Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:59

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (4)


əvvəli

“İltifatınız artıq olsun,” -- dedim. -- “Siz lütfәn bizә bir yaxşı yemәkxana göstәrin, özünüz dә bu gün bizimlә bir yerdә nahar etsәniz bizi minnәtdar etmiş olarsınız.”

Bizi bir dükana apardı. Doğrudan da, olduqca tәmiz vә sәliqәli bir yemәkxana idi. Tiflisdәki yemәkxanaların әksinә, burada hәr şey öz qaydasında idi. Söhbәt әsnasında soruşdum:

“O ingilis nәçidir, sizә nә deyirdi?”

Dedi:

“Bu adam İngiltәrә kompaniyasının nümayәndәsidir. Tehrana gәlibdir ki, İran dövlәtindәn bir sıra imtiyazlar alsın vә mәdәnlәrin ixtiyaratını әlә keçirsin. Bayaq deyirdi ki, mәsәlә baş tutubdur, imtiyazları almışam. Guya sәdr-әzәmә otuz min tümәn bığ-yağı vermiş, şahın payına düşәn hissә hәlә mәlum deyil.”

“Siz ingilis dilini harada öyrәnmişsiniz?” -- deyә soruşdum.

Cavab verdi:

“Bir müddәt Bombeydә olmuşam, orada öyrәnmişәm.”

Bir yerdә nahar elәdikdәn sonra dedim:

“Bizә qarşı göstәrdiyiniz iltifatınızı tәkmillәşdirmәk üçün rica edirәm bir qәdәr dә söhbәt elәmәk üçün bizim mәnzilә tәşrif gәtirәsiniz.”

Qәbul elәdi. Birlikdә mәnzilә getdik. Söhbәt әsnasında bizim sәfәrimizin sәbәbini soruşdu. Mәnim adımı-sanımı, әslimi-nәsәbimi öyrәnmәk istәdi. Dedim:

“Әslim İrandandır, Misirdә anadan olmuşam. Adım İbrahimdir. Misirdәn müqәddәs Mәşhәdi ziyarәt etmәk әzmilә çıxıb oradan da İranı sәyahәt etmәk mәqsәdilә bu şәhәrә gәlmişәm.”

Mәn dә onun adını vә harada anadan olduğunu soruşdum, dedi:

“Adım Mәşәdi Hәsәndir. Ancaq hamı mәni Hәsәn Kirmani deyә çağırır.”

Dedim:

“Sizdәn artıq dәrәcәdә tәvәqqe edirәm ki, bu şәhәrdә qalacağımız bu neçә gündә bizi unutmayıb, qәribnәvazlıq edәsiniz.”

“Gözüm üstә,” -- dedi. -- “Ancaq buyurun görәk Tehrana gәlmәkdәn mәqsәdiniz nәdir?”

“Elә bir mәqsәdim yoxdur. Doğrusunu desәm, istәyirәm bu mәmlәkәtin vәzirlәrindәn bir neçәsi ilә görüşüm, bir para mәsәlәlәri onların hüzuruna çatdırım. Ancaq bilmirәm bu bağlı qapının açarı kimdәdir. Mәqsәdimә çatmaq üçün hansı vasitәyә әl atmalı olduğumu da bilmirәm.”

“Olmaya әrizәdәn-zaddan vermәk istәyirsәn,” -- deyә soruşdu.

“Yox,” -- dedim. -- “Onların özünü görüb bir para deyilmәli mәtlәblәri onlara şәxsәn söylәmәk istәyirәm.”

“Doğrusu, elә bir vasitәni mәn dә bilmirәm. Әgәr müәyyәn bir iş üçün vasitәçilik vә ya xahiş lazım olsa idi düzәldә bilәrdim. Amma sәnin qolundan tutub vәzirlәrlә diz-dizә oturda bilәn bir adam tanıyıram.”

“Vasitәçi vә ya xahiş üçün münasib bildiyin adam kimdir, adı nәdir?”

“Sәnin onun ad-sanı ilә işin olmasın. Mәnimlә çox yaxın dostluğu var. Bütün vәzirlәr vә dövlәt adamları onun xatirini istәyirlәr. Mәmlәkәtin hәmәkarәsidir. Hal-hazırda Tehranda müәyyәn bir iş üçün hәr kәsә vasitәçi lazım olsa mәnә müraciәt edir. Mәn dә on-on iki tümәn alıb vasitәçini tapıram. O da o işi yerbәyer edir. Bu işdәn әlә gәlәn mәdaxilin onda birini dә mәnә verir.”

Bu xәbәr mәni artıq dәrәcәdә sevindirdi.

“Dostum, mәn sәnә ikicә tümәn nәqd verәrәm,” -- dedim, -- “o adama da hәr neçә lazımdır verәrәm. Sәnin heç nәynәn işin olmasın, ancaq onu mәnә göstәr, vәssәlam.”

“Gözüm üstә,” -- dedi. -- “Amma gәrәk әvvәlcә ona xәbәr verәm. Qәbul edәrsә, sabah gedәrik yanına. Onu da sәnә deyim ki, arxayın ol, qәbul edәcәk. Çünki özü yaxşı adamdır, türkdür. Türklәrin xatirini dә çox istәyir. Zarafatçı, әhli-zövq, tәvazökar adamdır. Özünü çәkmәk onun mәzhәbindә küfr hesab olunur.”

Әlqәrәz, ağa Mәşәdi Hәsәn Kirmani getdi. Sabahısı gün gәlib dedi:

“O vasitәçini görüb işlәri düzәltmişәm. Bismillah, buyurun gedәk yanına.”

Durub getdik. Çoxlu yol gәldikdәn sonra qaranlıq bir döngәyә çatdıq. Elә burada mәni vahimә basdı. Özümü mәzәmmәt elәdim ki, nә üçün tәk gәldim, Yusif әmini özümlә gәtirmәdim. Allaha tәvәkkül deyib, döngәyә daxil oldum. Lap sonunadәk getdim. Mәşәdi Hәsәn qapını taqqıldatdı. Qapını açdılar. Altmış-yetmiş yaşlarında olan bir qoca kişi gördüm. Başında dövrәsinә bir fitә sәrinmiş keçә papağı var idi, saqqalı qırmızı, sifәti qara idi. Fәlәk başına qәm külü әlәmiş, bütün dişlәri tökülmüşdü. Ölgün gözlәri, sönük baxışları var idi. Paltarı o qәdәr kirli idi ki, parçasının әvvәlcә nә rәngdә olduğu mәlum deyildi. Mәşәdi Hәsәn qocadan soruşdu:

“Hacıxan evdәdirmi?”

