Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:29

Korgöz qəsəbəsində bir yay günü


Bir maşın suyu 30-40 manata alırlar
Günün istisindən qabarıb, çatlayan torpaq üzərində Qaradağ rayonunun Korgöz qəsəbəsinə doğru addımlayırıq. Qəsəbə sakinlərinin susuzluqdan şikayətləri ilə bağlı gəlmişdik. AzadlıqRadiosuna şikayət edən sakinlər deyirdilər ki, qəsəbədə su yoxdur və onlar məcbur olub bir maşın suyu 30-40 manata alırlar.

BEŞ QƏSƏBƏYƏ BİR AVTOBUS

Dağlıq ərazidə yerləşən Korgöz qəsəbəsinin 2 minə yaxın əhalisi var. Bu qəsəbəyə Bakıdan əvvəlcə Lökbatana, ordan da 91 saylı miniavtobuslarla getmək olar. Avtobus tam dolandan sonra yola düşür. Sürücü yolüstü də sərnişin götürür, ta o vaxta kimi ki, avtobusda ayaq qoymağa yer qalmasın.

İsti havada bir-birinə sıxılmış sərnişinlərlə dolu avtobusdan təxminən yarım saatdan sonra düşürük. Amma Korgöz qəsəbəsinə çatmaq üçün hələ bir qədər piyada da getməliyik. Çünki qəsəbədaxilinə heç bir avtobus işləmir. Bu istiqamətdəki beş qəsəbəyə yalnız bir - 91 saylı avtobus sərnişin daşıyır.

40 İLLİK SU XƏTLƏRİ...

Qəsəbəyə yaxınlaşdıqda, uzaqdan bir su maşını görüb kəndə tələsirik. Qəsəbə sakini Davud Ağayev deyir ki, hər saatbaşı belə su maşınları qəsəbəyə gəlir:

«Bax, günümüz budur. Bir neçə maşındır. Hər gün su daşıyırlar».

Davud kişi deyir ki, qəsəbəyə yalnız bircə dəfə - 40 il bundan əvvəl su xətti çəkilib. Həmin su borularının bəzi hissələri yeni tikililərin altında qalaraq, bəziləri isə çürüyərək yararsız hala düşüb:

«70 yaşım var. Uzun illərdir bu qəsəbədə yaşayıram. Qəsəbəyə 70-ci illərdə su xətti çəkilib. İndi həmin su boruları çürük-çürükdür».

BİZİM PROBLEMLƏ MARAQLANAN YOXDUR

Davud kişinin sözlərinə onun ətrafına yığılan digər sakinlər də qüvvət verirlər:

- «Neçə dəfə icraya, bələdiyyəyə, baş su idarəsinə - hər yerə getmişik, müraciət də etmişik. Amma bizim problemlə maraqlanan yoxdur».

- «Bu gün də Qaradağ rayon İcra Hakimiyyətinə, su idarəsinə getmişdik. Bizə bildirdilər ki, ay yarıma su probleminiz həll olunacaq. Mənim 65 yaşım var. 65 ildir mən bu sözü eşidirəm».

Sakinlər Korgözün problemlərindən danışırlar
SUYUN TONU BİR MANATA

Qəsəbəyə su daşıyan maşınlardan birinin sürücüsü deyir ki, suyu satmağa yox, öz evinə gətirir:

«Suyu Sulutəpədən gətirirəm. Şollar suyudur. Yerində tonunu bir manata alırıq. 10 tondan çox gətirmirik, çünki yola bundan artığını buraxmırlar».

UNUDULMUŞ QƏSƏBƏ...

Sakinlər 10-20 ton suya 30-40 manat verdiklərini deyirlər. Ayda ailə üzvlərinin sayından asılı olaraq 2-4 dəfə su alırlar. Onu da qənaətlə istifadə etməli olurlar. Onlar bazardan aldıqları göyərtini, tərəvəzi yuyulmamış yediklərini deyirlər. Hətta elə ailələr də var ki, su tapa bilməyib, yağış suyunu qaynadıb, içirlər:

- «Mən 81 yaşım var. Cəmi 78 manat təqaüd alıram. Mən bu 78 manatı yeməyə verim, yoxsa suya?»

