Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:26

Məqsəd Nur. Ero-gigiyenik (Hekayə)


Məqsəd Nur
Məqsəd Nur
-

Məqsəd Nur


Ero-gigiyenik

Yanğın

Mənim yalançı günümə başıküllü bir nənə lazımıydı ki, ağlasın. Yalandan ağlasın! (Adamlara belə lazımdı!) Başqalarına günümü göstərib elə ağlasın ki, başqaları da ağlasın və sairə və iləaxır... Bircə, məni rahat buraxsınlar! Sonra da təkətəklikdə nənəciyim başımı tumarlayıb:

- Düpbədüz eləmisən mənim balam, əlivün lap içindən gəlib can-ciyərim - desin.

***

...Həmin gün yanğın Cuud Məələsində - Nikolay evlərinin birində baş vermişdi: mən mərkəzi yanğınsöndürmə idarəsinə zəng elədim və sonra özüm də yalanpışdan ora baş çəkdim. Guya! Əslində yanğınsöndürənlərin üzbəüzündəki qapıya söykənib onları izləyirdim. (Ehtiyatda saxlanılan variantım da vardı. Sonra deyərəm, neyçün məhz mərkəzi yanğınsöndürmə idarəsini tərpətmək istədim). Lap indi deyim... Bizim yanğınsöndürənlərin parad furajkaları yal döşündə aerodroma bənzəyir. Onların yerinə və qapı üzünə bağlı yanğınsöndürmə maşınlarının yerinə ürəyim sıxılır.

Nənəm mənə çardaqlar və taxtabacalar padşahı deyirdi. Mən nənəmin vaxtında çardaqlarda uçan quşları da səsindən bilirdim...

Evin çardağında yalanpış yanğın yaratdım və başqaları da o yanğını gördü: hətta binanın içindəki adamlar bir-birinə qarışdı. (Beşinci mərtəbənin sağ küncündəki bircə adamdan savayı). Üstdən gedən qaz trubasına spiçkə vurdum, vəssalam...

Dayanıb Mərkəzi Yanğınsöndürmə İdarəsinin çaş-baş yanğınsöndürənlərinə baxırdım: qapılar açılmırdı! Qaynaqçı gətirdilər. Qapıları kəsdilər. Alabaş yanğınsöndürən maşınlar darvazalardan çıxanı beşcə addımlıqdakı küçələrin içinə girə bilmədi: heç gözətçi postundan taksilərin şütüdüyü tıxaca dürtülə bilmədi. Siqnal-miqnal boş şey oldu! Belə olur: lap istəsən də belə olur. Bu basdırıqdan hara çatmaq olar?

***

Bütün sirr cib telefonundaydı: həmin beşinci mərtəbənin sağ kücündəki mənzildən mənə zəng gəlmişdi: yataqda yanğın vardı. Bəzən, həmin qadına güclü köpük lazım olur. İstəyir, köpük onun yatağına, yorğanının altına və bütün mənzilinə dolsun...


Ən əsas

- ... Gəlin, gəlin keçin! Oturun. Buyurun. Bəlkə birbaşa lükların yanında dayanaq? Hə, elə yaxşıdı! Buyurun baxın içəri... Orda belə olmayacaq. Sözsüz, belə olmayacaq... İşığı özümüz salmışıq. Burdan siz, belə demək mümkünsə, görünməz bir işığa tərəf qaçacaqsınız. Divarlara fikir verməyin: orda dəmirdən deyil, betondur. İlişgi yeri var. Yaxın gəlin. Bura nə metro deyil, nə adi tunel. Siz qaçırsınız: teliniz ömrüboyu nəmo qalan siçovul bığları kimi sifətinizə tökülüb. Hə, bir vacib məsələ: siz, beton tunellərin dairəvi və sürüşkən divarlarıyla elə sürətlə qaçmalısınız ki, bu qaçış xüsusi effekt yaratsın. Sürüşmələr olsa belə, caynaqlarınızı içəridəki ovxalanmış korroziya yerlərinə keçirməli və tempdən düşməməlisiniz. Caynaqlarınızın səsi plastik olsun. Plastika... Orda kifayət qədər yer var. Əsas quyruğunuzdur: əgər əlbəttə o sizdə varsa. O sizdə varsa, kanalizasiya sularına dəyməməlidir. Quyruğunuz varsa deyin, biz heç vaxt quyruğunuzun olub- olmadığını yoxlamayacayıq. Bu, bizim işə xələl gətirən bir araşdırmadır. Sadəcə, o şəraitdə quyruğu gizlətmək imkansız bir şeydi. Hə, əsas suya dəyməməkdi. Təsəvvür edin, siz bütün yolu fır-fıra kimi fırlanır, bununla bahəm qabağa qaçırsınız. Borunun dibiynən axan sulara toxunmadan getməlisiniz. Çaşıb suya düşsəz, ya quyruğunuz (əgər varsa) dəysə, öz işinizdir, yol təzədən başlanmalı və suya dəyməyənə qədər eyni şeyi təkrar etməlisiniz. Əsas odur ki, sizə və tellərinizə istədiyiniz qədər nəmişlik verilir.