Qoca cavab verdi:

“Bәli, buyurun, sizi gözlәyir.”

Otağa çıxan pillәlәrә ayaq basan kimi arağın qoxusundan az qaldı beynim partlasın. Evin dәhlizinә heç deyәsәn nuh әyyamından süpürgә dәymәmişdi. Zibilliyә oxşayırdı. Otağın qapısına gәlib çatdıq. Qoca pәrdәni qaldırdı: kimi görsәm yaxşıdır?--Gördüm mәşhur molla Hacı Mәmmәdәli yuxarı başda ağır-ağır özünü çәkib әylәşibdir. O da, mәn dә bir-birimizi görcәk heyran qaldıq. İkimiz dә bir-birimizi tanıdıq. Heyrәtim o dәrәcәdә şiddәtli idi ki, salamı da unutdum. Dedim:

"Gәdә, molla, sәn hara, bura hara, lәvәndxan olmusan?!"

Onu da böht aparmışdı. Lakin zirәkliyindәn tez özünü әlә alıb, ucadan dedi:

“Bah, İbrahim bәy, xoş gәlmisiniz, sәfa gәtirmisiniz, buyurun, buyurun.”

Yerindәn dik qalxıb mәnә tәrәf әl uzatdı. Görüşdük, qucaqlaşıb öpüşdük, ancaq mәn türkcә danışdıqca o özünü farslığa vururdu. Mәn onu şeytan atından salmaq istәyirdim, o düşmәk istәmirdi. Nәhayәt, saqqal tutub mәnә işarә ilә bildirdi ki, mәn ölüm, mәni zay elәmә, ovcumu açma.

Gördüm Mәşәdi Hәsәndәn utanır, onun yanında qәdir-qiymәtdәn düşmәk istәmir. Mәn dә sözümü dәyişdim. "Әrz elәyirәm", "buyurursunuz", "mübarәk başınıza and olsun", "cәnabınız buyurun" demәyә başladım. Mollanın nәfәsi açıldı, bir qәdәr rahatlaşdı, tәzәdәn özünü tutdu, kef-әhval soruşdu, Misirdәn xәbәr aldı:

“Misrin hakimi konsulla necә rәftar edir? Şübhәsiz ki, İstambulda sәfiri gördünüz, necәdir? Tiflisdә hakim yenә qraf Şeremetyevdirmi? Çox yaxın dostuq. Osmanlı konsulu Xәlil әfәndi yenә dә ordadırmı? Çox nәcib, alicәnab adamdır. İranlıların ticarәti oralarda nә vәziyyәtdәdir?...”

Bütün bu suallara әdәblә cavab verdim. Hәr nә deyirdisә tәsdiq elәyib deyirdim: "Bәli, cәnab Hacıxan, mübarәk başınıza and olsun, belәdir ki, var". Bu minvalla yarım saata yaxın söhbәt elәdik. İzin alıb getmәk istәdim. Әdәblә baş әyib yola düşdüm. Otaqdan çıxandan sonra mәni sәslәdi. Mәn qayıtdım. Mәşәdi Hәsәn dayanıb mәni gözlәdi. Hacıxan ağzını qulağıma tutub dedi:

“Sabah gecә gәlin bura, xudmani oturub mәhrәmanә söhbәt elәrik, razu-niyaz, dәrdi-dil edәrik. Şamı da bir yerdə yeyәrik.”

“Gözüm üstә, icazә versәniz Yusif әmini dә gәtirәrәm.”

“Daha gözәl, onu da gәtir,” -- dedi.

Bu dәfә: -- “allah amanında,” -- deyib çıxdım.

Bazaradәk gәldik. Mәn Mәşәdi Hәsәnә dedim:

“Siz buyurun tәşrif aparın. Sabah da zәhmәt çәkmәyin. Biz hamama-zada gedәcәyik.”

Mәn daha ona demәdim ki, Hacıxan bizim vәdәmizi alıb. Mәnzilә qayıtdım: gözlәyirdim ki, sabah şam vaxtı tez gәlib çatsın vә Hacıxanın evinә gedim, görüm o molla Hacı Mәmmәdәli haradan xan olub, nә vaxtdan camaatın müraciәt etdiyi adam olub.

Oxucuları agah etmәk üçün burada molla Hacı Mәmmәdәlinin sәrgüzәşti vә onunla ilk tanışlığım haqqında, müxtәsәr dә olsa, mәlumat vermәliyәm. Qoy onlar da bilsinlәr ki, bu gün mәn bu evә gәlәndә kimә tәzim elәmişәm, oradan çıxanda kimә baş әyib getmәk üçün izin almışam.

Günlәrin birindә mәrhum atamın xidmәtindә әylәşmişdim. Gördüm Misir torpağının limanından, yәni İskәndәriyyәdәn atamın adına bu mәzmunda bir teleqram gәldi: "Sizin ziyarәtinizә gәlmәk istәyirik, Misirdә tәşrifiniz vardırsa vә bir maneә yoxdursa cavab verin. İmza: Cәfәr Tәbrizi".

Mәrhum atam dedi: Bu şәxs mәnim hörmәtli dostlarımdandır. Ola bilsin allahın evini ziyarәt etmәyә gedir. Cavabda yazın ki, tәşrif gәtirin, gözlәyirәm. Yazdım. Axşamçağı qonağı qarşılamaq üçün dәmiryol vağzalına getdim. Qatar gәlib çatdı. Mәlum oldu ki, qonaq tәk deyilmiş, dörd nәfәrdirlәr. Onlardan biri dә hәmin molla Mәhәmmәdәli idi. Hәzәrat yolda darıxmamaq vә sәfәri xoş keçirmәk üçün onun bütün xәrcini öhdәlәrinә götürüb, özlәri ilә yol yoldaşı elәmişdilәr. Guya onunla İstambulda rastlaşmışdılar.