- «Mayın 10-da Lökbatanda Gül bayramı keçirdilər. Bunlara tapılan puldan bizim qəsəbəyə də ayırsınlar da. Qarabağ veteranıyam. Özüm müharibədə neçə dəfə xəsarət almışam, sağlamlığımı itirmişəm. Bu gün üçün?»

- «Unudulmuş qəsəbədir bura. Prezident Bakıətrafı qəsəbələrin abadlaşdırılması ilə bağlı sərəncam verib, pul ayrılıb. Biz bu pulu heç hiss etmirik. Halbuki çox az vəsaitlə bu qəsəbəni abadlaşdırmaq mümkündür».

- «Hər il bu qəsəbələrə vəsait ayrılır, həmin pullar hara gedir?»

KORGÖZÜN DİGƏR PROBLEMLƏRİ

Qəsəbə sakinləri elə qəsəbənin ortası ilə axan kanalizasiya, çirkab sularını, uzun müddətdir yığılıb qalmış zibilliyi göstərib deyirlər ki, uşaqlarının günü buralarda keçir. Qəsəbə sakini Ulduz Əhmədova:

«Zibili daşımırlar ki, vəsait yoxdur. Özümüz əlimizlə zibilləri əsas yola çıxarırıq».

Korgözün problemləri bununla bitmir:

- «Bu qəsəbədə bir dənə bankomat yoxdur. Məcbur olub gedirik mərkəzə, orda da çox vaxt növbə olur».

- «5 qəsəbəyə yalnız bir avtobus işləyir. Gündüzlər bir-birimizin belində gəlirik. Axşam 7-dən sonra isə avtobuslar işləmir. Qalırıq beləcə taksilərin ümidinə».

Uşaqlar oynamağa yer tapmırlar. Zibilliyin içində oynayırlar
- «Qəsəbədə bir ağac tapa bilmirik ki, qocalar, ağsaqqallar yığışıb, onun altında otursun. Uşaqlarımız da oynamağa yer tapmırlar. Zibilliyin içində oynayırlar. Uşaqlar, qocalar üçün bu boyda qəsəbədə bir yer yoxdur».

İCRA NÜMAYƏNDƏSİ PROBLEMLƏRİN TEZLİKLƏ HƏLLİNİ VƏD EDİR

Qaradağ rayon İcra Hakimiyyətinin Korgöz qəsəbəsi üzrə nümayəndəsi Bəxtiyar Gülmalıyev qəsəbədə deyilən problemlərin mövcudluğu ilə razılaşır. Amma sakinlərin heç bir iş görülmədiyi ilə bağlı gileylərini anlamadığını deyir:

«İcra hakimiyyətində bir il olar yeni komandadır. Düzdür, ola bilər, əvvəllər sakinlərə söz veriblər, amma əməl etməyiblər. Biz «Azərsu» qarşısında məsələ qaldırdıq. Təxirəsalınmaz tədbirlər planına uyğun olaraq qarşıdakı bir ay ərzində qəsəbəyə 4 kilometrlik yeni boru çəkiləcək. 2012-ci ildə isə yeni kanalizasiya xəttinin çəkilişi, eyni zamanda, bu il poçt məntəqəsinin inşası və bankomatla təminat nəzərdə tutulub. Ümumiyyətlə, Bakıətrafı qəsəbələrin abadlaşdırılması haqda prezidentin sərəncamına uyğun olaraq, qəsəbədə gənclər meydançası, poliklinika, mədəniyyət evi tikiləcək, yol asfaltlaşdırılacaq və abadlıq işləri həyata keçiriləcək».

«AzərSu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, Korgöz qəsəbəsinə yeni su xəttinin tikintisi ilə əlaqədar layihə, eskiz sənədləri artıq hazırlanıb:

«Qısa müddətə və daha az maliyyə vəsaiti ilə keyfiyyətli iş təklif edən şirkətə üstünlük veriləcək».

Anar Cəbrayıllı xatırladı ki, bundan əvvəl Lökbatan qəsəbəsinə 1600 metrlik yeni su xətti çəkilib. Hazırda həmin qəsəbənin 80 faizindən çoxu fasiləsiz su ilə təmin olunur.
XS
SM
MD
LG