Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:42

Nürnberq və ya B/1


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Firudin Həsənov


NÜRNBERQ və ya B/1


Almaniyaya iş praktikamı artırmaq üçün göndərilmişdim. Mehmanxanada qalacağım ilk gün idi. Çox sevincli idim. Ailəm üçün darıxacaqdım, lakin burada məni gözəl Nürnberq gecələri və fərqli 6 aylıq fərqli iş həyatı gözləyirdi. Qalacağım evin pəncərəsindən şəhərə gözəl mənzərə açılırdı. Şəkillərdə gördüyüm saatlı bina , işıqlı dayaqlar və tər-təmiz hava. Elə birinci gündən nə vaxtsa bura qayıdacağımın fikrini edirdim.

Bir az özüm haqqında danışım. Həyatda çox məsuliyyətsiz, romantikaya və sevgiyə nifrət edən birisiydim. Əttökən dini, fəlsəfi söhbətlərə yaxın durmurdum. Heyvanları sevmirdim, insanları isə yaxına buraxmırdım. İstədiyim, daima rahat olmaq, heç nəyin dərdin etməmək idi. Ailəmlə, dostlarımla ömrüm boyu səyahət edərək kafeləri, barları gəzmək və uşaqlarımı ehtiyacsız görmək istəyirdim.42 yaşıma çatanda isə məni o vaxtlar çox məşhur və seçilən xəstəxanaların birinə psixoanalitik kimi dəvət etdilər. İstədiyimə nail oldum. Orada 2 ilə yaxın işlədim. Eyni həyat məni yorurdu. İşimdən, xəstələrdən bezirdim və bu stressi atmağı dostlarımla əylənməkdə görürdüm. O zaman yalnız yoldaşımın və uşaqların səyi nəticəsində içkiyə yox deyə bildim. Nələri isə dəyişmək vaxtı idi və mən yenidən həyatımı işə bağlamağı qərara aldım və bir müddət sonra məni Almaniyaya, daha ağır xəstələrlə iş aparmaq üçün göndərdilər.

Nürnberq, bəli bu şəhər mənim həyatımı tamam dəyişdi.

Artıq iki ay idi iki, Nürnberqdəki xəstəxanada işləyirdim. Sözün düzü artıq məndə burada yatan insanlara qarşı rəhm hissi belə qalmamışdı. Çünki, əvvəllər də iş gördüyüm insanlar arasında Beslan terrorundan, İraqdakı hadisələrdən, Çeçenistandakı, Fələstindəki qırğınlardan əziyyət çəkənlər belə var idi. Artıq sevdiyim klub olan " Mançester Yunayted"in məğlubiyyəti bu cür ağır psixoloji travması olan insanlarla söhbətdən daha çox kefimi pozurdu. Vəziyyət belə idi. İndi anlayıram ki, Tanrının bir "pas"ı olmasaydı heç nə edə bilməzdim və bu cür daşürəkliliyimin fərqində olmazdım. Bu "pas"ın adı Ben idi.

O, 7-ci palatada yatırdı. Mənə onunla iş aparacağımın xəbəri verildi və mən onun xəstəliyi barədə oxudum. Demək olar ki, bura gələn bütün praktikantları onunla söhbət aparmağa göndərirdilər. Onun çox qəribə xəstəliyi vardı. Və hələ çox bu xəstəxanada qalacaqdı. Onun yatdığı palataya daxil oldum. İlk dialoqumuzu təxmini belə xatırlayıram

- Salam adın nədir dost ?

- Deyilənə görə Ben.

- Bilirəm xəstəliyi çox ağır keçirirsən, keçmişini bilməmək çox sıxıcıdır. Amma sənin haqqda mümkün qədər çox şey bilməliyəm.

- Sən heç nə bilmirsən doktor.

- Hm. Mənə demişdilər ki, sən çox danışan deyilsən.,amma bu qədər olduğunu bilmirdim. Nə yadındadır danış mənə, sənə kömək etməliyəm.

- Etməliyəm ? Probleminiz elə burdan başlayır. Sizin hamınızın problemi var.