Doğrudan da, molla Mәmmәdәli olduqca hazırcavab, xoşsöhbәt, gözәl xasiyyәtli vә zarafatçı bir adam idi. Bәzi әhvalatları o qәdәr yerli-yataqlı söylәyirdi ki, hamını valeh edirdi. Günlәrin birindә öz başına gәlәn macәralardan birini nağıl elәdi. Hamı heyran qaldı. Deyirdi ki, bir dәfә Azәrbaycan tacirlәrindәn biri mәnә altmış top qanovuz verdi ki, aparıb Tiflisdә әridim. Mәn malı götürüb Tiflisә yollandım. Tiflisә çatmağımdan iki hәftә sonra tacirdәn mәktub gәldi. Yazmışdı ki, pula ehtiyacım var. Mәktubu alan kimi yüz imperialın baratını alıb göndәr. Baratın harada satıldığını soruşdum. Dedilәr: filankәs baratçıdır. Onun yanına getdim. Dedim: Hacı, yüz imperiallıq barat istәyirәm. O da dinməz-söylәmәz yazıb verdi. Ona görә ki, o vaxt Tiflisdә hamı bir-birinә inanır, etibar elәyirdi. Bir-iki hәftә üçün nisyә barat verirdilәr. Bir hәftә keçmәmiş gördüm yenә dә әrbabdan kağız gәldi. Bu dәfә dә yüz imperial barat istәyirdi. Yenә dә baratçı tacirin yanına gedib yüz imperiallıq barat alıb göndәrdim. Bu hadisәdәn bir neçә gün keçdi. Birdәn gördüm Hacının adamı gәlib baratların pulunu tәlәb etdi. Mәn dedim: әlimdә nәqd pul yoxdur, gәrәk qanovuzları satam, sonra borcumu verәm. Tәlәbkar hirslәndi, çoxlu söz-söhbәtdәn sonra qanovuzları әlimdәn dartıb apardı. Neçә vaxtdan sonra mәni Tәbrizә çağırdılar. Getdim. Әrbab kef-әhval soruşandan sonra dedi:

“Hәr nә pul gәtirmisәn say bura.”

Dedim:

“Pul-mul yoxdur.”

Nisyә barat almağımı, baratçının adamlarının gәlib qanovuzları girov götürmәsini olduğu kimi nәql elәdim. Kişi dәli kimi bağırdı, durub hakimin yanına qaçdı. Mәnim әlimdәn şikayәt elәdi. Hakim mәhkәmә qurdu. Neçә dәfә mәclis quruldu, mәndәn dәftәr istәdilәr. Dedim: baba, dәftәr harada idi. İki dәfә barat alıb buraya göndәrmişәm, mәnim apardığım da bir qәlәm mal idi. Onu da barat sahibi zorla әlimdәn alıb apardı. Bütün bu haqq-hesab bir tikә kağızda yazılmışdı. Heç bilmirәm bu keşmәkeşdә necә oldu.

Mәclisdә iştirak edәn xeyirxah barışdırıcılar o saat yazıb hökm çıxardılar: "Molla Mәmmәdәli ticarәt dәftәrini itirdiyini etiraf elәdi". Surәti-mәclisi hakimin yanına apardılar. Hakim Tәbrizdә deyildi. Onun hәlә üzünün tükü çıxmamış cavan oğlu "naibülökumә" ünvanı ilә atasının yerindә oturub hökmranlıq edirdi. Mәni onun hüzuruna apardılar. Pәncәrә qabağında hakimә baş әyib әrzimi çatdırmaq istәdim. Hakim dedi:

“Oğlan, deyirlәr sәn dәftәr itirmisәn?”

Dedim:

“Qurbanın olum, dәftәr-zad itirmәmişәm.”

Mәnә qulaq asmadı. Dedi:

“Aparın saxlayın!”

Mәni çәkib apardılar. Fәrraşbaşı qardaşımla tanış idi. Dedi:

“O qәdәr dә müqәssir deyil, otaqda saxlayın.”

Apardılar. Zindanın qapısına çatdıq. Gördüm dustaqban zәncir, kündә hazırlayır. Fәrraş dedi:

“Zәhmәt çәkmәyin, fәrraşbaşı buyurub otaqda saxlayasınız. O qәdәr dә müqәssir deyil.”

Dustaqban anladı ki, mәndәn ona heç bir yağ düşmәyәcәk. Ona görә dә hirsindәn mәnә bir içim su da vermirdi. Qardaşım hәr vaxt yemәk gәtirәndә ona deyirdim su da gәtirsin. Bu minvalla dörd gün dustaq qaldım. Beşinci gün pәncәrәnin yanında әylәşmişdim. Gördüm mәnimlә tanış olan tacirlәrdәn biri şahzadә hakimin yanına gedir. Mәni görcәk dedi:

"Gәdә, molla, burada nә işin var?"

Dedim:

“Nә bilim, gәtirib buraya salıblar, heç özüm dә bilmirәm tәqsirim nәdir.”

Bir söz demәdi, ötüb getdi. Düşünürdüm ki, bu adam hakimin dostudur, ola bilsin ki, mәnim haqqımda da bir xahiş elәr. Gördüm qayıtdı, pәncәrәnin yanından düz keçib getdi. Mәnә heç bir söz demәdi. Sonra mәlum oldu ki, şahzadәyә deyibdir ki, dustaqların içindә bir nәfәr var, çox mәzәli adamdır, onun söhbәtindәn qafil olmayın, mәğbun olarsınız.

O adamın qayıtmasından bir az keçmәmiş hakimin qulluqçusu gәlib mәni çağırdı. Hakimin yanına apardı. Hakim mәni yuxarı başa çağırdı. Gedib yanında baş әyib dayandım. Şahzadә dedi:

“Oğlan, eşitmişәm sәnin yaxşı mәzәli söhbәtlәrin var.”

Dedim:

“Nә әrz elәyim?”

Dedi:

“Necә ki, nә әrz elәyim?”

Yenә dә dedim:

“Nә әrz elәyim?...”

