Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:47

«Bilmirsiniz, torpağımıza nə vaxt qayıdacağıq?»


17 ildir Bakıda Şuşasız yaşayan Fəxrəddin Cabbarovu ağlayan gördüm
17 ildir Bakıda Şuşasız yaşayan Fəxrəddin Cabbarovu ağlayan gördüm
«17 ildir hər il deyirlər bu ili Şuşada keçirəcəyik. Bəs bu nə zaman olacaq? Gecə yatanda da yuxuda Şuşanı görürük. Əcdadımızın kəfənidir o torpaqlar. Gör nə qədər şəhid vermişik Şuşada. Onların ruhu bizi bağışlamaz».

17 ildir Bakıda Şuşasız yaşayan Fəxrəddin Cabbarov deyir bu sözləri. Bakının köhnə yataqxanalarından birinin həyətində Şuşa üçün ağlayan gördüm onu. 70-i haqlayan Fəxrəddin dayını sakitləşdirməyə söz tapmaq çətindir. Səni yuxarı dəvət etməyə utanıram deyir.

17 ildir ailəsi ilə birlikdə məcburi köçkünlərin yerləşdiyi yataqxananın 9-cu mərtəbəsində məskunlaşıb. «Şuşanın dağlarını çox gəzmişəm, ancaq indi yuxarı mərtəbəyə qalxmağa taqətim qalmayıb»-, deyir Fəxrəddin dayı. Həm də pilləkənlari bərbaddır. Şuşadan məcburi köçənlər üçün Bakıda – Dərnəgül ərazisində yeni bina tikintisindən də xəbəri var. Şuşa İcra Hakimiyyətinin məcburi köçkünlərin siyahısını da tutub. Ancaq onun fikri xəyalı Şuşayla, Qarabağla bağlıdır:

Şuşalıların məskunlaşdığı yataqxana
«Mən Bakıda ev nəyimə lazımdır? Bizim üçün Qarabağ bölgəsində bir yer ayırıb köçürsünlər ora. Burda yaşaya bilmirik».

Fəxrəddin Cabbarovun həyat yoldaşı Sara xanım da söhbətə qoşulur. Şuşanı xatırlayır:

«Şuşa ən gözəl yer, ən qəşəng, ən səfalı yer. Biz yerimizdən çıxmırdıq – bizi çıxardılar oradan. İndi burda qohum-elat yad olmuşuq. Hamı bir-birini itirib. Bir-birimizi tapa bilmirik. Hərə bir yerə səpələnib».

Fəridə İsayeva da Şuşasız günlərini bu yataqxanada keçirib. Bakı ilə bağlı xatirələrim çox kədərlidir deyir. Köçkünlük həyatının ilk ilində həyat yoldaşını, 2 qaynını itirib:

Fəridə xanımgilin 8 nəfərlik ailəsi 3 otağa sığınıb
«Üç qardaşın hamısı Şuşanın dərdindən öldü. Sonra mənim də bir qardaşım Şuşasızlığa dözə bilmədi. Həyatdır da. Bilmək olmur insanı nə gözləyir. Biz çıxmazdıq Şuşadan – bizi çıxardılar. Şuşasız yaşamaq olur? Hamımız xəstəyik».

Fəridə xanımgilin 8 nəfərlik ailəsi 3 otağa sığınıb. Yataqxananın onlar üçün ayrılan 1 otağını sağdan-soldan böyüdüb 3 otaq eləyiblər. Oğlanları evlənəndə evsizlik problemini başqa cür çözməyə imkanları olmayıb. Şuşadakı 12 otaqlı evindən həsrətlə danışır. Tək sevincim isə balaca nəvələrdi deyir. Bayaqdan nənələrinin müsahibəsinə qulaq asan balacalar həvəslə bizə qoşulurlar. Şuşa haqda ancaq böyüklərin dilindən eşidən bu uşaqların dilində Şuşa sözü çox qəribə səslənir:

Şuşalı uşaqlar
- Adın nədi?
- Vaqif.
- Mənimki Cavidan.
- Haralısınız siz?
- Şuşalı. Ancaq mən Yasamalda anadan olmuşam.
- Qarabağa getmisən?
- Ağcabədiyə getmişəm.
- Ağcabədi yaxşıdı, Bakı?
- Şuşa.

Şuşanın işğal günündə şuşalıların yataqxanasında dərin hüzn vardı. Hara baxdım, nəmli gözlər gördüm. Nə sülh danışıqlarından, nə rəsmilərin verdiyi vədlərdən danışmırlar. Bircə ayrılanda məndən soruşdular ki, ay qızım, bilmirsən, biz torpağımıza qayıdacağıq?
XS
SM
MD
LG