Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:12

SALAM. Qaçqınkom.com


Salam Sarvan
Salam Sarvan
Şair Salam Sarvan öz şeirlərindən və digər yazılarından seçərək "Oxu zalı"nın kitabxanasında yerləşdirməyimiz üçün göndərib. Salam bəyə buna görə dərin təşəkkürümüzü bildiririk. Yazılar yaxın günlərdə kitabxanaya yerləşdiriləcək. Hələliksə həmin yazılardan birini kitabxanamıza daxil etməklə yanaşı "Oxu zalı"nda təqdim edirik.


Salam Sarvan


QAÇQINKOM. COM


Xalqa satlıq pişiyini sırımaq istəyirsənsə,
əvvəlcə ona havayı siçan ver.



Murovdağda satılan torpaqlar deyirdi ki, torpaq – əgər uğrunda ölən varsa vətəndir... Sulutəpədə satılan torpaqlar deyirdi ki, torpaq – əgər üstündə yaşayan varsa vətəndir...
İmişlidə məskunlaşan qaçqın Arus deyinirdi:

– Bu hökumət mənim nəyimnən gördü belə? Başqalarını ağ çadıra, qızılı çadıra ötürdü, məni qara çadıra.

Qaçqın Nəbi ölüm ayağında götürdü prezidentə məktub yazdı ki, onu öz torpaqlarına qaytarsın, oralarda qəbir yeri havayıdı...

O vaxt ki, Azərbaycanda Sevinc də vardı, Bəxt də, Ümid də – hamısı da loto şəklində...
Qiymətli Kağızlar Komitəsinin vəzifədən çıxarılandan sonra müflisləşmiş sədri ah çəkdi:

– Hər bir kəsin həyatında elə bir an gəlir ki, onunçün bütün kağızlar qiymətli olur – hətta tualet salfetkası da.

Atası dedi:

– Xalqımız milyonçu xalqdı, bir milyona yaxın qaçqınımız var e...

Atalar dedi:

– ... (Mətnin bu yerinə bir milyona yaxın atalar sözümüz əlavə olunur).

Qaçqın Nəbi, ermənilərin zəbt elədiyi evinin və həyətyanı torpağının əvəzində özü də şair Əlisəmid Kürün Bakıdakı üçotaqlı evini və Biləcəridə yarım hektar torpaq zəbt eləmişdi. Mən görməmişəm, amma deyilənə görə, Əlisəmidin evinin pəncərəsi dənizə baxırmış – statusu hələ də müəyyən olunmamış Xəzər dənizinə.

Canın sağ olsun əşi, şair olan qəm də yeyər...

...Sulutəpədəki 2-3 mərtəbəli villalara çadırdan baxıb əsəbləşməkdə Arus haqlıydımı?

1. Haqlıydı. Çünki, o villaları elə tikirdilər ki, onlar öz görünüşüylə qara camaatın üzünə irişirdi, qəh-qəhə çəkirdi, ələ salırdı camaatı. Hərçənd o villaların proyektini elə vermək olardı ki, bir az qaşqabaqlı, bir az fağır görünsünlər və kasıb-kusubun sifətinə hırıldamasınlar, mərmər dişlərini ağartmasınlar.

– Qudurublar. Bizim payımızı basıb yedikləri azmış kimi, üstəlik bizdən yediklərini qaytarıb bizim üstümüzə qusurlar da... – Arus deyirdi.

2. Haqsızıydı. Çünki, onun öz kəndində də evlərin hamısı bünövrədən iki mərtəbə qalxırdı. Baxmayaraq ki, ikinci mərtəbəni başa gətirməyə nə ömürləri çatırdı, nə də pulları. Təki bayırdan baxanda hündür görünsün.

Elə “Böyük Turan”, “Vahid Azərbaycan” quruculuğuna da çatışmayan bu 5-6 kub taxta, 5-6 min də çiy kərpic olub da.

Vaxt gələcək Qaçqın Nəbi də ölüb gedəcək bu dünyadan... Yox, Nəbi dünyadan getməyəcək, o yazıq dünyanı görməyib axı.

O Nəbi ki, doğma torpaqlarda qoyun otardığı vaxtların birində əlini gözünün üstünə qoyub dağ başından bircə dəfə bu dünyaya baxmışdı və demişdi:

– Busan da, dünya... Demokratik Amerikasan, Qardaş Türkiyəsən, Avropasan-nəsən, axır ki busan da. 5-6 hektar otlaqsan, 5-6 yüz qoyunsan, 5-6 dənə də itsən... Busan da...

Qaçqın Nəbi xoşbaxt adamdı, onun ölümü üçün şərəfli səbəb bəri başdan hazır idi – qəzetlər yazacaqdı ki, kişi torpaq xiffətindən öldü.