- Hələ ki, sənin problemin var , danışacaqsan ya yox ? (Benin belə danışığından çox hirsləndim və xətrinə dəyəcəyimi bildiyimə rəğmən yenə də dedim )

Ben asta səslə gülməyə başladı, yerindən ehmalca qalxaraq dedi

- Mənim problemim heç kəsi ürəkdən narahat etmir, çünki sizin heç özünüzdən xəbəriniz yoxdu. İnsanların qonşularından xəbəri yoxdu. Sizin 3 yaşınız yadınızdadı ?

- Yox, bu normal haldı. Bu hamıda belədir.

- Bu normal deyil, sadəcə belə qəbul olunub. Siz ciddən amneziyasız.Özünüz özünüzü müayinə etsəz yaxşı olar.

- Mən sabah gələrəm, getməliyəm.

Bunu deyib otaqdan çıxdım. Qəribə xəstə idi, çox inamlı danışırdı. Adətən yanıma gələn xəstələri mən öz inamlı çıxışımla sakitləşdirməyə çalışırdım. Çox vaxt psixoloqlara məxsus fəndlərdən istifadə edərək onların beyinlərindəki dinamitlərdən yan keçməyə çalışırdım. Sanki, doğru əsən küləyin qarşısını alaraq yalandan ibarət evin dağılmamağını təmin edirdim. Bu çox vaxt işə yarıyırdı. Maaşımın aybaay artması mənim üçün buna sübut idi.

Artıq bir həftə idi Beni müayinə edirdim. Lakin onda çox əcaib bir simptomlar aşkara çıxarmışdım. Ben həyatında heç vaxt baş verməyən hadisələr danışırdı. Biz onun danışdığı məsələləri araşdıranda o hadisənin əslində, real həyatda baş vermədiyini öyrənmişdik. Bir gün iş vaxtım bitdikdən sonra Benin yanına girdim. İlk söhbətimizlə müqayisədə nisbətən münasibətimiz yaxşı idi. Palataya girən kimi Ben ayağa qalxaraq mənim üstümə qaçdı. Otağın qapısını bağladı.

- Sizə hər şeyi danışmaq istəyirəm. Aydın şəkildə hər gün fikirləşdiyim keçmişim və düşüncələrim haqqda. Siz yaxşı insansız doktor, çoxları yaxşıdır. lakin fəqində deyil.

- Buyur danış nə olub sənə Ben ? Səni diqqətlə dinləyərim. ( Ben oğlum yaşında idi və 19 yaşındakı bu uşağın belə hərəkəti məni narahat etdi. )

- Çox sağolun, indi danışaçaqlarımı əvvəl heç kimə deməmişəm. Deyilənlərə görə məndə amneziya çoxlu alkoqol qəbul etdikdən sonra baş verdi. İçkili vəziyyətdə qəzaya düşdüm. Burada ayılandan sonra bilirsiz nə hisslər keçirdim? Heç nə. Korun sizə yoxluğu başa sala bilməyəcəyi kimi məndə söz tapmıram. Adımı bilmirdim, evimi tanımırdım. Rənglərin adını öyrəndim, qaşığı necə tutmağı öyrətdilər. Tam körpə uşaq kimi. Düşüncə yalnız keçmişlə əlaqəlidi deyilmi doktor ? Bəs mən ayılan an nə düşünürdüm ? Bilirsiz necə ağırdı ? Var olub necə olduğunu bilməmək.Bu xəstəxanada artıq 1 ildən çoxdur ki, yatıram. İlk vaxtlar küçəyə çıxanda durmadan sual verirdim. Axırıncı dəfə nə vaxt bir sual barədə düşünmüsüz ? Sizi proqlamlaşdırıblar doktor. İlk sualım bu oldu ki, o dənizə niyə pul verib keçdik ? Mənə dedilər ki, belə lazımdı, şirkət öz qanunun qoyub. Dedim bəs şirkət nədi? Dedilər bir qrup insan. Nəyə görə toplaşıblar? Pul qazanmaq üçün. Bəs pul olmasa ? Yəqin etməzlər. İnsan çox ali və aciz varlıqdı. Heç nəyi yarada bilmirik, yalnız kəşf edirik. Rəssamların işlərin gördüm. Amma rənglər bizə əvvəlcədən verilib. Nobeli alanlar barədə qəzetlərdən oxudum, lakin onlar yalnız kəşf ediblər. Nəyi istifadə edirik ? Verilənləri. Sizin yaddaşınız var, mənimsə yox. Müşahidə etdim ki, seks bir çoxları üçün çox önəm kəsb edir. Lakin korlar üçün o yalnız çoxalma vasitəsidir. Bütün hisslər bir ahəng yaratmalıdı. Eləcə də həzz. Bunlar hamısı ağılın törəməsidir.Bəs ağıldan kənarda nə var?

