Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:43

Əli Əkbərin romanının müzakirəsi başlandı


Əli Əkbər. Foto: Türkan Hüseynova
Əli Əkbər. Foto: Türkan Hüseynova
Yazıçı Əli Əkbərin bir müddət qabaq "Qanun" nəşriyyatında - "Ən yeni ədəbiyyat" seriyasında çapdan çıxan "Amneziya" romanının "Oxu zalı"nda müzakirəsinə başlayırıq. Ənənəmizə uyğun olaraq müzakirədən öncə romandan bir parçanı "Oxu zalı"nda dərc edirik.

Əli Əkbər


AMNEZİYA
(Romandan parça)

Binamızın pilləkən meydançalarındakı həyətə baxan pəncərələrin hamısı ya tamam sınıb, ya da çat verib.

Bunların nə vaxt, necə, kimlər tərəfindən sındırıldığı mənə məlum deyil. Daha doğrusu özümü dərk edəndən, bu şüşələrin yerində olmadığını, onlarla heç kimin – nə bina sakinlərinin, nə də əlaqədar təşkilatların - maraqlanmadığını, dəyişdirməyə yanaşmadığını görmüşəm.

Meydançada rəqs edən yel, nazik gödəkcəmin yaxalarından sızıb bədənimi titrətdi. Tez-tələsik qapını bağlayıb liftə yaxınlaşdım. Düyməni basdım.

Xəfif baş gicəllənmədən, kürəyimi divara yaslayıb lifti gözləyəndə, kabinənin aşağılarda gurultulu səslə yeddinci mərtəbəyə yaxınlaşdığını duyuram. Bu səsi də özümü dərk edəndən - iyirmi ildən çoxdur ki, eşidirəm.

Budur, metafizik varlıq qapılarını səs-küylə, taybatay açıb məni udur.

Qəribədir, hər dəfə bu dar məkana daxil olanda, sanki bütün şəxsi areallarım sıxılır; fərdi, ərazi imperativlərim inkar olunur.

Gözlərim avtomatik ya tavana, ya da yerə dikilir. Bu darlıqda qapılar da qapanandan sonra, insan keçmişindən təcrid olunur. Lift modernizmin və sürrealizmin gizli silahı kimi görünür mənə.

Dünya bu dar çərçivənin kənarında öz axarı ilə yaşayır, dəyişikliklərə məruz qalır. Liftdəkilərə isə bunun heç bir aidiyyəti yoxdur – onlar öz dünyaları, bədbin düşüncələri və divardakı yazılarla baş-başadırlar.

Həyətə çıxıb ayaq saxlayır, dünənki günəşdə qovurulub qızarmış yarpaqların ağır-ağır, pıçıltı ilə nəm asfalta sərilməsini dinləməkdən zövq alıram.

İslaq səthə yapışan yarpaqlardan yaranan qızılı-boz kompozisiyanı, şiddətli payız ətri tamamlayır. Bu ətri ciyərlərimə doldurub qərarlı addımlarla sağa buruluram.

Ruhum sıxılanda, nə istədiyimi özüm də bilməyəndə bura gəlirəm – məhkəmə binasının qarşısındakı, hündür küknar, şam, çinar və palıd ağacları ilə zəngin, 30-cu illərin yadigarı və Bayıl sakinlərinin qürur mənbəyi olan parka.

Uşaqlığımda bu parkda dincələnlərin, körpələrini təmiz havada gəzdirənlərin əksəriyyəti rus, yəhudi, gürcü və rusdilli azərbaycanlılar olardı.

Qaçdı-tutdu, gizlənqaç oynayan övladlarına nəzarət edən analar və nənələr tum çırtlaya-çırtlaya Qorbaçovdan, Perestroykadan və “Kölə İzaura” serialından danışardılar. Atamla skamyada oturub onların söhbətlərini dinləmək məni çox əyləndirirdi. Bu dünyada Bubble Gum saqqızlarından, Bruce Leenin filmlərindən daha önəmli heç nəyin olmadığını düşünür, qadınların isə boş-boş danışdığını anlayacaq qədər ağıllı sanırdım özümü.

Parkda gəzişən tək-tük adamlar yağışdan islanan skamyalara oturmağa cəsarət etmirlər. Bircə bu cütlük istisnadır - hər parkda olduğu kimi, bu parkda da saatlarla vaxt keçirməyi sevən aşiqlər, buradakı ən hündür, qollu-budaqlı çinar ağacının altındakı skamyada əyləşiblər.

Oğlanın əynində qırmızı zolaqlı yaşıl sviter, qızın əynində isə qəhvəyi dəri gödəkcə var. Başını oğlanın çiyninə yaslayan qızın dodaqlarında incə bir gülümsəmə donub qalıb.