Ən Əsas məsələ mütləq, mütləq dairəvi qaçışdır. Bu qaçışın trayoktoriyası dairəvi və sürətli deyilsə, qaçmağa dəyməz. Hər şey son dərəcə şarmlı, sürətli və plastik olmalıdır. Plastika...

Sizin sonucdakı taleyiniz divar dibinə siyən və ağzı yara tökən əyalət uşaqlarının taleyinə bənzəməyəcək. Sonra sonsuz bir azadlıq gələcək. Sonra siz müqəddəs Maqdonalsın altındakı çıxışa çatacaq və ordan Parapetə çıxıb kefiniz çəkən qədər veyillənə biləcəksiniz...


Tranplinə qədər

Şapkə. Şapkəli. Başsız. Şapkəli planet. Maniken. Qarışqa və mis-qalaylı maniken. Planet. Şapkə. Baş. Şapkəli tozanaq. Qurbağa. Nəmli qarışqa. Nağıl. Nağıl və maniken...

***

Güzgü. Baxanda dostum özünü gördü. Gözünü görmədi. Qarışqasını görmürdü. Arxasındakı manikeni görürdü. Sinəsinə baxırdı. Manikenin başsızlığını görmürdü. Sivirtəli baş. Üstə tuşlanan əl kimi sivirtəli baş yeri və qabağa gərilən ekzotik bədən görürdük. Ağlı kəsir: “Tranplindi!”

Təkcə sivirtəli baş deyil... Üstə uçmaqsayaq duran maniken bədəni arxayındı. Sivirtəli başın qurtaracağından sonrakı hava boşluğuna qədər tapdologiya. Tapdologiya. Tapdaq. Manikendə görünən tapdaq.

***

Dostumun gözünün arxası yaşıl-bataqlıq kimidi. Orda qurbağalar və qamışlar bitmir: orda qarışqa dairəsi var. Qarışqa dairəsi fırlanır, fırlanır: Saturnun ətrafındakı çır-çınqıl kimi. Amma burda çır-çınqıl deyil. Burda ətli-dırnaqlı, carlı-caynaqlı və bir-birindən bərk-bərk yapışıb hər daim eyni səmtə fırlanan... dostum ölənəcən... o ölməsə, lap kor olsa belə, həmin qarışqalar onun gözlərinin dərinliyində yaşayacaqlar, lap gözü yerindən pırtlayıb çıxsa da... Çünki onun da arxasında nəmli hörümçək toru var.

***

Manikenlər, mis-qalay sifətli manikenlər, başsız və başlı manikenlər. Barmaqlarımın ucunu vitrinlərə sürtür, kədər və ümidsizliklə yoruluram... Mənim qarışqalı dostumdansa başsız manikenlər yaxşıdı. Dostum mənimlə başsız manikenlərdən təminat məktubu almağa gedib-çata bilmədi. Yarıyolda güzgüyə söydü. Onun söyməyini bağışladılar.

Sadəcə, gözlərinin arxasındakı qarışqalarını və nəmli hörümçək torlarını məndən əvvəl görübmüşlər. Mən onları qınamıram. O isə deyirmiş ki guya manikenlərin döşünün ucu göynəmir. Onlarda bizim qadınlar kimi bala duyğusu yoxmuş... O elə həmin yerdə dayandı: “Səni aldadıb gətirdimmi? Səni manikenimin döşlərinə balaca çınqıllar atmağa məhkum etdimmi?” - dedi.