Hə də, indi bizdə yalnız əcəldən ölmək SPİDdən ölmək kimi ayıb bir şeydi. Gərək ortada milli və ya buna bənzər səbəb ola – dəb belədi. İndi Qaçqın Nəbi buna görə ürəyinin dərinliklərində çox sevincək idi.

...89-cu ildə isə mən yaman sevincək olmuşdum. O vaxt deyiləndə ki, hansısa dünya mətbuatı bizi ilin xalqı elan eləyib. Ta orası mənə çatmamışdı, “ilin xalqı” olmaq o deməkdi ki, biz heç vaxt tarixin xalqı olmamışıq.

Həə, Qaçqın Nəbini də başdaşılar boy sırasıynan düzülmüş qəbiristanlıqların birində basdıracaqlar, bir başdaşı qoyacaqlar və o daşın hündürlüyü yanındakından mütləq iki santimetr hündür olacaq. Üstündə də yazı: “Oğlanlarından xatirə”...

Molla Xanım camaata heç vaxt demədi ki, Allahınız olsun, başdaşı diridən xatirə ola bilməz, o, ölüdən bu dünyada qalan xatirədi.

Demədi ki, iri gözlər özlərini görməyə yox, görünməyə həsr eləyirlər.

Demədi ki, bu efirdə oxuyan kişinin əsl adı Mameddirsə, niyə bağırır ki, “Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam...”

Sonrası da elə belə oldu da, Fatma Nisə də durub dedi ki, bura bax, mən də “Azərbaycan qızıyam... Gözəllik ulduzuyam...”. Özü özünə girişən xalqın lap sonrası da belə oldu ki, Lerikdə 70 yaşlı kişi həmyaşıdı olan prezident haqda dedi: «Allah babamın canını sağ eləsin».

Allahsa bizə Himn verdi, Səs vermədi – oxuya bilmirik...

Ancaq yaza bilirik. Az.Tv-nin həyətindəki 5-6 ağacın arasında kamera qarşısında fikirli-fikirli gəzən şairlərimizə (adətən, bu vəziyyətdə onların hamısı ağacdan mütləq bir dənə yarpaq dərməlidirlər) bax. Şuşa barədə kitab-kitab şeir yazan bizim bu vətənbaz şairlərə məsələn, Culfanın işğal olunması qəti sərf eləməzdi. Culfanın qafiyəsi çox azdı, çünki.
Canın sağ olsun, əşi, şair olan həm də yeyər.

İndi noolsun ki, şöhrətdən də gözümüz doymur, üstəlik o şöhrətin ordenini də istəməyə başlayırıq.

Qaçqın Nəbi doğma torpağda təkcə ev-eşiyini yox, ahıl vaxtında gözaltı elədiyi molla Xanımı da qoyub gəlmişdi. Ölüsünü, yoxsa dirisini, indi də bilmirdi.
Nəbi ələmgəzdirən idi və bu hesabla onların ikisi də Allahın yerdəki dəftərxanasının işçiləriydilər.

Hayıf ki, molla Xanım salavatın birinin bir manata qalxdığı indiki yas məclislərini, bir də demokratiyanı görmədi. Artıq seçki qutuları da şəffafdı, bir azdan nəzir qutuları da şəffaf olacaq, inşallah. Qalan şeylərsə təsadüfdü – həm dollara, həm də Səməd Vurğun küçəsindəki məscidə “GÖY” deyilməsi də, GÖY məsciddən bir az yuxarıda MAVİLƏRİN yığışması da...

Qaçqınlar doğma torpaqlarda təkcə ev-eşiklərini yox, qoyun-quzularını yox, həm də kənddə illər uzunu qazandıqları adları qoyub gəlmişdilər. Oralarda Ələm Nəbinin “Ələm” adı, Qarğı Musanın “Qarğı” adı, Cahargah Arusun “Cahargah” adı qalmışdı. İndi hərəsi şəhərin bir tərəfinə dağılışmış bu adamları bakılılar “metirkadakı” kimi tanıyırdılar və bu hesabla onlar təzədən doğulmuş adamlar idilər...
Arus deyirdi:

– Kənddən çıxan böyük adamların adını verməyə kənddə nə küçə, nə yol, nə xəstəxana, nə teatr var. O adları şəhərdəki yerlərə verdilər.

Qaçqın Nəbinin ən çox işlətdiyi söz isə buydu: “Jirinoviski qələt eləyib elə deyib”.

Şuşa
Şuşa
Jirinovski, doğrudan, qələt eləmişdi. Babası Qoç Koroğlu, havası Qoçəli, bürcü Qoç bürcü olan insanları qoyun adlandırmaq olmazdı.

