Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:00

Süleyman Rüstəm. Dilimə dəymə


Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə!
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə!

Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən,
Yan - deyib, od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə!

Mən ağa ağ dedim, qaraya qara,
Sən məni istədin çəkəsən dara,
Yenicə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!
XS
SM
MD
LG