Mәn başladım onun üçün yekә-yekә әhvalatlardan danışmağa. Avropadan girdim, Amerikadan çıxdım. Dövlәtlәrin siyasәtindәn söhbәt açdım. Avropalıların tәzә elmi kәşflәrindәn, London, Paris şәhәrlәrinin әzәmәtindәn xәbәr verdim. Hey yalan idi ki, әtәk dolusu, xırman-xırman mәclisә daşıyırdım. Dövrәdә oturanlar da ağızlarını açıb mat-mat mәhә baxırdılar. Dörd gündә bizim işimiz yalan-palan demәk oldu. Nәhayәt, şahzadәyә dedim:

“Әgәr izin versәniz, gedib qardaşımı gәtirәrәm, öz yerimә dustaqda oturtduraram, özüm o tacirin yanına gedib bir dil taparam.”

Şahzadә razı oldu. Qardaşımı gәtirib orada qoydum. Özüm hәr yerә qaçdım, hәr bir qapını döydüm. Nәhayәt, işi bir tәhәr yoluna salıb, özümü vә qardaşımı xilas etdim. Bir hәftәdәn sonra yenә dә Tiflisә getmәk havası başıma vurdu. Evdә olan-qalan mis qazan-kәfkiri satıb, yol pulu düzәltdim. Tәzkirә dә aldım. Axşamüstü gördüm kәtxudanın adamı gәlib dedi:

“Sizi ağa istәyir.”

Birgә getdik kәtxudanın yanına, salam verdim. Gülәr üzlә salamımı alıb dedi:

“Ağa molla Mәmmәdәli, xoş görmüşük, buyur yuxarı!”

Oturmaq icazәsi verib, xoş-beşdәn sonra dedi:

“Bu gün eşitdim ki, sizi tutub aparıblar, ayrı mәhәllәdә dustaq oturdublar. Bәs sәni müqәssir qәlәmә veriblәr, nә üçün mәnә xәbәr vermәmisәn ki, onların atasının goruna od vuraydım. Allah sәnin atana qәni-qәni rәhmәt elәsin. O kişi bizim mәhәllәmizin sütunu idi. Onun kimi yaxşı adam az tapılar. Mәnim boynumda bir alәm haqqı var. Xeyr-xeyr, ağa molla Mәmmәdәli, mәn necә razı ola bilәrәm ki, sәnә zülm elәsinlәr. Gәrәk indi özüm bu işә әvvәldәn yetişib sәrәncam verәm.”

Әrz elәdim ki:

“Allah sizin kölgәnizi bizim başımızdan әskik elәmәsin. Daha bir iş idi olub-keçib.”

Kәtxuda tez sözümün arasına girdi:

“Yox-yox, ola bilmәz. Necә ki, mәnim mәhәllәmdәn sәnin kimi әsil-nәcabәtli bir adamı aparıb müqәssir qәlәmә versinlәr, başqa bir mәhәllәdә dama bassınlar?! Gәrәk atalarını yandırım. Mәn belә bir biabırçılığa dözә bilmәrәm.”

Kәtxuda qırsaqqız olub yapışdı canıma.

Dedim:

“Möhtәrәm kәtxuda, allah sizin ömrünüzü uzun elәsin. Әrz elәdim ki, bir iş idi olub-keçib. Mәn dә artıq tәzkirә almışam, sabah Tiflisә yola düşürәm....”

Hәlә sözümü qurtarmamışdım ki, kәtxuda son dәrәcә qәzәbli halda dikәlib, yerindәcә şax oturdu, sonra dedi:

“Necә, nә dedin? Tiflisә gedәcәksәn? Qәlәt elәycәksәn, anası ... köpәk oğlu, bütün şәhәri doyurdun, indi bizә çatanda әllәrini göyә qaldırıb dua oxuyursan?! Sәn mәni nә hesab elәyirsәn? Köpәk oğlu, mәn sәnin üçün bәyәm ölü at kәllәsiyәm ki, bostanda asasan?! Atanı elә yandırım ki, özün әhsәn deyәsәn.”

Bәli, bizi sürüyә-sürüyә çәkib apardılar kәtxudanın dustağına. Yazıq anam xәbәr tutan kimi evin әsasiyәsindәn bir neçә şey dәyәr-dәymәzinә satıb, kәtxudaya peşkәş verdi, mәni xilas elәdi. Zindandan çıxan günün sabahı Tәbrizә әbәdi olaraq әlvida dedim. Tiflisә getdim. Bugünәdәk dә üzümü Tәbrizә tәrәf çevirmәmişәm.

Molla bu kimi hekayә vә macәralardan çox bilirdi. Mәclislәrdә onları nәql etmәklә camaatı özünә cәlb edirdi. Elә mәhz bu "sәrmayә" ilә dә gününü onun-bunun mәclisindә keçirәr, başını bir tәhәr girlәyәr, yemәk-içmәyini müftә salardı. Onun başına hәtta süfrә başında da minbir oyun açar, onunla cürbәcür zarafatlar elәyәrdilәr. Ancaq o, әsla incimәz, hamısına dözәr, mәclisi qızışdırar vә gecә-gündüzünü bu minvalla keçirәrdi.

Bir neçә kәlmә dә bu möhtәrәm şәxsin görkәmi haqqında deyim: Әvvәla, başı lap qulaqlarının dibinә kimi keçәl idi. Xırdaca gözlәri görmә qabiliyyәti cәhәtcә elә zәif idi ki, özündәn on addım uzağı görә bilmәzdi. Kobud, iyrәnc dişlәri o qәdәr qabağa gәlmişdi ki, ağzında görünürdü. Qalın dodaqları, şişman qarnı var idi. Boyu gödәk idi. Bütün bunlarla birlikdә dili dә bir qәdәr pәltәk idi. Bәli, onun cismani tәsviri belә idi. Xüsusi xasiyyәtlәrinә gәldikdә demәliyik ki, hәmişә sәrxoş, etiqadı süst, nәmәkbәharam vә dәyanәtsiz bir adam idi. Әslindә özgәlәrin süfrәsi başında qarın otaran adamlar ümumiyyәtlә yaltaq, ikiüzlü vә alçaq olurlar. Bәli, tәrifini qısaca şәrh etdiyim belә bir cәnab İranda "Hacıxan" olub camaatın әrizәsinә baxır, işini düzәldir!

