Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:31

O, prezidentlə quda olduqdan sonra məşhurlaşdı


Araz Ağalarov biznesinə ayaqqabı və kompyuter ticarəti ilə başlayıb
Araz Ağalarov biznesinə ayaqqabı və kompyuter ticarəti ilə başlayıb
Prezident İlham Əliyevlə qohum olana qədər rusiyalı milyonçu Araz Ağalarovu azərbaycanlılar daha çox «Forbes» jurnalının üz qabığındakı şəkillərindən və qazandığı pullar haqqında oxuduğu məlumatlardan tanıyırdılar. «Forbes» jurnalı yazırdı ki, A.Ağalarovun kapitalı 2005-ci ildə 300 milyon dollardan çox olub.

Oğlu Emil Ağalarov prezident İlham Əliyevin qızı ilə ailə qurandan sonrasa yerli telekanallarda və hökumətə yaxın mətbuatda Araz Ağalarovun gördüyü işlər haqqında daha çox danışılmağa başlandı.

Araz İsgəndər oğlu Ağalarov 1955-ci ildə Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. Elə həmin il Moskvaya gedib və orda aspiranturaya daxil olub. 1980-ci illərin sonlarından Moskvada bizneslə məşğul olmağa başlayıb. Biznesinə isə ayaqqabı və kompyuter ticarəti ilə başlayıb. Bundan sonra işini genişləndirib və lüks malların satışı ilə məşğul olub. Sərgi mərkəzi açıb. 1989-cu ildə isə «Krokus İnternəşnl» şirkətini təsis edib.

«Krokus Siti» ticarət-sərgi kompleksinə, «Sənin Evin» super marketinə, «Krokus Moskva» mağazalar şəbəkəsinə, «Sergio Rossi», «Charles Jordan», «Les Corains», «Emanuel Ungaro», «Le Silla» və s. kimi butiklərə malikdir.

A.Ağalarovun vitse-prezidenti olduğu Ümumrusiya Azərbaycan Konqresi Rusiyadakı azərbaycanlıların ən böyük və nüfuzlu təşkilatı sayılır. Bu təşkilat Rusiya və Azərbaycan arasında ticarət əlaqələrinin möhkəmlənməsinə, birgə iri iqtisadi və sosial layihələrin gerçəkləşməsinə yardım göstərir.

Azərbaycanda isə son illərə qədər Ağalarovun geniş biznesi olmamışdı. Son illərdə isə Abşeronda turizm mərkəzi açacağı haqqında söhbətlər gəzirdi. Keçən yay bu reallaşdı. A.Ağalarov bildirdi ki, o, Nardaranla Pirşağı arasında yerləşəcək kurort zonasının yaradılmasına 1 milyard dollar sərmayə qoyacaq. Bu qəsəbələr arasında yerləşən Ləhiş bağlarının sakinləri isə narazı idilər. Onlar deyirdilər ki, ata-baba yurdlarını su qiymətinə əllərindən almaq istəyirlər. Kürdəxanı sakini Ailə Bağbanqızı onlardan biridir:
«Deyirlər ki, İlham Əliyevin qudası kompleks tikəcək. Gəlib ölçüblər də. Axı bura bizim torpaqlarımızdır».

«Krokus-Azərbaycan» şirkətinin direktoru Samir Yusifov isə deyir ki, işlər qaydasında gedir:

«Hər şey lazımı qaydada yoluna qoyulub».

Bakı Dirçəliş İttifaqı İctimai Birliyinin sədri Abbasağa Məmmədov isə Araz Ağalarovun bu ərazidə tikinti həyata keçirməsinin Abşeronun inkişafına yardım göstərəcəyini düşünür:

«Neçə illərdir o ərazilərdə qumsallıq pis vəziyyətə salınmışdı. Sahibkarlardan müxtəlif təkliflər gəlirdi. Araz Ağalarov orda tikinti aparırsa, bu yaxşıdır, təki belə işlər çox olsun. Çünki Abşeron ərazisi çox pis vəziyyətdə idi. Məlumatıma görə, indi orda nəinki ərazi, dənizin özü belə təmizlənir. Turizm mərkəzinin açılması həm də yerli əhali üçün iş yeridir».