Və geri qayıtdı.


Humanitariya

- Pampersün var?
- Əzva!
- Yaxşı, onda “O.key O.bey”ivü göstər.
Bir-birlərini döşəkcələdilər.
- Pampersünnən utanırsan bəyəm?
- Tı sovsem obnaqlela!
- Gto ne ə, gto ONA! - qarşısındakı köhnə, arxadan bağırsaqları görsənən yarırəngli “Beryozka” televizoru göstərdi və əlindəki döşəkcəni ekrana tolamazladı.
- MTV-yə vur!
- Davay, poskoçim na MCM...
- Onda Shannel V-yə at! Bolee takoy, ne ambisioznıy...
- MTV - moskovskie. Luçşe bılo-bı aziatskoe çto-li?
- Luçşe bılo-bı ne fiqnə! Gələ, başıvu sox teleəhikin içinə, bil!
Döşəkcəni rəfiqəsinin başına bürəyib televizora - evin ortasına tərəf sürütlədi. Cırmaqlaşdılar. Durdular. Öpüşdülər. Və əlüstü iki adama bir siqaret yandırıb növbəli sümürdülər. Tüstünü buruxlandırıb bir-birilərinin dodağına itələdilər.
- Vse kanalı upravləetsə iz odnoqo mozqa. Vse! Poçti VSE, ssukinı deti! Gti, qumanitarnıe rruki! Oni smotrət na nas kak barani staə, blin! Oni sobiraet nas vmeste, oni nas stareöt, nad nami uçətsə! A potom rojdaet novuö pokoleniö. Toje samoe! Potom pereodivaet druqix-je, iz naşix, opət-taki. İ vot takix, kak vot gtot tvarğ-veduhiy! Vo vsem estğ kokoe-to qumanitariə, tı çuvstvueş gto? Qumanitarnaə nasiliə, tı gto nöxaeş?!
- Özüvü cırma, bildik də!

***

- İçməyin var?
- Çay.
- Bəlkə krantdan su...
Şaqqanaq.
- Toqda Srrate!
- Quduzluğuna etibar et!
Çoxlu söyüş.
- Pro qumanitarii rasskasoval mne odin çuvak, takoy urodlivıy, no besspodobnıy...
- Hə, bizim də bir itimiz vardı, uy daad, necə uzaqlarda qaldı. Çoox uzaqlarda. Bozdar. Ov itiydi. Kənddə. Çox məzəliydi, amma ağıllıydı...
- Tı vseqda ne to qafqaeş, vseqda...
- Qafka, qafkayu... MTV elə Kafkadı də... MTV - eto Kafka!
Şaqqanaq. Döşəkcə davası. Sonra mütəkkəyə, sonra yastığa cumdular...


Aydınlıq

- Vyetnamkalar yadındadı?
- Maz?
- Yox, çəkələk.
- Hə, qəhvəyi kimi.

***

Səkidən düşüb-çıxır, o boyda qarınnan qabağından gələnin birinin yoluna keçmir. Səkidən düşəndə də, qalxanda da qarnının atılıb-düşməyi bir yana, fır-fır fırlanır.
- Saat altıdan sonra yeyənin atasına nəhlət!
- Yeyirsən, ye də. Cəhənnəmə ye.
- Bura səninçün Avropa-zad deyil.
- Avropada qarınlı adam bizdən çoxdu.
- Bə nə deyirsən?
- Bu qədər sallaq görünmür. Şalvarı yuxarı çək, sən mənim canım!
- Yəni, boğazıma qədər?
Bir də səkidən qalxıb-endi, bir də qarnı öz oxu ətrafında azınnan üç dəfə dövrə vurdu. Düz çənəsinin altında...