O gün heç bir işim olmadığına görә bir üzdәn dәqiqәlәri sayırdım. Görüş vaxtı nә zaman gәlib çatacaq ki, gedib onunla görüşüm; birdәn-birә necә xanlıq rütbәsi aldığını, dövlәt vә millәt qarşısında nә kimi xidmәtlәr göstәrdiyi üçün belә böyük ada layiq olduğunu öyrәnmәk istәyirdim.

Gecәni min cür fikir-xәyalla sәhәrә çatdırdım. Sәhәr tezdәn Yusif әmiyә dedim:

“Bu gün Şah Әbdülәzimin ziyarәtinә gedәcәyik. Gecәni dә bir yerdә qonaq olacağıq.”

Yusif әmi soruşdu:

“Harada qonağıq?”

“Bir nәfәr xanın evindә qonağıq,” -- dedim. -- “Sәn özün dә onu tanıyırsan. Amma adını demәyәcәyәm, özün görüb tanıyarsan.”

Yusif әmi nә qәdәr tәkid etdisә dә bizi dәvәt edәn şәxsin adını söylәmәdim. Mәnzildәn dәmir yol vağzalınadәk piyada getdik. Yeddi mildәn az olan Şah Әbdülәzim yolu bütün İran mәmlәkәtindә yeganә dәmir yoludur. Onu da bir Belçika şirkәti çәkmişdir. Hәrçәnd ki, son dәrәcәdә nizamsızdır, amma yenә dә evi abad olsun ki, eşşәyә minib getmәkdәn min dәfә yaxşıdır. Bircә saatın әrzindә mәqsәdә çatıb, o müqәddәs mәkanın ziyarәtinә nail olduq. Namaz qılandan sonra o müqәddәs türbәyә tamaşa etdik. Bu mәqbәrә mәnәvi ülviyyәtә malik olmaqdan әlavә әzәmәtli vә gözәl şәkildә tikilmişdir. Bu, memarlıq, aynabәndlik vә tәmizlik cәhәtdәn İranda ziyarәt edib qәlbәn şad olduğum ilk ibadәtgahdır. Bir qәdәr әylәşdik, vaxtımızı dua vә quran oxumaqla keçirdik. Nahar çağı oradan bazara çıxıb, bir baqqal dükanından bal-qaymaq alıb yedik. Axşamüstü yenә dә dәmir yol qatarı ilә şәhәrә qayıtdıq. Şәhәrdә bazarları vә karvansaraları gәzib seyr etdik. Çarsu vә bazarlar pis deyil. Karvansaraların da binaları gözәl vә abaddır. Amma heç bir yerdә bu kimi böyük şәhәrlәrin ticarәtinin tәrәqqisinә vә әzәmәtinә sәbәb olan kompanilәr, şirkәtlәr, banklar vә kontorlara rast gәlmәdik. Şәhәr ticarәt nöqteyi-nәzәrindәn elә bil matәmә batmışdı. Bir para sәrraf dükanları gözә dәyirdi. Ola bilsin ki, onların bәzisi varlı-karlı idi. Amma hamıdan çox gördüyümüz kisә-kisә, xırman-xırman qara pul idi ki, ayaq tutub bazarda yeriyirdi. Ancaq qızıl pul kimya hökmündә idi. Bütün şәhәrdә nümunә üçün dә olsa ondan iz-әsәr görmәdik. Görünür, ya әslәn yoxdur, olsa da sandıqların tәkindә vә ya torpağın altındadır.

Vәtәnin tәrәqqisi vә islahı haqqında heç kәs düşünmür. Kiçikdәn böyüyә, varlıdan kasıba, alimdәn cahilәdәk hamı öz fikrindәdir. Hәr kәs öz eşşәyini otarır. Heç kәs başqasının hayına qalmır. Bir nәfәr belә vәtәn vә övladi-vәtәnin müştәrәk mәnafeyindәn danışmır. Sanki bu onların heç vәtәni deyil, ya da ki, onlar bir-birlәri ilә hәmvәtәn deyillәr.

Ancaq ürәk açan bir şey varsa o da Tehranın küçә-bazarında görünәn hәrbçilәrdir. Hәlә buraya gәlәnәdәk İranın heç bir yerindә hәrbi paltar geymiş adam görmәmişdik. Süvarilәr, topçular, hәtta teleqraf qulluqçularının xüsusi hәrbi paltarları vardır. Xüsusilә kazaklar vә onların zabitlәri tamamilә rus kazakları kimi geyinmişdilәr. Amma deyildiyinә görә bunlar bircә fövcdur.

Hava tamamilә qaranlıqlaşırdı. Yusif әmiyә dedim:

“Vәdә verdiyimiz yerә getmәk vaxtıdır.”

Hacıxanın evinә çatan kimi qapını döydük, Hacıxan özü qapıya gәldi:

“Buyurun,” -- dedi.

Mәn iki dәfә salam verdim. Hacıxan soruşdu:

“Bәs iki dәfә nә üçün salam verirsәn?”

“Biri dünәnki salamın qәzasıdır,” -- dedim. -- “Çünki dünәn sizi görәn kimn özümü elә itirdim ki, salam yadımdan çıxdı.”

Hacıxan güldü. Yuxarı çıxdıq, amma Yusif әmi dünәn mәn özümü itirdiyim kimi çaşbaş qalmış, dәrin xәyala dalmışdı. Nәhayәt, mәnim qulağıma dedi:

“Bu kişi filan tarixdә Misirdә qonağımız olan molla Mәmmәdәli deyilmi?”

“Bәli,” -- dedim, -- “özüdür ki, var. Eşşәk haman eşşәkdir, ancaq palanını dәyişmişdir.”

Bu sözlәri molla Mәmmәdәli özü dә eşitdi. Qarnını tutub ucadan güldü. Dili pәltәk vura-vura Yusif әminin kefini soruşdu:

“U ... U ... Usuf ağa, maşallah heç dәyişilmәmişsiniz. Elә hә ... hә ... hәmәn o vaxt gördüyüm Usuf ağasınız.”

Xoş-beşdәn sonra әylәşdik. Çay gәtirdilәr, içdik. Hacıxan dedi:

“Ya ... ya ... ya ... yaxşı, indi buyurun görәk, haradan gәlir, haraya gedirsiniz. Siz hara, Tehran hara?”