Oğlan nəsə danışır, danışır, qarasaçlı qız isə hey gülümsəyir və arada bir başını tərpədib məmnunluğunu ifadə edir. Hələ çoxmu susacaq görəsən?

Oğlanı isə narahat etmir onun susqunluğu - sanki özünə də elə bu lazımdır. Qarasaçlı qızın ona qulaq asmağını istəyir. Eşitməkdən çox, eşidilməyə ehtiyacı var.

Mən isə çox zaman eşitmək istəyirəm. Sevdiyim insanın dərdini-sərini, problemlərini, sıxıntılarını üzərimə götürmək, onun yükünü yüngülləşdirmək kimi təbii tələbatım var. Düzdür, qarşılığa ehtiyac duyduğum anlar da olur, amma bu elə nadir baş verir ki, bu barədə xüsusi danışmağa dəyməz.

Məni qarşılıqsız sevməyə, dəlicəsinə vurulmağa, özünü fəda etməyə hazır insanlardan aralı gəzib, sevgimi və dostluğumu başqalarına qarşılıqsız ərməğan etmək kimi ziyanlı, anlaşılmaz təmayülün “qurbanıyam”.

Sevgidə və dostluqda dominanta çevrilmək qorxutmur məni - əksinə, sevdiyim nisbətdə sevilməməyimin şirin əzabından həzz duyuram.

Bircə evlilik həyatım istisna təşkil edir – bəlkə də bütün varlığımla sevməli, dəyər verməli olduğum Sevilə “onsuzda mənimlədir”, “onsuzda mənimdir” düşüncəsi ilə hər mənada, hər addımda xəyanət etmişəm.

Qız bir anlıq başını oğlanın çiynindən qaldırıb üzünü ona çevirdi, süzgün baxışlarla baxdı, sonra təzədən çiyninə yaslandı.

Görünür hansısa sözü, cümləni nə qədər səmimi deyib demədiyini anlamaqdan ötrü, gözlərinin içinə baxmağa ehtiyac duymuşdu. Mən isə bir vəd, ya da sevgi etirafı eşidəndə, müsahibimin gözlərindən söylədiklərinin əksini oxuma ehtimalından qorxduğum üçün, baxışlarımı hər dəfə qaçırdıram.

Sevil danışanda isə həmişə gözlərinin içinə baxardım - səmimiyyətsizliyini yaxalamaq, bunu üzünə vurmaq arzusu ilə.

Lakin o, hər zaman səmimi olurdu. Nadürüst olan isə mən idim.

Stendaldan oxumuşdum ki, “Məhəbbət - iki insan arasında keçirilən “kim daha çox sevir” adlı yarışmadır”.

Sevirsənsə, hər şeyini - ürəyini, maraqlarını, sevincini, biliyini, zarafatlarını, kədərini hətta bəzən qürurunu belə fəda etməyi, qurban verməyi bacarmalısan deyirdi mənə Sevil. Bəli, hər kəsə pay düşürdü mənim fədakarlıq potensialımdan - bircə Sevildən başqa.

Sonda Sevil də anladı bunu. Anladı və getdi. Mənə isə “onsuzda dünyagörüşümüzdə ziddiyyətlər vardı” deyib, özümə təsəlli vermək qaldı.

Xeyr, sevgi hissinin əbədiyyən davam edə biləcəyinə inanacaq qədər sadəlövh deyiləm. Bilirəm ki, bu hiss də zamanla aşınmaya məruz qalır, vaxt gəlir iki insanın birlikdəliyi aludəçiliyə çevrilir.

Nəinki mən, zamanı gəldiyində hər kəs bu acı həqiqətlə üzləşməkdədir. Sevilin yoxluğunun mənə çəkdirdiyi də ola bilsin cavabsız sevgi əzabı yox, məhz vərdişdən doğan kədərdir.

İllər ötəcək, şən gülüşləri ilə parkı başına götürmüş bu məsum və müqəddəs körpələrin üzündəki sevinc də yox olub gedəcək.

Çünki böyüklərin qurduğu bu murdar və binamus dünyaya qədəm qoymaq, bu çirkabın içində ərimək onların da alın yazısıdır.

Anaları ilə parka gələn bacı-qardaş əllərində ağac budaqları ilə sərçələri qovalayır. Ola bilsin Özgür də indi anası ilə gəzməyə çıxıb. Əslində bu gün uşağı mən gəzdirməli idim, amma kefsizəm.

Bu il birinci sinfə başlayan oğlum, təsəvvür etdiyimdən də ağıllı, müdrik uşaqdır. Bir həftə əvvəl gəzməyə aparmaq üçün onu anasından götürdüyümdə, boynuma sarılıb məni bərk-bərk qucaqlamışdı, mən də saçlarından anasının ətrini duymuşdum.

Fast-food-lardan birində çox xoşladığı kolbasalı pizzanı yeyə-yeyə mənim bitib-tükənməyən suallarıma cavab verməli olmuşdu.

