Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:49

2 aprel məhbusu: «Bizim məhkəməmiz «avtobus şousu»dur»


Sahib Kərimov
- İstintaq materiallarında mənim nə isə sındırdığıma və ya digər hər hansı cinayət etdiyimə dair bircə kəlmə, bir şahid ifadəsi də yoxdur. Belə olan halda mən nəyə görə həbsdəyəm?

İctimai Palatanın 2 aprel aksiyası zamanı həbs olunmuş AXCP sədrinin müşaviri Sahib Kərimov bu sualla məhkəməyə, hakimə üz tutdu.

İyulun 22-də Səbail rayon Məhkəməsində 2 aprel aksiyası zamanı həbs olunmuş 6 nəfərin işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bunlar AXCP üzvləri - Sahib Kərimov, Babək Həsənov, Zülfüqar Eyvazov, Arif Alışlı, Müsavat üzvü Elşən Həsənov və bitərəf Elnur İsrafilovdur.

Onlar Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə təqsirləndirilirlər.

İttiham aktında deyilir ki, bu 6 nəfər asayişi pozub, polisin tələbinə məhəl qoymayıb, 25 mülki şəxsə və polisə xəsarət yetirib. Eyni zamanda, hərəkətdə olan avtobusu dayandırıb üç nəfəri qaçırdıblar, həmin avtobusa 1325 manat ziyan vurublar.

«AVTOBUS ŞOUSU»

Zərərçəkənlərin nümayəndələrinin də iştirak etdikləri prosesdə AXCP sədrinin müşaviri Sahib Kərimov və AXCP Nizami rayon Şöbəsinin sədri Zülfüqar Eyvazov sərbəst ifadə veriblər, dövlət ittihamçısı ilə vəkillərin suallarını cavablandırıblar.

AXCP sədrinin müşaviri Sahib Kərimov ifadəsində bildirib ki, ittiham saxtadır, qərəzlidir və ortalıqda heç bir cinayət faktı yoxdur. O, məhkəmə işini «avtobus şousu» adlandırıb:

- Mən sadəcə, avtobusun qapısını yumruqla döyüb sürücüyə demişəm ki, «aç qapını!». Hər gün 200 min adam avtobusun qapısını döyüb, «qapını aç!» deyir. İstintaq materiallarında da var ki, sürücü mənim şüşəni sındırmadığımı deyir. Mən sürücüyə «açın qapını!» dediyimə görə həbsdəyəm, yoxsa «demokratiyaya qapını açın!» dediyimə görə?

Zülfüqar Eyvazov
Sahib Kərimov məhkəməni də azad hesab etmədiyini, siyasi sifarişlə işlədiyini bildirib.

Zərərçəkənlərdən biri Sahib Kərimova sual verib:

- Siz sürücünün başını qatmısız, bu müddətdə bir başqası arxadan gəlib avtobusa zərər vurub. Belə olan halda Siz özünüzü avtobusa zərər dəyilməsində günahkar hesab etmirsiz?

Zərərçəkənin bu sualı zalda gülüş doğurub.

Sahib Kərimov:

- Sürücünün fikri məndə qalmasaydı belə, o, öz yerində otura-otura avtobusa arxadan dəyən təpiyin qarşısını necə ala bilərdi ki?

«VƏZİFƏMDƏN İSTEFA VERMƏDİYİMƏ GÖRƏ HƏBS OLUNMUŞAM»

Məhkəmə prosesində AXCP-nin Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov da sərbəst ifadə verib. O deyib ki, etiraz aksiyasına şüurlu şəkildə, korrupsiyaya, inhisarçılığa, antidemokratiyaya «yox» demək üçün gedib. Zülfüqar Eyvazov bildirib ki, avtobusa zərər vurmaqda ittiham olunsa da, videoyazılar açıq-aydın bu ittihamın düzgün olmadığını göstərir:

- Mən sadəcə, əlimi uzadıb avtobusun pəncərəsini bağlamışam.

Dövlət ittihamçısı:

- Pəncərəni nəyə görə bağlamaq istəmisiz?

Zülfüqar Eyvazov:

- Avtobusun içərisində partiyamızdan olan qadınlar var idi. Avtobusun kənarında isə xeyli sayda tanımadığım adamları görüb şübhələndim ki, içəridəki qadınlara zərər vura bilərlər. Amma indi pəncərəni bağlamağıma çox peşmanam, çünki sonradan bilmişəm ki, avtobusun içərisinə qaz vurublarmış.

Fəxrəddin Mehtiyev
Zülfüqar Eyvazov onu da deyib ki, əvvəlcə onu şahid qismində ifadə vermək üçün polis bölməsinə dəvət ediblər. Daha sonra bölmədə ona təklif ediblər ki, partiyanın Nizami rayon şöbəsinin sədri vəzifəsindən istefa versin. Buna razılaşmadığına görə onu həbs ediblər.

VƏKİLLƏR HƏLƏ Kİ MƏHKƏMƏ İCLASININ GEDİŞİNDƏN RAZIDIRLAR

Zülfüqar Eyvazovun vəkili Natiq Mustafayev isə məhkəmədən ədalətli qərar gözləməsə də, hələ ki, prosesin hüquqi norma və qaydalara uyğun keçirildiyini deyir. O ki qaldı müdafiə etdiyi şəxsə:

- Zülfüqar Eyvazovun əməlində, ifadəsində heç bir cinayət tərkibi yoxdur. 186.1-ci maddədən söhbət gedə bilməz, çünki elə bir hərəkət qeydə alınmayıb.

AXCP üzvü Babək Həsənovun vəkili Fəxrəddin Mehtiyev də deyir ki, məhbuslara qarşı ittihamın saxta olduğu gün kimi aydındır:

- Məhkəmə dinləmələri də göstərdi ki, ittiham nə qədər saxta və əsassızdır. Bu gedişlə ittiham hökmü çıxarmaq mümkün deyil.

Həbs olunanların yaxınları və ailə üzvləri isə həm də məhkəmə iclaslarının uzanmasından narazıdırlar.

Növbəti məhkəmə iyulun 27-nə təyin olunub.
XS
SM
MD
LG