Beyinimiz quduz it kimidir. Bütün düşüncələrin, fikirlərin, hərəkətlərin “ istehsal”çısına başqa ad qoya bilmirəm.Körpə andan çox saf və təmiz görünən bu “ küçük” (beyin), çox keçmədən cəmiyyətin, ətrafdakıların təzyiqi nəticəsində, zaman keçdikcə özümüz də bilmədən quduz itə dönər. Və sonar bu pəzəvəngin qarşısını çətin ki, ala bilək. Beyin çox tənbəldir. O, gördüyü hər şeyi qəbul edərək,sanki paket şəklində saxlayır. Siz onu doğru istifadə edə bilmirsiniz, doktor. Siz bütün ağacları bir ağac kimi qəbul edirsiniz. Amma əslində onların hər biri ayrı sistemlərdi və bir-birindən kəskin fərqlənirlər. Hər gecə dua edirəm ki, Tanrı beynimi açsın. Lakin dualarım ovucumda qalır. Başa düşmürəm nə hikmətdir. Sonra başa düşürəm ki, keçmişi olmayan hikməti başa düşməz. Siz də yəqin anlamazsınız,doktor.


Özündə olmayanı bəyənməyən bir qrup insanlarla tanış oldum.Onlar insanı bir çatışmayan cəhətinə görə məhv edirdilər. Ya tam qəbul edir ya da silirdilər. Əgər dostunun başına pis bir iş gələrsə,” Tanrı imtahan edir.” ,yox əgər düşmənin , sevmədiyi bir insanı başına pis iş gələr “ Tanrı cəzasın verir, ona elə də lazımdı” deyərlər. Bu əxlaqsız inanc deyilmi? Onları yaxşı tərəflərinə görə sevməyi öyrəndim. Bu çox gözəl hissdir. İndi heç kəs heç kəslə maraqlanmır.İçimdə bir təmiz hiss var. Və əminəm ki, o hiss hamıda var. Lakin o hiss sanki sənə " dükana get çörək al, qayıt " deyir, sən isə dükanda nəisə başqa bir şey axtarırsan. Hər kəs əsl rəngini tapmalıdı. Olanları qaşıyıb çölə deyil , içəriyə doğru yola düşməlidi məncə. Mən sizin heç birinnizə inanmıram. Çünka başqa şeylər hiss edirəm.


Mən indi reallıq nədir sualı barədə düşünürəm. Siz mənə deyirsiz ki, qəza zamanı yoldaşım və körpə uşağım həlak olub. Mənim isə yadımda deyil, başa düşürsüz ? Yadımda deyil.

- Gözlərim dolmuşdu , mən söhbət zamanı sanki, Ben olmuşdum. Onun beyni ilə fikirləşirdim. Donub qalmışdım, nəfəs aldığım yadıma gəlmirdi. Biz o an birləşmişdik onunla. Bunu sonra anladım. Davam elə dostum,davam elə.

- Mənim son vaxtlar yadıma düşən budur ki, mənim ailəm olmayıb və mən uzaq bir yerdə sexdə işləmişəm. gündəlik qazancım olub. Bir dostum da var idi Freddy, onunla hər gecə bilyarda gedirdik və vaxtımızı keçirirdik. Günümün çoxunu kilsələrdə olurdum, anam, atamla. Orada nəisə oxuyurduq.