Mənimlə məktəb, sinif yoldaşları barədə ilk təəssüratlarını bölüşəndən sonra, ondan böyüyəndə kim olmaq istədiyini soruşmuşdum. “Mən böyümək istəmirəm axı” demişdi mənə gözlərini döyə-döyə.

Valideynlərinin boşanmasına, atasının onları tərk etməsinə şahid olmuş balam da bilir ki, aldığı bu zərbə ilk və son deyil. Bəlkə də altıncı hissi ilə həyatın pusquda dayandığını və böyüyəcəyi “təqdirdə” ona daha ağır zərbələr endirəcəyini başa düşür.

Həmin günün axşamı “Özgür müdrik uşaqdır” demişdim Rənaya, o da mənimlə razılaşıb “xoşbəxt atasan” demişdi. Daha soruşmadım ondan, oğlunu həftədə bir dəfə görən ata necə xoşbəxt ola bilər?

Bir il əvvəl Sevillə yollarımız ayrılanda, ondan ötrü bu qədər xiffət çəkəcəyim ağlıma gəlməzdi. Əsla ayrılmaq istəmirdim yoldaşımdan, oğlumu itirmək istəmirdim, amma yeni, müstəqil və azad həyatın cazibəsi məni təhrik etmirdi desəm, ağ yalan olar. İndi isə hər ikisi üçün darıxıram, özü də çox.

Özümlə baş-başa qalanda daha da güclənir sıxıntım. Etiraf edim ki, bu ayrılıq labüd olmuşdu.

Bir evdə yaşayan bir-birinə yad iki insana çevrilmişdik və günü-gündən kəskinləşən münasibətlərimizə körpə Özgür də şahid olur, psixikası zədə alırdı. “Ərlik vəzifələrin bir yana, tutaq ki, onlar mənə heç gərək də deyil.

Bəs hər gün evə gecə yarısından tez gəlməyən, uşağını görməyən atadan ata olarmı?” Sevilin bu sualı qarşısında ya susur, ya da səsimi başıma atırdım – bunların heç biri də, onun haqlı suallarına cavab olmurdu.

Düz bir il mübahisələrlə, dava-dalaşla, qışqırıqlarla keçdi və bu vəziyyət artıq qatlaşılmaz həddə çatanda, Sevil hamımız üçün ağır olan boşanma qərarını verdi.

Göy üzü get-gedə qatılaşır, qaranlıq hər yeri bürüyürdü. Hiss edirəm ki, yoğun bir boruya dolan şiddətli küləyin uğultusuna bənzər qulağımdakı mənşəyi naməlum çılğın səslər başgicəllənməmi daha da artırır.

Qafatasımın içində sanki çoxminlik izdihamın çıxardığı rabitəsiz, ahəngsiz səs-küy var. “Toğrula zəng vurummu görəsən?” – ovucumda tutduğum telefona baxıb düşündüm. “Boşdursa, işi yoxdursa mütləq gələr. Hərçənd ki, bazar günləri də pasient qəbul edir.”

- Toğrul salam.

- Salam, salam. Necəsən? Hardasan?

“Hardasan” sualını vermək adətidir, bu da mənim çox xoşuma gəlir. Özü zəng edib harda olduğumu soruşsa başa düşmək olar, amma mən zəng edəndə də bu sualı eşidirəm.

- Bayılda, evin yanında.

- Parkdasan?

- Aha.

- Planın nədi? Gəlim yanına?

Beş ay əvvəl atasının ona hədiyyə etdiyi Honda CR-V işimizi xeyli asanlaşdırıb. Ən azından taksilərə pul tökmürük.

- Bu gün xəstən olmayıb?

- Səhər qəbul edib yola salmışam. O dəfə gələn kök arvad vardı ha, məktəb direktoru.

- Hə.

- İki kanalını təmizlədim. Birində də kistası var, hələ xeyli əlləşəcəm. Bilmirəm bu arvad məndən qabaq stomatoloqda müalicə alıb, yoxsa baytarda. Yəni indi boşam, gələ bilərəm – Toğrul siqnala basaraq kiminsə ünvanına yağlı söyüş göndərdi “Sür də ay oğraş! Sənin var-yoxunu...”

Özümü saxlaya bilməyib güldüm:

- Bu maşın sənin axırına çıxacaq. Əsəb xəstəsi olmusan.

- Özüm ölüm düz deyirsən. Bir-iki ay da belə getsə dəlixanalıq olacam. Hə, nədi? Gəlim harasa gedək?

- Gəl də, gəl. Görək neynirik.

- Bir az da veyllən parkda, on beş dəqiqəyə ordayam.

Həmçinin oxu
Əli Əkbərin yeni romanı çap edildi
XS
SM
MD
LG