqlandı

-Gəl, gedək evə…

Uşaq anasının nə dediyini o dəqiqə anladı və başının işarəsi ilə «yox!» dedi.
İndi, yolaşımın kəşfindən sonra, mən başa düşdüm ki, əslində bizi Dilişin gecə tutmalarından Sahibə xanım xilas edirmiş.

Deyəsən, bunu Dilişin anası da çox gözəl anlayırdı, bəlkə də buna görə yoldaşımın sözü ona belə pis təsir etmişdi.

Bu nə sirdi, bilmirəm. Anasının qolları arasında vəhşi kimi qışqıran Diliş qucuğuna gedən kimi balaca, sarışın başını Sahibə xanımın çiyninə qoyub uyuyurdu.

Hətta yuxuya gedəndən sonra da Sahibə xanım Dilişi anasına qaytara bilmirdi; uşaq dərhal bunu hiss edir, oyanır və ağlamağa başlayırdı. Diliş çox zaman öz evlərində deyil, Sahibə xanımgildə gecələyirdi.

Bu mənə məlum olandan sonra, birdən - birə yadıma düşdü ki, doğrusu, bizim də heç oğlumuzun necə böyüdüyündən xəbərimiz olmayıb. Hər şeyi Sahibə xanım yoluna qoyub. Bizi oğlumuz üçün elə əvəz edib ki, bundan nə mən xəbər tutmuşam, nə həyat yoldaşım, nə də oğlum. Guya elə belə də olmalıymış.

Uşaqın inadkarlığı anasının hövsələsini daraltdı.

-Sənə demirəm, gedək evə…

Qadın qolundan tutub hirslə uşağı qucağına qaldırdı.

Diliş qiyyə çəkdi. Təqribən bir-iki dəqiqə səsi qeyb oldu. Sonra koridorda fısqırıq qopdu. Sən demə, bu bir-iki dəqiqə nəfəsini içinə çəkmək Dilişə növbəti qiyyəyə hazırlıq üçün lazımmış.

-Uşağı bəri ver

Bu dəfə yoldaşım əsəbləşdi. Dilişi anasının əlindən tutub aldı. Gömgöy göyərmiş uşağı qadın qorxusundan az qala yoldaşımın qucağına dürtdü.

Uşaq yoldaşımın boynuna sarıldı.

Mərtəbədəkilərin hamısı koridorda idi. Yenə də hər birimiz Dilişi ovundurmağa çalışırdıq. Diliş isə yoldaşımın qolundan tutub kirayənişin qızların yaşadığı otağa tərəf çəkirdi.

Sahibə xanımın qızı Nuridə də koridorda idi. Dayanıb məlul- məlul Dilişə baxırdı.

Bu dəfə də vəziyyətdən çıxış yolunu yoldaşım tapdı.

-Nuridə, get evdən mamanın şəkillərindən birini gətir…

Nuridə getdi və bir azdın Sahibə xanımın şəkili ilə qayıtdı. Sahibə xanımın şəkilini görən Dilişin sifəti bircə anın içərisində dumduru duruldu. Dilişin gülümsəməsi hamızın kefini açıdı. Biz bir - birimizin sözünü kəsə - kəsə Dilişə izah etməyə başladıq ki, sabah bazar günüdür və sabah biz Dilişü Sahibə xalasını görməyə aparacağıq, Sahibə xala xəstəxanadadır.

Diliş bir gözü şəkildə, bir gözü bizdə hamımzı diqqətlə dinlədi, sonra balaca barmağını şəkilə uzatdı, gülümsündü və dedi:

-Xa…

Diliş o gecə ağlamadı.
XS
SM
MD
LG