Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

"Azərfon"a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir


prezident İlham Əliyevin qızları Arzu (solda) və Leyla (sağda) Bakıda Park Bulvarda, 20 iyun 2010
prezident İlham Əliyevin qızları Arzu (solda) və Leyla (sağda) Bakıda Park Bulvarda, 20 iyun 2010

Azərbaycan prezidentinin ailəsi ölkənin 3 mobil rabitə operatorundan birinin sahibi imiş.

Bunu Azadlıq Radiosunun əldə etdiyi sənədlər üzə çıxarır. Hökumət 5 ildir ki, bazarda olan və ekspertlərin fikrincə, kifayət qədər imtiyazlardan istifadə edən Azerfonun sahiblərini gizlətməyə üstünlük verib, ictimaiyyətə açıqlanan nadir məlumatlar isə həqiqətə uyğun olmayıb.

«Nar» ticarət markasının sahibi «Azərfon» mobil rabitə şirkətinin kimə aid olması barədə suallar hələ 2006-cı ildə, ölkədə 3-cü mobil rabitə operatoru olacağı barədə ilk məlumat veriləndən bəri ortaya çıxıb. Və elə ilk günlərdən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azərfon»un təsisçiləri kimi Almaniyanın «Siemens AG»-nin və Britaniyanın 2 şirkətinin adını çəkir.

«SIEMENS AG»: ««AZƏRFON» BİZİM DEYİL»

5 il ərzində RİTN dəfələrlə iddia edib ki, «Azərfon»un həmtəsisçiləri arasında «Siemens AG» şirkəti də var. (Bunu Nazirlik bizim rəsmi sorğumuza cavabında da qeyd edir - red.) «Siemens AG» şirkətində isə bunu ilk dəfə bizdən eşitdiklərini deyirlər. «Siemens»in sözçüsü Monika Bruecklmeier Langendorf sorğumuza
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin AzadliqRadiosunun sorğusuna rəsmi cavabı, 7 iyun 2011

cavabında deyib ki, bu şirkətin nə «Azərfon MMC»də, nə də Azərbaycandakı digər mobil rabitə şirkətlərində payı yoxdur.

Ümumiyyətlə, «Siemens» mobil rabitə ilə məşğul olan qurumlarını 2005-ci ildə («Azərfon MMC» yaranmazdan əvvəl) satıb.

Dedik, bəlkə, Azərbaycan rəsmiləri həmin bu «Siemens»in xələflərini nəzərdə tuturlar. Amma yox.

Finlandiyanın «Nokia Siemens Networks» şirkətindən aldığımız cavabda da bildirilir ki, onların «Azərfon MMC»də payı yoxdur. Sadəcə bu şirkət «Azərfon»a avadanlıq satıb.

«Müştərilərimizin pay hissələrinə sahib olmaq bizim siyasətimizə ziddir», - deyə NSN sözçüsü Anna Lehtiranta ona göndərilən sorğuya cavab verib.

Qəribə vəziyyət alınırdı. Bəlkə sadəcə fırıldaqdan söhbət gedir? Kimsə saxta sənədlərlə Azərbaycanın müasir texnologiya bazrına çıxmaq fikrinə düşüb?

VERGİLƏR NAZİRLİYİ RİTN MƏLUMATINI TƏKZİB EDİR

Rabitə Nazirliyi və "Siemens"in daban-dabana zidd açıqlamlarına Azərbaycanın başqa bir rəsmi qurumu son qoyur. Vergilər Nazirliyinin «Azərfon MMC»nin təsis sənədlərindən verdiyi çıxarışda deyilir ki, Ədliyyə Nazirliyinin 1105-T13-3906 nömrəsi ilə qeydə aldığı «Azərfon MMC»nin pay sahibləri 3 Panama şirkəti, bir Nevis adalarında qeydə alınmış şirkət və «Aztelekom»dur.

Paylar isə payçılar arasında belə bölünüb:

«Aztelekom» - 10 %,
«Cellex Communications S. A» - Nevis adaları - 18 %,
«Hughson Management Inc» - Panama - 24 %,
«Gladvyn Management Inc» - Panama - 24%,
«Grinnel Management Inc» - Panama - 24 %

Offşor (xaricdə vergidən və məsuliyyətdən azad zonalarda qeydə alınmış) şirkətlər vasitəsilə Azərbaycanda biznes qurma ənənəsi yeni deyil. Korrupsiya əleyhinə beynəlxalq hesabatlarda offşor şirkətlərdən əsl sahibin kimliyinin gizlədilməsi, yaxud qeyri-leqal işlər üçün tez-tez sui-istifadə edildiyi bildirilir.

PAŞAYEVLƏR AİLƏSİ?