Hələ mən onu demirəm ki, Koroğlunun dəlilərindən birinin Kürdoğlu yox, Qurdoğlu olması haqqında 50 il mübahisə eləyən camaata qoyun demək ayıbdı.

... İl qurtarır. Yenə də yanvarın 1-də yeyib-içib, yanvarm 20-də qaşqabağımızı sallayıb soyuqdan büzüşə-büzüşə bahalı qara mərmərlərin tamaşasına gedəcəyik. Ora hər kəsin yaddaş yeridi, indi noolar ki 20 yanvarda şəxsi evlərin divarlarına dəyən güllə yerlərinin birini də heç kəs saxlamadı. Hamı öz evindən o izləri sildi, yevroremont elədi.
Bu il də yanvarın 20-də siyasətçilər qara kostyumlarını, qara saroçkalarını, qara ayaqqabılarını geyib, qara kəmərlərini, qara qalstuklarını taxıb çıxacaqlar ekrana. Onlar hüznlü günlərdə “padsvet” geyinməyi çox sevirlər.

Neynəyək, təqvimimizdə basabasdı da... Ordakı günlər ya qırmızıdı, ya da qara, adisi yoxdu. Hamısını qeyd eləyəsi olsan, gərək gündə bir cildə, bir ovqata düşəsən.
Onsuz da ulduz falları dəbə düşəndən bəri kalendarnan hərəkət eləyən yoxdu daha. Məsələn, daha bizimkilər təkcə aprelin 1-də bir-birlərini aldatmırlar.
Əladı, cəmiyyətdə saxta yalan yerimir...

Yenə də idmana şükür. Erməniləri futbolda udan oyunçularımızın hər birinə xeyli pul verildi. Hayıf, müharibədə ayağını itirmiş əlillər heç vaxt futbol oynaya bilməyəcəklər.
İndi qoy bir sirr açım sizə. Bütün bu problemlərin bir səbəbi də ondadı ki, buralarda qar yağmır. Azərbaycanda qar olmadığındandı ki, burda bir sürüşkənlik mühiti var. Buranın fiqurlarının əksəriyyəti fiqurlu konkisürənləri xatırladır.

Qar lazımdı bizə. “Qoryaçi krov”lara bir az üşümək, bir az donmaq lazımdı. Buz lazımdı bizə. Məsələn, bir əlacımız da xokkey meydançalarının salınmasındadı, “Azadlıq”, “Qələbə” meydanla-rından bir şey çıxmadı, heç çıxmayacaq da.

İdmanın inkişafından danışdıqsa, gərək xalqımızın gimnastikasından balaca bir reportaj verək:

1-ci hərəkət: Əlləri yanda idi. “Farağat” komandasından sonrakı vəziyyətə oxşar görüntü. Nizamilik görüntüsü, hazırlıq “stoykası”...

2-ci hərəkət: Sonra sağ əlini yuxarıya qaldırdı. Düyünləşmiş yumruq və “Azadlıq” qışqırıqları.

3-cü hərəkət: Qalxdı-oturdu, oturdu-qalxdı...

4-cü hərəkət: Sonra hər iki əlini yuxarı qaldırdı. Təslimçilik.

5-ci hərəkət: Əlləri hər yerdən üzülmüş vəziyyətdə.

6-cı hərəkət: Nəhayət, əllərini qabağa açıb dilənməyə başladı...


...Qaçqın Nəbisə öldü. 90 yaşında. Anonim bir ömür.

Yəqin, yüz ildən sonra elm onun ucbatından çaş-baş qalacaq. Ki, tarixdəki əsgər çəkməsi izlərinin yanındakı bu qaloş izləri hansı xalqa məxsusdu görən?

Qurtarıram... Axırda 60 və 70 yaşları yüksək səviyyədə qeyd olunmuş sənətkarlarımızı təbrik eləyirəm. Bəli, bizdə sənətkarın dəyəri yalnız yuvarlaq rəqəmlərdə ifadə olunur. Biz xırdaçı deyilik, yalnız yüzlüklərdən və minliklərdən ibarət pulumuz da belədi.

Nəhayət, yubiley təbriki: Hörmətli Sənətkar, siz 50 il sənətdə can qoymuş, xalqa xidmət eləmisiniz. Sizin bir-birinin dalınca çıxan “Ən qədim Azərbaycan”, “Vahid Azərbaycan”, “Şimali Azərbaycan”, “Qarabağ”, “Kəlbəcər”, “Kərkicahan” kitablarınız var.

Düzdü, o kitablar dünyanın bir-neçə dilində çap olunmasa da, Azərbaycanın bir neçə əlifbasında dərc edilmişdir...
XS
SM
MD
LG