Dedim:

“Mәn, әlbәttә, öz başımın qәzavü-qәdәrini söylәyәcәyәm, amma sәn allah, әvvәl sәn de görüm bu nә әhvalatdır, sәn hara, xanlıq hara?!”

“Mәnim sәrgüzәştim çox uzundur, ancaq qısaca desәm budur ki, Mәkkәdәn qayıdandan sonra Tiflisә getdim. İki-üç il, o vaxt gördüyünüz kimi, yersiz, yurdsuz, lağlağılıqla başımı girlәdim. Amma özümü oda-közә vurub, iki-üç yuz manat pul yığa bildim. Hәmişә düşünürdüm ki, özümü bir tәhәr Tehrana sala bilsәm işim yaxşı tutar. Çünki İranın bәzi dövlәt başçıları ilә gahdan bir olan görüşlәrimdә mәnә yәqin hasil olmuşdu ki, söhbәtlәrimә böyük rәğbәt göstәrәcәklәr. Elә bu xәyalda idim ki, bәxtim üzümә gülümsәdi. Şahın hәrәmsәrası nәdimәlәrindәn birinin Avropada müalicә olunub İrana qayıdarkәn Tiflisә gәldiyini eşitdim. Mәn dә bir vasitә tapıb, onun xidmәtçilәri sırasına keçdim. Rәşt şәhәrinә qәdәr onun bütün adamlarının saqqızını oğurladım. Rәştdәn Tehranadәk camaata elә göstәrirdim ki, guya mәn onun müşayiәtçilәrinin lap mötәbәrlәrindәnәm. Yol üstündә o hörmәtli xanımın pişvazına gәlәnlәr mәnim söhbәtlәrimә vurulurdular. Hәr birisi mәni öz yanına çәkirdi, qonaq dәvәt elәyirdi. Mәn dә özümü tutub, әvvәlcә qәbul elәmirdim, boynuna böyük bir minnәt qoyandan sonra söhbәtlәrimlә onların mәclislәrini rövnәqlәndirirdim. Nәhayәt, Tehrana çatdıq, az bir müddәt içәrisindә böyük-böyük mötәbәr mәclislәrә yol tapdım. Söhbәtlәrimin pәrәstişkarları gündәn-günә artır, bazarım getdikcә qızışırdı. Bilirsiniz ki, mәn farsca yaxşı bilmirәm, ancaq bir tәhәr qırıldadıram. İnanın ki, bunun özü dә mәnә fayda verdi. Farsca bilmәmәyim onların xoşuna gәlirdi. Mәn dә qәsdәn onların xoşuna gәlmәk üçün özümü lap bilmәmәzliyә vururdum ki, bunun özünün dә başqa bir mәzәsi var idi. İş oraya çatdı ki, sәdr-әzәmin dә mәclisinә ayaq açdım. Mәnim söhbәtlәrimdәn o dәrәcәdә xoşu gәldi ki, sabahısı günü mәnә bir şir-xurşid nişanı ilә xanlıq lәqәbi mәrhәmәt buyurub, başımı göylәrә qaldırdı."

Molla Mammәdәli bunu deyib, şәhadәt barmağı ilә pencәyinin yaxasında olan nişanı göstәrdi vә әlavә elәdi:

“Baxın, bu mәnim aldığım birinci nişandır. Sәdr-әzəmin xidmәtçisi nişanı vә fәrmanı gәtirib mәnә verәndә buranın adәti üzrә mәndәn dә әnam istәdi. Ona da әnam әvәzinә bir mәsәl söylәdim. Gördü ki, daş qayaya rast gәlib, bir söz demәdәn üzüsulu qayıdıb getdi. Bir müddәt keçmәdәn ikinci nişanı da aldım. Bu dәfә sәrhәng rütbәsini dә ona әlavә etmişdilәr. Hәm dә yüz tümәn maaş tәyin elәmişdilәr."

Bu vaxt molla Mәmmәdәli yenә dә barmağı ilә döşündәki ikinci nişanı göstәrib dedi:

“Hәrçәnd ki, maaş vüsul olmur, özüm dә o qәdәr fikir vermirәm, çünki nәğdәn camaatın yeganә ümidi, pәnahı olmuşam. Vasitәçilik yolu ilә işim çox yaxşı gedir. Gündә beş-altı tümәn, bәzәn daha artıq mәdaxilim olur. Keçәn il sәdr-әzәm cәnabları buyurdular ki, Simnan hakimi işdәn çıxarılıbdır, әgәr meylin varsa oranın hökumәtini sәnin adına yazdırım. Әrz elәdim: Allah hәzrәt-әşrәfin kölgәsini mәnim başımdan әskik elәmәsin. Nә maneә var, indi ki, mәslәhәt görürsünüz sizin buyuruğunuzun müqabilindә mәnim nә hәddim var ki, başqa cür düşünәm.

Gәlib evdә sizin qulbeçәnizin -- Qasımın anasına dedim: Arvad, muştuluğumu ver, sәdr-әzәm mәnә Simnanın hökumәtini tәklif elәdi. Dedi: xәyalın nәdir? Dedim: heç nә, nә olacaq, bir şәhәrin hökumәtidir, әlbәttә, gedәrәm. Qasımın anası dedi: sәn türksәn, ağlın kәsmir. -- Mәn bu işә razı olmaram.

