Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

Yenə hicab problemi


Hicablı tələbə
Hicablı tələbə
Bakı sakini Mahirə Süleymanova qızının oxuduğu orta məktəbə buraxılmadığından şikayətçidir. O deyir ki, onlar dindar ailədirlər, ona görə də yetkinlik yaşına çatmış qızı dini adətlərə uyğun başını örtür, yəni hicab geyinir. Amma onun təhsil aldığı 19 saylı orta məktəbin rəhbərliyi deyir ki, ya başını aç, ya da hicabla dərsə gəlmək olmaz.

«Qızım 8-ci sinifdə oxuyur. Məktəbə buraxmırlar ki, deyirlər ki, nə müəllimlər başıörtülü gələ bilər, nə də şagirdlər. Mənə məktəb rəhbərliyi deyir ki, qızın mütləq hicab geyinməlidirsə, onda onu dini məktəbə apar. Əvvəllər heç nə deməzdilər.

- Harasa müraciət etmisizmi?

- Etmişik. Konstitusiya məhkəməsinə də müraciət etmişik. Çoxu deyir mümkündür, amma bəzisi deyir ki, hicabla məktəbə getmək olmaz».

Bakı şəhər Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızı isə bildirir ki, o, məktəb rəhbərliyi ilə əlaqə saxlayıb və belə bir faktın olmadığını öyrənib.

«Mən məktəb direktoruyla danışdım. Dedi ki, həmin şagirdin dərsə davamiyyəti çox zəifdir, günlərlə məktəbə gəlmir. Onun başını bağladığı üçün məktəbə buraxılmamasıyla bağlı valideynlərinin şikayətinin əsası yoxdur. Təhsil nazirinin sərəncamına görə, bütün şagirdlər məktəb forması geyinməlidirlər, amma şagirdlərin hicabla da məktəbə gəlməsi qadağan olunmayıb.

- İndi məktəblərdə tətildir. Dərslər başlayanda Süleymanovlar ailəsi bu problemlə üzləşsə, hara müraciət eləsin?

- Bizim qaynar xəttimizə. 441 06 99 nömrəli telefona zəng edə bilərlər».

Dini Qurumlarla İş üzrə Dövlət Komitənin şöbə rəhbəri Gündüz İsmayılov da deyir ki, onlara belə bir şikayət daxil olmayıb, ancaq müraciət olsa, araşdırma apararlar. Gündüz İsmayılov onu da deyir ki, indi orta məktəblərdə uniforma tətbiq olunur, amma hicaba qarşı qadağa varsa, bunu etiqad azadlığının pozulmasıyla əlaqələndirmək olmaz:

«Dəfələrlə mövqeyimizi bildirmişik ki, orta məktəblərdə uniformanın tətbiqi ilə bağlı məsələ ölkədəki vicdan azadlığı məsələsi ilə əlaqələndirilməməlidir».
***
Əgər sizin də şikayətiniz və ya sözünüz varsa, «Azadlıq» radiosunun Qaynar xəttinə müraciət edə bilərsiniz. Qaynar xəttin nömrəsi: 436 77 41.

Eyni zamanda efir@azadlıqradiosu.az elektron ünvanına da yaza bilərsiniz.
XS
SM
MD
LG