Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:14

Ülviyyə Heydərova. Səyahət (Hekayə)


-

O, başqalaşmaq, qayğılarından uzaqlaşmaq istəyirdi. Baş sındırıb bir çıxış yolu tapa bilmirdi. Dostlarından biri ona məhz bunu məsləhət gördü: “Çətini başlamaqdı, sonrasın özün görəcəksən...” Birinci dəfə heç nə anlamasa da, ikinci, üçüncü dəfə bu ona doğrudan da ləzzət etdi. Dostunun yanına gəlib:
- Hə, qaqaş, nə deyirsən, məni yenə o səyahətdən gözləyəcək?
- Sən öl deyirəm! Al, vur canına, özün görəcəksən.
Kiçik kağız parçasını açıb, ağ tozu əvvəlcə dilinə, sonrasa burnuna sürtdü...
“ - Bu nə qiyamətdi? Mənə heç qanad-zad lazım deyil ki, day əllərimlə uçuram?! Yaşıllığa bir bax! Deyəsən, dənizdi. Yox, bu axı okeana oxşayır. Bu nədir, alə? Burda qızlar da var ki. Nə yaxşı oldu, göydə tək deyiləm. Ay qız, sənin adın nədir?
- Qa..Qa..Qa
- Atan başqa ad tapmırdı,Qaqa qoyub? Hm, bunlar da getdilər. Yenə tək qaldım. Bir az da uçsam lap planetlərə də çataram. Gedərəm Marsa, bir az nəfəsimi dərib qalxaram Allahın yanına. Kişiyə bir-iki şikayət, üç-dörd sifariş verib qayıdaram. Uçmaq nə ləzzətli şeymiş?! Nə oldu, nə tez yolruldum? Aşağı düşürəm ki. Bu lüt qadın kimdir? Nə onunla...”
- Ayıl, ayıl, köpək oğlu!
- Hə... Sən kimsən?
- Ay nanəcib övlad! Bir azdan ananı da tanımayacaqsan... Allah səni bala, tezliklə öldürəydi, məni bu biabırçılıqdan qurtaraydı!
- Ana, bu sənsən? Vay!
- And olsun Allaha, bir də sən o zəhrimardan alsan...
- Nə, Allah? Elə onun yanına getmək istəyirdim...

Bakı, 9 may, 2006-cı il

XS
SM
MD
LG