***

- Vyetnamkanı niyə soruşdun?
- Polkaya vyetnamka gətirirəm.
- Satmağa?
- İşlətməyə!
- ...
- Vyetnamka də. Qız. Yataqxanadan tutmuşam.
- Əla millətdilər.
- Nədən bilirsən?
- İki tərəfdən də başlarına güllə dirəmişdilər.
- Kim.
- Amerikanlar, bizimkilər.
- Hansı bizimkilər?
- Ruslar. Hamı... Mənnən tanış elə!
- ...
- Danışır?
- Rusca.
- Vyetnam barədə... danışır?
- Nə danışsın?
- Hə də...

***

Papkasını qoltuğunun arasına sığdı.
- Burda iki nüsxə götürmüşəm. Guya sənin hökumət maaşın beş şirvandı.
- Onda əmək haqqının neçə mislincə cərimə var?
- Bunun dəxli yoxdu, istər bir milyon al, cərimə iki mislincə hesablanır.
Pivə içdilər. Noxudnan. Piti yedilər.
- İstər beş milyon al, hə, yenə iki mislincə?
- Yenə.
- Gələ, bu da sənə iki misli.
- Mənə yox, ona.
Papkanı açdılar. Yazdılar ki, bu müddət ərzində fəaliyyətimiz “ölü” olub.
- Özüvə də aydındı, eləmi?
- Belə də, ümumən. Qarmaqarışıq aydındı...


Ekspert

...- bacımsan, meyitə toxunma də, olmaz... Hə, sağ tərəfində dur, hə , bax helə! Oop! Çox sağol! Vəssalam, indi keçə bilərsən... Yoox, orda durma, bacımsan...

***

...- belə olur ki, hüceyrə ölmür. Günlərcə. Bu barədə bilirik də. Lap aylarca ölməyənləri var... Çəkir, çəkir, çəkir-uzanır də... İndi, bundakı kim bilir, nə qədər çəkəsidi. Sən deyən kimi, uzun çəksə, özü əriyib-gedir ki... Atamın qəbri haqqı, deyir, durduğu yerdə əriyib-itir... Mən də həmişə deyirəm də. Deyirəm, hüceyrə ölmür axı. Biri sağda, biri solda. Həşarat kimi şeydi. Onu ötürdün içəri, iş-işdən keçdi. O, nə qədər ki var, virus da var. Sağ yumurtalıqda da, sol yumurtalıqda da... Bundan ibarətdi həyat. Sənə bir gün... yaxşı, gəl bir azdan ordan keçək, mən obyekti qurum, dediyimi də göstərrəm...

***

...- hə, mən onlara demişəm. Atamın çürüyən qəbri haqqı, o andırı geymirsən, geymə. Onda qıçuva bağla! Məsələ təkcə bunda deyil ey! Orda içəridə kaşa-malaş bir dünya var. Adam az qala hər dəfə öz əlini içəridə-içəridə görür. Elə hər dəfə əl ora çatınca da oranın işləri korlanır: zibilxanaya dönüb gedir də iç... Adam indi ağcaqanaddan da qorxur, atam haqqı!

***

...- deməli, əvvəl deyirdilər ki, sağ yumurtalıqda olan sol yumurtalığa keçmir. İndi yumurtalığın içində nə var, az qala qarında, əllərdə gəzir. Az qala uçub gedir havaya. Bilirsən, havadandı ey, nə varsa. Əlimizdən hər şey uçub-gedib quş kimi, alıcı quş olub qayıdır də üstümüzə, ata haqqı!

***

...- indi başuvu sal bu deşikdən. Torqovını görürsən? Nə görürsən? Fənərlər. Vitrinlər. Balkonlar. Koka-kola, loto... Adamlar da görürsən... Nə təhər görürsən, belə birtəhər, hə... Sağına-soluna yaylanır, sağını-solunu vurur, əti-ətcəyi sallanıb elə bil. Çiyinləri düşük-düşük, görürsən? İndi gör mən nə çəkirəm. Müştərilər ordan bura baxanda məni görür, mən də müştəri olmadımı, burdan ora baxıram. Hərdən sən görmədiklərini görürəm. Sözə gələsi deyil, atamız haqqı! Dur, çəkirəm səni!

***

...- qərdeşimsən, meyitə toxunma. Hə, bir azca sağ tərəfə dur, hə bax belə! Yox, yoox, orda durma, sən Allah, qərdeşimsən...