A.Ağalarovun oğlu Emin Ağalarov isə Nardaranda turizmlə bağlı tikintiylə məşğuldur. Bu işi «Nardaran İnvest» şirkətinin SİBRİS layihəsi həyata keçirir. Layihənin rəhbəri Gündüz Kərimov ərazidə işlərin uğurlu getməsindən danışır, qoyulan sərmayə haqqında isə məlumat vermir:

«Tikinti davam edir. Yaxşı nəticələr gözləyirik. Nə qədər investisiya qoyulması həm məxfidir, həm də maliyyə böhranı nəzərə alınaraq sərmayələr yenidən qiymətləndirilir».

Oğlu Emil Ağalarov prezident İlham Əliyevin qızı ilə ailə qurandan sonrasa yerli telekanallarda və hökumətə yaxın mətbuatda Araz Ağalarovun gördüyü işlər haqqında daha çox danışılmağa başlandı
İqtisadçılar deyirlər ki, qlobal maliyyə böhranı böyük iş adamlarına mənfi təsir göstərir. Çünki böhranın təsiri özünü daha çox istehsal və xidmət sektorunda hiss etdirir. Nəticədə nüfuzlu sahibkarlar iş yerlərini bağlamağa, istehsalın həcmini azaltmağa məcbur olurlar.

SİBRİS layihəsinin rəhbəri Gündüz Kərimov:

«Bizə çox cüzi təsir göstərir. Ancaq əlbəttə, bu böhran hamıya toxunur. Layihələrimiz davam edir».

«Krokus-Azərbaycan» şirkətinin direktoru Samir Yusifovsa deyir ki, böhran onlara toxunmayıb.

İqtisadçı Azər Mehtiyev isə deyir ki, dünyadakı böhran bütün iş adamlarına mənfi təsir göstərir. Həmin şəxs İlham Əliyevin qudası olsa belə:

«Böhran kimin kimin qohumu olmasını nəzərə almır. Müəyyən əlaqələr, yaxınlıq işin gedişinə, itkilərin az olmasına təsir göstərə bilər. Ancaq böhranın vurduğu ziyan insanların kimliyinə baxmır. Böyük milyardları olan adam bir günün içində müflis ola bilər. Hər şey həmin şəxsin kimə yaxın olmasından yox, istehsalın diversifikasiyasından, nə qədər müxtəlif sahələrdə işlə məşğul olmasından asılıdır. Böhran vaxtı o adamlar udur ki, əllərindəki vəsaiti ən müxtəlif işlərə qoyurlar. Bir sahədən olan itki o biri sahədəki gəlirlə kompensasiya olunur. Bu baxımdan Araz Ağalarovun istehsalı kifayət qədər difersifikasiya olunub. Həm müxtəlif ölkələrdə fəaliyyət göstərir, həm də istehsal sahələri həddindən artıq genişdir. Bu da ona imkan verir ki, indiki şəraitdə mümkün qədər az itkilərlə vəziyyətdən çıxsın».

Araz Ağalarov sonuncu müsahibələrinin birində isə deyib ki, indi Bakıda iş görməyə daha böyük imkanlar var:

«Mən gənc sahibkarlara Moskvaya gəlməməyi məsləhət görürəm. Zəmanə dəyişib. Moskvanın yüksəliş dövrü artıq keçmişdə qalıb. Əvvəllər iri bazarlarda, yaxud xırda mağazalarda və ya kababxanalarda asanlıqla pul qazanmaq olurdusa, indi bu, demək olar ki, mümkün deyil. Nyu-York, London, Honqkonqda olduğu kimi, Moskvada da biznesə başlamaq çox çətindir. Bu sahədə bacarıqlı olmaqla yanaşı həm də rəqiblərindən fərqlənmək üçün yeniliklər fikirləşib tapmalısan. İndi bazara girib uğur qazanmaq, özünü təsdiqləmək hər adamın hünəri deyil. Bakıda isə əksinə, biznesdə yüksəliş dövrü yaşanır. Bacarığı və müəyyən qədər kapitalı olan insan öz sərmayəsini uğurla Bakıda yatıra bilər».

A.Ağalarov 2006-ci ildə Azərbaycanın ali mükafatlarından olan «Tərəqqi» medalı ilə təltif olunub. Bu medal Azərbaycan Respublikasının inkişafında müstəsna xidmətləri olan şəxslərə verilir. Müşahidəçilər deyirlər ki, İlham Əliyev əslində bu medalı qohumuna hədiyyə edib.

Araz Ağalarova yaxın mənbələr onu da deyirlər ki, ayda bir dəfə Bakıda yaşayan anasına baş çəkməyə gəlir.
XS
SM
MD
LG