Məhz, onlar yadıma düşəndən sonra İncili, Quranı oxumağa başlamışam indi. Sakitlik tapıram orda. Nə qədər mesajlar var bizlərə. Şərtlənməsiz ,dünya içi və bəlkə də ondan kənar.

Hər bazaar günü, xəstəxanadan məni buraxanda, həkimlə birgə dənizə gedirik. Oralar çox xoşuma gəlir. Oturub saatlarla dalğalara baxıram. Orada sanki, özümü unuduram, yox oluram. Əvvəl fikirləşirdim ki, dalğaların qaşısını sahil alır. İndi isə düşünürəm ki, bəlkə dalğalar sahili itələyərək ondan qorunurlar. Amma hər ikisi həddini bilir.

Həmin həkimin körpəsi də bizimlə olur çox vaxt. Onu çox sevirəm. Hədsiz safdır və böyüklər fərqlidir mənim üçün. Onun zərif, yumulub-açılan əllərinə baxıram. Anlamıram ki,necə bu əllərə bənzər əllər, əlinə silah alıb minlərlə uşaqları öldürürlər. Yəqin bu sahili görməyiblər.

Göydə uçduğum yadımdadı. Rəngli görürəm o anları. Açıq səma rəngində. Suyun necə buxarlanıb buludlara qalxdığını görürəm. Ağacın necə oksigen buraxdığını görürəm. Onu mişarla kəsən qocaya necə baxdığını görürəm. Hər varlığın öz işini necə gördüyünü görürəm. Nizamlı, hər şeyə rəğmən gördüyünü. Onlar işi nizamla, bir-birinə sanki əvvəlcədən xəbər vermiş kimi görürlər. Mən həqiqətən bunları görmüşəm.

Üstümə hər gün qışqıran o tibb bacısının da qışqırığın eşitmişəm əvvəllər, iniltili qışqırığın. Küçədə dalanda gördüyüm qocaya oxşayan birinin də necə gülümsədiyini əvvəl görmüşəm. Mənə inan doktor. Mən hansına inanım? Siz deyənə yoxsa beynimdə olana?. Reallıq nədir doktor? Sən yaxşı insansan, cavab ver, nə olar ?!

Mən dəhşətli vahimə içində idim. Söhbət içində bir dünya boyda şeyləri anlamışdım. Və eyni zamanda bir kainat boyda suallar çıxmışdı qarşıma , sanki. Ona bir çox şeyləri anladıb, sakitləşdirməyə çalışdım. Bu dəfə yalan danışmırdım və o andan yalnız doğru danışacağıma söz verdim özümə. İki saata yaxın danışdıq. Mən həqiqətən hər bir hadisənin nə qədər dərin olduğunu anlamışdım.Bu görüşdən sonra özümü müayinə etməyə başladım. Sorğulamağa. Hər cavab tapanda uşaq kimi sevinirdim. Bu idi əsl həzz.Bəli, bu idi əzizlərim.

Mən praktikamı uzatdım və 1 il də Nürnberqdə qaldım. Benin müalicəsilə məşğul oldum. Müəyyən vaxtdan onun vəziyyəti nisbətən yaxşılaşdı. Bir müddət keçəndən sonra biz dostlaşdıq. O, indiyə kimi mənim ən yaxın dostumdu. Onun sayəsində insanları, yaradılışı sevməyə başladım. Ailəmə bağlandım.

Bendə amneziya idi. Onda keçmişi yada düşməməyi ilə yanaşı konfabulyasiya şəklində olan Korsakov paramneziyası idi. Bu isə o demək idi ki, Ben əslində həyatda olmayan şeyləri uydura bilirdi.Reallıq da olmayan şeylər onun ağlına gəlirdi. Dəhşətlə idi. Bu xəstəliyə əsas səbəb isə Benin beyninə B/1 vitamininin çatmaması idi.O vitaminin çatmaması beyində xaos yaradırdı. Beləliklə,bir vitamin olan B/1, həm onun həm də mənim həyatımı dəyişdi. BİR ViTAMİN.

Əsas Sual - Benə o uydurma fantaziyalar hardan gəlirdi ???
XS
SM
MD
LG