Ensiklopedi

...- ata dodaqlarının qırağı çatlaq, qanı qaçıb, bədbəxt eləbil çörək yemir. Balasıyçün ölür. Ayaqüstə də özü. Hardan tapır, bu qədər çoxistəməkliyi...

***

...- indi, Əlibala müəllim, min cür ensiklopediya çıxıb. Heyvan, təbiət, maşın, silah, Afrika, Amerika, okean, nə bilim, min cür... Hər gün birini alıb-gətirir, hər gün də boxçasında kərə yağı, təndir çörəyi... Hərdən üzbəüzdəki qaçqınlardan fətir götürür. Uşaq da hər dəfə atlanır, yazıq o qədər yorğun olur, uşağı qucağına almır, çökür, çöməlir qızı qabağında. Həftədə bir fırça gətirir, tuş, rəng, karandaş, pozan. Ölür bu qızçün... İndi fırçalar hamısı zay gündədi. Hər gün də ona pul verir. O da qaçır. Dondurma alır: kefdədi. Arvad deyir, arvadı qıza yüzmanat-yüzmanat yığdırır, ata da bu tərəfdən hər gün bir tablo çəkdirib əsərləri qızınnan pulnan alır...
-... kapital...

***

- ... izm?
- İzm, Əlibala müəllim... Baxçanı alman səfirliyi yemləyir. Dünən gətirdilər. Arvad cuuddu. Yaman düşüblər bu cuuddarın üstünə...
-... neynirlər ki?
- Karobka-karobka, karobka-karobka gəlir. Harda cuhud var, orda alman barmağıdı, ya da tərsinə. Deyəsən, almanlar bu yolnan cuhudları hər yerdə kontrola götürür.
- Getdi ta...
- Bilməy olmaz, Əlibala müəllim...
- ...olsaydım...
- Nə?
- ...

***

- O gün bir ensiklopediya da mən aldım nəvəmə. Heyvanlardan. Əşşi, bu Afrikanın nə qəşəng rəngləri var, əməlli-başlı təbiəti-zadı. Biri də Amerika. Mən elə bilirdim, Amerikada heyvan-filan yoxdu.
- Nə var?
- Adam, maşın, maqnitofon, nə bilim axır, belə birtəhər bilirdik də.
-... ayılırsız...

***

- Ensiklopediya qalmayıb ta, Əlibala müəllim. Ensiklopediyanı oxuyursan, dünya semiçkaçırtlamaq kimi bir şey olub, sirr qalmayıb. Uşaqlara maraqsızdı, nəvəm bir az çevirdi o üz-bu üzə, atdı.
-...oxutdurma...
- ...nə təhər oxutdurmuyum?!
- ...özü baxsın...
- ...nə danışırsan, əşşi...


Mağar. Mağara

Dəmir krovat bezdirdi. Kalafa kimidi! Bir arşın quyu dərinliyində. Kələyi kəsilir. Qızların arasından atlanıb qoyun dərilərinin üstünə yayxandı. Xırda qıza belini ovdurdu...

***

Qızlar dalınca baxdı. Bulağa getdi. Baldırğan qırıb gətirdi. Özü yedi, soyub qızlara da yedirtdi. Böyük Qız baldırğanın ən uzununu götürdü: qalın ucundan tutub nazik ucunu boyun-başına, göbəyinə sürtdü. Baldırğanı qarnına-göbəyinə dayadı. Qurşağına uzatdı. Baldırğan əyilib-sındı. Yarısı Böyük Qızın göbəyinə düşdü, yarısı bunun dizlərinə. Böyük Qız onu aralarına çəkmək istədi. Əlini atladıb durdu. Balaca Qızın əlindən yapışıb çıxdı...

***

Sünnət sabah olacaq! Evcik-evcik qurmağı istədi. Qız onun da dəmir-dümürünü ətəyinə yığdı. Alça budağı, gilənar budağı sındırdı. Ağzıyoxuşa yıxıla-dura qalxdılar. Şikəstə oxuyurdu. Sağını-solunu vura-vura qalxırdı. Qız ondan xeyli dalda dırmanırdı. Sürüşəndə dırnaqlarını daşa-torpağa atır, ətəyini yayılmağa qoymurdu...