Hələ 2007-ci ildə «Nar» ticarət markasının prezidentin qohumlarından birinə aid olduğu barədə danışılır və yazılırdı. Bu ehtimallar Azərbaycanın birinci xanımının da aid olduğu Paşayevlər ailəsinin zənginliklərinə həsr olunmuş «Wikileaks» teleqramlarında da əksini tapıb. ABŞ-ın müvəqqəti işlər vəkili Dövlət Departamentinə göndərdiyi teleqramda yazırdı:
Mehriban Əliyeva

««Nar Mobile»ın (rəsmi olaraq «Azərfon» kimi qeydiyyatdan keçib) da ailəyə bağlı olduğu bildirilir. Belə bir fərziyyə də var ki, şirkətin adı meyvə anlayışı yaratmaqla həm də Birinci ledinin bacısı Nərgizin adının ilk üç hərfini göstərir».

Amma hər şey göründüyü qədər sadə deyilmiş. Bir qədər sonra bu şirkətlərin arxasında ölkənin birinci ailəsinə məxsus hansı adların gizləndiyini də öyrənəcəksiniz.

«Azərfon» şirkətinin özü isə təsisçilərinin kimliyini açıqlamaqdan imtina edir.

Korrupsiya ilə Mübarizə Fondunun sədri Vasif Mövsümova şərh üçün müraciət etdik. Onun cavabı belə oldu:

«İki dövlət orqanı ayrı-ayrı məlumat verirsə və şirkətin məlumatları şəffaf deyilsə, burda çox güman ki, korrupsiya halı var».

TENDERSİZ YUXARI BAŞA

Amma ölkənin 1.6 milyon mobil telefon istifadəçisini əhatə edən şirkətin Rabitə Nazirliyi ilə münasibətlərində şəffaflıq problemləri bununla bitmir.

Ekspertlər Rabitə Nazirliyinin Azərbaycanın milli sərvəti olan rabitə tezliklərini «Azərfon»a verməsi prosedurunun da kifayət qədər şəffaf olmadığını bildirirlər.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Rövşən Ağayev deyir ki, ölkədə bu cür lisenziyaların tender nəticəsində verilməsini məcburi edən qanunvericilik 2001-ci ildən bəri qüvvədə olsa da, «Azərfon MMC» ölkənin rabitə bazarına tendersiz daxil ola bilib:

«Operatorlar ölkədə işləmək hüququ qazanmaq üçün tenderdə texniki və investisiya şərtlərinin daha yaxşı olduğunu sübut etməlidirlər.
Rövşən Ağayev
Azərbaycanda isə mobil operatorların heç biri tenderdən keçməyib. «Bakcell» 1995, «Azercell» 1997-ci illərdə bazara daxil olanda «Dövlət satınalmaları haqqında» qanun hələ yox idi. Amma 2006-cı ildə «Azərfon» peyda olanda bu prosedurdan keçməsi şərt idi. Bəlkə daha yaxşı şərtlər, daha ucuz və daha keyfiyyətli xidmət təklif edən namizəd ortaya çıxacaqdı?», - deyə Rövşən Ağayev sual edir.

Elə 2009-cu ildə «Azərfon»un 3G xidməti üçün lisenziyanı bu icazəni illərdir gözləyən rəqibindən tez alması və hazırda 3G monopolisti olmasını da ekspertlər müəmmalı hal kimi qarşılayıblar.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz RİTN-nin bu şirkətə havadarlıq etdiyini və 3G xidməti üçün də lisenziyanı tendersiz verdiyini deyir.

NİYƏ «SIEMENS?»

Hökumətin tenderlərlə bağlı hazırladığı şərtlər namizədin həmin sahədə beş ildən artıq təcrübəsi olmasını tələb edir. Qanuna görə, tezlik üçün müraciət edən şirkətlər həm də lazımi avadanlığa sahib olduqlarını da sübut etməlidirlər. Amma ölkənin üçüncü mobil operatoru seçilərkən «Azərfon» bu sahədə təcrübəyə malik olmayıb. Ola bilər ki, RİTN-nin «Siemens» şirkətinin adından istifadə etməsi də elə bununla bağlı sualların qarşısını almaq üçün imiş.

Hər halda, Rabitə Nazirliyi «Siemens»in təsisçilərdən biri olduğunu israrla təkrar edir. Alman şirkətinin bu məlumatı təkzib etdiyini, əsl təsisçilərin kim olduğunu bildiyimizi RİTN-ə yazdıq. Bu il iyunun 7-də aldığımız cavabda RİTN yenə də yazır ki, «Azərfon»un təsisçisi Almaniya Federativ Respublikasında yaradılmış və fəaliyyət göstərən «Siemens AG»dir.