Bu arvadın әsli İsfahanlıdır. Şeytana papış tikәr. Ancaq mәn onun narazı qalmasına әhәmiyyәt vermәyib dedim: Ay arvad, xalq gedir altı-yeddi min tümәn rüşvәt verib bir şәhәrin hökumәtini min minnәtlә әlә gәtirmәk istәyir, baş tutmur. İndi sәnә müftә verirlәr, istәmirsәn? Arvad dedi: bir işә başlayanda әvvәlcә onun aqibәtini düşünmәk lazımdır. Adam gәrәk uzaqgörәn olsun. Әvvәla, sәn türksәn, Simnan әhalisi isә tәәssübkeş farslardır. Elә buna görә dә sәnin tәdbirlәrinә qarşı min cür bәhanә düzәldib maneçilik törәdәcәk, nәhayәt, üsyan qaldırıb sәni oradan qovacaqlar. İkincisi, sәn olasan o allahın, axı, sәnin canında -- cohәrindә hökumәt lәyaqәti yoxdur. Әgәr qәbul etmirsәn, buyur, bu ayna, bu da sәn, bax gül camalına. Üçüncüsü, Simnan öz iqliminin pisliyi ilә mәşhurdur. Sәnin dә ki, allaha şükür, saf bir canın yoxdur. Uşaqlar da ki, sısqadırlar, burunlarından tutsan canları çıxar. Dördüncüsü, bunların hamısı bir tәrәfә qalsın, ola bilsin ki, altı-yeddi aydan sonra hәlә sәn öz yerini qızdırmamış başqası yeddi-sәkkiz min tümәn rüşvәt vә ya icarә adı ilә pul verib, hakimliyi sәnin әlindәn alsın. Onda de görüm nә elәyәcәksәn? Bu qәdәr get-gәl xәrcini haradan düzәldәcәksәn? Bu vәzir-mәzirlәrin sözlәrinә o qәdәr dә bel bağlamaq olmaz. Güclә özümüzә dirlik düzәltmişik. Hәr gün zәhmәtsiz-mәşәqqәtsiz bir neçә tümәn mәdaxilimiz var, ye, allahına şükür elә. Bәlkә yavaş-yavaş bir az da mәdaxil arta. Ay kişi, sәn hara, Simnan hökumәti hara?

Gördüm, insafәn, arvad mәndәn çox ağıllıdır. Belә işlәri, mәmlәkәtin vәziyyәtini mәndәn yaxşı bilir. Ürәyimdә afәrin dedim. Amma özümü sındırmamaq üçün, hәm dә onu başıma çıxarmamaq mәqsәdilә dedim: Sәnin dә sözlәrin beynimә batır. Düz deyirsәn, oraya getsәk mәnә dә, uşaqlara da bәd keçәr. Mәnim dә, onların da mәzacına pis ab-hava düşmәz. Gedib boynumdan ataram.

Bu macәradan iki-üç gün sonra sәdr-әzәmin yanına getdim. Buyurdu:

“Hacıxan, sәnin Simnan sәfәrin necә oldu? Gәrәk yola düşmәyә hazır olasan.”

Әrz elәdim:

“Qurbanın olum, sizin yüksәk, müqәddәs vә şәrafәtli cәnabınıza bәllidir ki, nökәriniz xәstәdir. Qorxuram gedim, orada xәstәlәnib ölüm. Onda qürbәt vilayәtdә bu sәğir vә kimsәsiz uşaqlar başsız qalacaqlar. Hәrgah burada bir iş mәrhәmәt buyursanız canınıza daha artıq dua edәcәyәm. Bir vәsilә salın ki, elә burada, sizin qulluğunuzda uca hümmәtiniz vә yüksәk kölgәnizin altında ömrümü asudәliklә başa vurum.”

Buyurdu:

“Burada sәnin öhdәsindәn gәlә bilәcәyin elә bir münasib iş nәzәrimә gәlmir. Ay allahın bәndәsi, nә cavanlığın var, nә camalın, gözәl xәtt, kafi savaddan da mәhrumsan, şerdәn, şairlikdәn dә bir şey bilmirsәn. Hәkim dә ki, deyilsәn. Özün de görәk, mәn sәni hansı işә qoya bilәrәm?”

Әrz elәdim:

“Xarici ölkәlәrdә çox qalmışam. Tiflisdә gürcü dili öyrәnmişәm, bir az da rusca bilirәm. Әgәr xarici işlәr nazirliyindә bir qulluq tapşırsanız çox yaxşı olar, canla-başla yerinә yetirәrәm.”

Buyurdu:

“Onda gәrәk bir az gözlәyәsәn. Bir nәfәr var, mәnim ondan әsla xoşum gәlmir. Çoxdandı ki, istәyirәm onun ayağını oradan kәsәm. Ancaq arxası möhkәm yerә bağlıdır. Әlbәttә, mәqamı gәlib çatacaq. Bir az gözlәyin, görәk nә elәrik. İndi gözlәyirәm. Allaha şükür, arvad almışam, bir oğlum, bir qızım var. Öz arvadımdan da razıyam. Allah ondan razı olsun, ev tikәndir, ev yıxan deyil.Bu mәnim başıma gәlәn uzun әhvalatın qısasıdır. İndi sizin növbәnizdir. Bismillah, buyurun görәk.”

Mәn molla Mәmmәdәlidәn soruşdum:

“Lәqәbin-zadın yoxdur? Axı, İranda hәr bir xanın xüsusi, tәmtәraqlı lәqәbi dә olur.”

“Xeyr,” -- dedi. -- “Müşirüddövlә[4] cәnabları lәqәblәrin siyahısını mәnә göndәrdi. Budur, üzünü saxlamışam.” -- Әlini atıb yanındakı sandıqdan bir tikә kağız çıxarıb bizә göstәrdi vә әlavә etdi: -- “Buyurdu ki, bu lәqәblәrdәn birini özüm üçün seçim. Amma mәn istәmәdim.”

[4] Hacı Mirzə Möhsün xan.

“Nә üçün?”

“Düşündüm ki, birdәn zamanın gәrdişi mәni Tәbrizә aparıb çıxardar. Siz Tәbrizin lotularını yaxşı tanımırsınız. Mәn bilirәm ki, onlar necә haramzadadırlar. Mәni dә ki, әvvәldәn tanıyırlar. Mәni lәqәb sahibi görәn kimi pәrt elәmәk üçün eşşәyi, iti vә ya pişiyi dә mәnim lәqәbimlә çağıracaqlar. Onda eşşәk gәtir rüsvayçılığımı yüklә.”

“Onda sizin xanlıq lәqәbiniz üçün dә başınızә belә bir oyun aça bilәrlәr,” -- dedim.

Molla Mәmmәdәdi gülümsәyib dedi:

“Xeyr, elә deyil. İndi xanlıq lәqәbi ümumilәşibdir. Xüsusi lәqәb deyil ki.... Hәr bir baqqalın, çaqqalın, hәtta әlәk-qәlbir toxuyanların, mütrüflәrin dә xanlıq lәqәbi var. Bundan әlavә, indi "xan" sözünündә "x" hәrfi ilә-başlanan xurma, xiyar, xan, xәlәt vә başqa sözlәr kimi heç bir mәziyyәti vә hörmәti qalmamışdır.”