***

Şeytan sıldırımının üstünə qalxdılar. Ordan hər yer görünürdü. Bütün çaylaq və bütün vadi. Qız üstü mamırlanmış xırda bir qaya altında ətəyini boşaltdı. Evcik üçün yer qazdı. Evcik qurmamış çəpərlədi: xırda, rəngli daşları torpağa batırıb düzdü. Çəpərin başına daha iri bir daş batırdı. Daşın qırağına qab-qacaq, tava-oxloy qoydu. Ayağına alça çiçəyini, gilənar çiçəyini basdırdı. Hamısının üstünə ağ tül pərdə qırığı çəkdi...

***

Sıldırımın üstündə bir cır palıd bitmişdi. Altında ayaq dəyməmiş mağara. Ora yol yoxdu. Palıddan tutub, mamırlığı arada qoyub saqqız kolunun içinə atlansaydı bəlkə görünməzliyə düşüb tikə-parça olmazdı. Atlandı, sürüşdü, düşdü...

***

Mağara içindən səsi gəldi. Balaca Qızı çağırdı. Evciyi də ətəyinə yığıb gəlməyini ayıtırdı.


Ovuntu yağmuru

Tərpəndi! Kərtənkələlər və ömarlar üstümə qaçırdılar. Elə bildim, mənə cumurlar: üzü yuxarı çır-çınqıl axınına tərəf. Tərpənişin kökündən qaçırdılar. Aşağıdakı çaylaq tərəfdən, qarşı quzeydə görünən saqqız və zirinc kollarının dibindəkilər - qaçmağı bacaran nə vardısa, həşarat, ilan-çəyən. Bir ilan boğdum. Biri də məni sancdı. Bir quşa əl atdım. Mağaranın küncünə sığınmışdım. Quzeydən kol-kos, bur-budaq, burdan çınqıl, sal qaya parçaları çaylağa fitillənirdi...

***

Nərgizləri qabırğama sığıb aşağı götürüldüm. Tolamazlandım. Çoxlu kərtənkələ və koramal cəsədlərinin içindən keçdim. Bir az da aşağıda görünməmiş soxulcan, qırxayaq, əqrəb, dozanqurdu cəsədlərini adladım. İri, ətli-canlı. Cəsədlərində də dırmanmaq iddiası. Hərəsinin bir caynağı bir parça çınqılın üstünə ilişik qalmışdı. Bütün caynaqlar da yuxarıya tərəf. Yəqin aşağıda - çaylaqdakı qızıl balıqlar da yuxarıya atlanıblarmış. Ora yolum getmirdi. Amma baxdım. Ora sadəcə örtülmüşdü və güneylə quzey arasında çınqıl gölləməsi düzəlirdi.

***

Pəyənin dalını dəlmək istədim. Hənirti eşitdim. Peyin iyi. Pəyənin qapısına tərəf cumdum: sel nohurlarından adlayıb, dırmaşıb pəyənin içinə atılmışdım. Özümü camışların içinə yetirdim. O vaxt yaşım az olardı. Bəlkə də körpəydim. Bilirdim ki, bu dirəklər palıddandı.

***

Palıd sevmək sirli bir şeydi. Palıd nənədən və camışdan sonra üçüncüydü. Amma camışdan şübhəm vardı. Palıda inandığım qədər heç nəyə inanmamışdım.
Dirəklər ovulurdu. Birdən-birə ovulur, sonra biraz dayanır. Hər dirəyin içindən təzə qatlar çıxır. Bu qatlar da ovuntu həlqələridi. Camış dirəyin birini buynuzladı, üstünə çığırdım. Təzə ovuntu qatı açıldı. Bu qədər ovuntu bizim camışların və bizim pəyənin dirəklərində hardanıydı. Dünənəcən sürtülüb nazilmişdi. Səmənd madyan ayağına oxşayırdı. Qabığını gəmirib qurtarmışdılar, lap çoxdan. Özü sürtük qayış kimiydi. Dik dururdu.