Nazirliyin verdiyi məlumatın həqiqətə uyğun olmadığını bir daha «Siemens AG» şirkətinə müraciət etməklə təsdiqləyib, üz tuturuq Vergilər Nazirliyinin verdiyi çıxarışda adıçəkilən şirkətlərin sahiblərini müəyyənləşdirməyə. Axı heç kimə məlum olmayan Panama şirkətlərini Azərbaycana gətirən nə idi? Niyə RİTN onların adını çəkməyə çəkinib? «Azərfon» bu şirkətlərin və onların sahiblərinin adlarını niyə açıqlamır? Müəmmalı olan bir məsələ də var. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Azərfon» MMC-nin əsl sahibləri barədə məlumatı bilirmi? Yoxsa şirkət lisenziya üçün müraciət edərkən RİTN-ə də yanlış məlumat verib?

LEYLA VƏ ARZU ƏLİYEVALAR

Arzu Əliyeva və Leyla Əliyeva - 2007
Panama dövlət reyestrindən «Azərfon»un ümumilikdə 72 faizinə sahib olan şirkətlərin təsis sənədlərini əldə etdik.

Hər üç şirkətin Direktorlar Şurasında eyni adları görürük: Leyla Əliyeva, Arzu ƏliyevaOlivier Mestelan.

Bacılar həm də şirkətlərin prezident və xəzinədar vəzifələrini bölüşdürürlər.

Arzu Əliyeva «Hughson Management Inc» «Gladvyn Management Inc» şirkətlərinin, Leyla Əliyeva isə «Grinnel Management Inc» şirkətinin prezidentidir. Olivier Mestelan hər üç şirkətdə katib vəzifəsindədir.

Eyni xanımlar Panamada bir neçə başqa şirkətin də təsisçiləridir. Orada onların biznes partnyoru Mehriban Əliyeva göstərilir.

«Azərfon» şirkətində təsisçilərlə bağlı məlumatlar və şirkətin rəqabətdə imtiyazlı durumda olması inkar edilir. Prezident Aparatına göndərdiyimiz sorğuya isə həftələr keçməsinə baxmayaraq, cavab gəlməyib. Zənglərimizin cavabında isə «biz özümüz sizinlə əlaqə saxlayacağıq» cavabını eşidirik.

OLIVIER MESTELAN KİMDİR?

Onun adına «Baku» jurnalında rast gələrsiniz. O «Baku» jurnalında ki, Moskvada nəşr olunur və baş redaktoru prezident İlham Əliyevin qızı Leyla Əliyevadır. Olivier Mestelan barədə burda mesenat və kolleksioner kimi söz açılır. Elə Mestelan həm də İçərişəhərdəki «Kiçik QalArt» sərgi salonunun sahibi və Art Ex East Fondunun təsisçisidir. «Baku» jurnalındakı məqalədə Mestelanın Bakıda məşhur rəssam Aydan Salahovanın sərgisini təşkil etməsindən söz açılır.

Rusiyanın populyar Snob saytında sərginin açılışından verilən materialda isə cənab Mestelanın region ölkələrində çoxdan bizneslə məşğul olduğu qeyd edilir və incəsənətə marağından danışılır.

(Yazı videonun altında davam edir)


«Baku» jurnalından oxuyuruq ki, Olivier Mestelan Azərbaycana ayağını ilk dəfə 15 il əvvəl basıb. Onu buraya marağı gətirib. İndi isə Bakıda evi var və ildə üç-dörd dəfə bu şəhərdə olur. Mestelan ixtisasca hüquqşünasdır, amma müasir incəsənət nümunələri toplamaq hobbisi artıq kifayət qədər ciddiləşib ki, onun həyatının əsas hissəsinə çevrilsin.

Olivier Mestelanla əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı. Sərgi salonunun rəhbərliyi onun Bakıya az-az gəldiyini və başqa əlaqə imkanlarının olmadığını bildirdilər.

DUBAY MÜLKLƏRİNDƏN «NAR» KONTURLARINA QƏDƏR

Bu, Prezident İlham Əliyevin qızlarının Azərbaycandakı böyük biznesdə iştirakı və mənbəyi açıqlanmayan əmlaka sahib olması barədə ilk məlumat deyil. Daha öncə «Washington Post» qəzeti prezident övladlarının Dubay mülkləri barədə, AzadlıqRadiosu Arzu Əliyevanın dövlət bankını tendersiz özəlləşdirməsi barədə, Kontakt onlayn jurnalı isə birinci ledi və onun qızlarının ölkənin bank sektorunun böyük bir hissəsinə nəzarət etməsi barədə araşdırmalar dərc etmişdi.

Azərbaycan qanunvericiliyi prezidentin özünün və ailə üzvlərinin əmlakını bəyan etməsini tələb edir, iqtisadiyyatda proteksionizmi, təkəlçiliyi və qeyri-bərabər rəqabət şəraitinin yaradılmasını qadağan edir.

Bu ilin əvvəlindən korrupsiyaya qarşı genişmiqyaslı mübarizə kampaniyası elan edən Azərbaycan prezidentinin özünün ailə biznesinə dair suallar isə cavabsız qalır.
XS
SM
MD
LG