Molla Mәmmәdәli bunu deyib, lәqәblәr siyahısını mәnә tәrәf uzatdı, mәn alıb baxdım, gördüm әcәb hәngamәdir. Hәrçәnd ki, onun üzünü köçürmәk mәnә zәhmәt vә bu sәyahәtnamәni oxuyanlar üçün әziyyәtdir, amma әlacım nәdir. Mәrhum atamın vәsiyyәtindәn kәnara çıxa bilmәrәm. Atam mәnә vәsiyyәt elәyibdir ki, hәr nә görsәm yazım. Mәn dә bunları yazmalıyam. Budur, lәqәblәr siyahısının üzü belәdir:

İzzüddövlә, Şәhabüddövlә, Nәsrüddövlә, Mötәmәnüssultan, Müizzüddövlә, Müstәşarüddövlә, Әminüssultan, Şücaüddövlә, Sәniüddövlә, Tәbibüddövlә, Hәkimüddövlә, Katibüssәltәnә, Şüaüddövlә, Әzizüddövlә, Müşavirüssәltәnә, İftixarüddövlә, Zәfәrüssәltәnә, Müzәffәrüddövlә, Zәfәrüddövlә, Heşmәtüddövlә, Şәrifüddәvlә, Zәhirüddövlә, Hüsamüssәltәnә, Müinüddövlә, Müәzzәmüddövlә, Mükәrrәmüddövlә, Naibüssaltәnә, Nüsrәtüddövlә, Hüsamüddövlә, Sәhamüddövlә, Dәbirüssәltәnә, Yәminüddövlә, Yәsarüddövlә, Asәfüddövlә, Sәrәncamüddövlә, Әrfәüddövlә, İqbalüddövlә, Müşirüddövlә, Müdirüddövlә, Mücirüssәltәnә, Vәkilüddövlә, Әminüddövlә, Әmünüssültan, Şәhnәtüssәltәnә, Cәlalüddövlә, Cәmalüddövlә, Mәcdüddövlә, Nәcmüddövlә, Kokәbüddövlә, Müşkatüddövlә, Misxbahüddövlә, Siracülmülk,Müәyyidüddövlә, Şücaüssәltәnә, Ziyaüddövlә, Mühәndisüddövlә, Memarüddövlә, Zәrğamüddövlә, Hacibüddövlә, Dәrbanüddövlә, Nazimüddövlә, Mәntiqüddövlә, Nәqibüddövlә, Xәtibüddövlә, Әdibüddövlә, Şüaüssәltәnә, Etizadüssәltәnә, İftixarüssәltәnә, Rükiüddövlә, Mümtәhinüddövlә, Mötәmәdüddövlә, Bәhaüddövlә, Ehtişamüddövlә, Seyfüddövlә, Rәmhüddövlә, Zәkiyüddövlә, Rәziyüddövlә, Sarimüddövlә, Sәmsamüddövlә, Qәvamüddövlә, Әlaüssәltәnә, Vәqrüssәltәnә, Şәrәfülmülk, İzzülmülk, İftixarülmülk, Etimadülmülk, İntisarülmülk, Ezazülmülk, Mübәşşirüssәltәnә, Müdәbbirülmülk, Müizzülmülk, Sәdrüddövlә, Әzdülmülk, Әzdüssәltәnә, Sәdnqüddövlә, Xazinüddövlә, Qadirüddövlә, Müqtәdirüssaltәnә, Etisamüssәltәnә, Vәzirüddövlә, Nәyyirüddövlә, Şücaülmülk, Zükaülmülk, Bәyanülmülk, Bәnanülmülk, Müinülmülk, Ehtişamülmülk, Müstәnsәrrüssәltәnә, Әrfәssәltәnә, Әdlülmülk, Müinüdәdalә, Müinülәyalә, Nüsrәtülmülk, İqbalülmülk, İqbalüssәltәnә, Hәkimülmülk, Tәbibülmülk, Filәsufülmülk, Mәsihülmülk, Sәhamülmülk, Qәvamülmülk, Xazinülmülk, Әlanlmülk, Dәbirülmülk, Bәhaülmülk, Ziyaülmülk, Nizamülmülk, Әzdülmülk, Zәhirülmülk, Seyfülmülk, Şәmşirülmülk, Mötәmәdülmülk, Nazimülmülk, Siracülmülk, Vәkilülmülk, Nәcmülmülk, Qәvamülmülk, Heşmәtülmülk, Müşirülmülk, Müşkatülmülk, Әdibülmülk, Әdibülmәmalik, Әminülmülk, Mühәndisümәmalik, Muhәqqiqülmülk, Sәdülmülk, Sәniülmülk, Şәhabülmülk, Sәhabülmülk, Yәminülmülk, Lisanülmülk, Sidqülmülk, Sidiqülmülk, Nasirülmülk, Nasehülmülk, Әmidülmülk, İmadülmülk, İmadüssәltәnә, Saidülmülk, Saidüddövlә, Saidüssәltәnә, Saidülvәzarә, Mühәqqiqüddövlә, Mühәqqiqüssultan, Әmin dәrbar, Әmin şura, Әmin xәlvәt, Әmin hәzrәt, Әmin hüzur, Әmin divan, Әmin nizam, Әmin lәşgәr, Әmin hәrәm, Әmin xaqan, Әmin hümayun, Әmir nizam, Müşir nizam, Vәzir nizam, Şüca nizam, Müşrif nizam, Sәrriştәdar nizam, Bәdayenigar, Vәqayenigar, Әminülvizarә, Naibülvizarә, Müinülvizarә, Etizadülvizarә, Mötәmәdülvizarә....

“Qurtaran deyil ki, keç görәk.”

“Baş üstә Sәdrülülәma, Etimadülülәma, İftixarülülәma.”

“Bunlardan da keç, bizә lazım deyil.”

“Mәliküttüccar, Vәkilüttüccar, Әminüttüccar.”

“Bunlardan da keçmәk lazımdır. Biz ki, tacir silkinә mәnsub deyilik.”

“Fәxrüzzakirin, Seyfüzzakirin....”

davamı
XS
SM
MD
LG