***

Qaçıb dədəmə-nənəmə xəbər verincə kəlçəni çölə atmaq gərəkirdi. Dişi kəlçə. Bəs erkəyi. Erkəyi də burda qalsa?! Erkək kefindəydi. Dirəklər ovulduqca mən içəridə qalırdım. Bu qədər sonsuz ovuntu görməmişdim. Ovuntu gedir, dayanır, gedir. Nə camışlar, nə kəlçə, nə camış buğası damdan çıxmırdı. Ovuntuya baxmırdılar. Kədər və xəstəlik gününə düşdüm.

***

Pəyənin bacasına baxdım. Dırmaşdım və əlimlə toxunmaq istədim. Nəmiydi. Bir parça güzgüdən ovulub tökülən və sonluğu buludların əlində olan yağmurlar kimi bir axıntıydı. Kədərli. Yağmur ovuntu.


Mələfə. Kələfə.

Ayağın altında - düz yerəcən üçkünc hava boşluğu var. Düz yerəcən. Amma yer görünmür. Yerə sığınmış yarımzirzəminin damı bizdən doqquz mərtəbə aşağı - deməli, hərəsi ən azı üç yarımdan... və bir az da orasını-burasını üstəgəl, doqquz mərtəbə! Amma lap da ayağımızın altında ağ mələfənin ucu yellənir. Kimin ola? Hardan gələ? Paltar ipində tək mələfə! Hanıki, paltar ipi? Yoxdu axı paltar ipi... Ki, bizə ilişə. Bəlkə, ayağımızın altında eyvan var? Yox, bu şüllüt divarda eyvan harda?.. Yoxdu ki, yoxdu!

***

Qabırğalarımın səsi gəlir. Divarların əlindən özümü göyə bağlayıb doqquzuncu mərtəbədəki ağ, qanlı qadın yatağına tərəf boy atıram. O da ordan bir dəlik açıb. Pəncərə. Ora gəlib çatanacan lağım atıb, lağım! Və yalquzaq bir pəncərə qayırtdırıb. Altına paltar ipi düzəltdirib. Hər iki ucu öz dəliyinin həndəvərinə bağlı. Mələfə hər gün, hər gecə yellənir. Ağ-appağ. Ortası gölməçə kimi qan ləkəsi...

***

Yuxarı baxdılar! Şəbəkəsi iri pəncərələrin arxasından binaların arasında yaranan üçkünc boşluğa baxdılar və o mələfəni gördülər: “Orda ya qadın, ya da qadın ruhu yaşayır”. Bir qocanın bu qəflət ixtirası hamını heyrətə saldı. Sən fəhmə bax!

Burda - şəbəkəli pəncərənin dalında, gizlində, səhv eləmirəmsə, ikinci, ya üçüncü mərtəbədə gözlərinin altı tuluğ, ərincək, süst və hər gün özünü min kərə, hərdən bir kərə, hərdən heç kərə yatağındaca içindən asıb gələn kişilər işləyir. Sudurğası tutub-buraxmış adam kimi göm-göy göyərmiş kişilər bir binaya işə gəlir. Onlardan biri bir vaxtlar qaçıb Yelli Yurdda qaymaqçiçəyi çəmənində torpağa sürtünmüş, sonra demişdi ki, xeyri yoxdu, bizdən asfalt iyi gəlir...

***

Kassir otağından (bank otağı) mələfənin ucu görsənir. Qızılı büstün qarşısından iki gözəl xanım keçir. Biri portotip telefonu əlləşdirir, o birisi tay qab əlində. Birinin qara yubkası, qırmızı qoftası, o birinin qaymağı qoftası, sarı yubkası. Gözəl ayaqları. Belə olmalıdı. Heç kəs əyriayaq qadınları sevmir. Qadınlar yağlovça qabları yumağa gedirlər və budur, radio səsi. Pəncərədən radio musiqisi üçkünc hava boşluğu boyu yuxarı qalxır. Sonra, günün-günorta çağı kimsə gəlir və vestibüldəki qızılı sudan çıxmış büstü mələfəyə bükür ki, toz olmasın. Birisi də axşamüstü gəlir və vestibüldəki büstü azacıq itələyib elə qoyur ki, Büst yellənən mələfənin ucunu da görməsin...

2000
XS
SM
MD
LG