Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:57

Balayar Sadiq. Natürmort, Konturun yoxluğu


NATÜRMORT


İt qarpız yeməz
deyirdin...

Bu İtin əlindəki
qarpız dilimi
əruz vəznində
can verir...

Rənglər
yetim uşaq kimi
boynunu qoyub

çiyni üstə,
sükut damçılayır
mövzudan

Naşı rəssamla
ögey ana arasında
duran riyazi işarə
üsyan bayrağıdır...

Diqqətlə bax,
saat əqrəbi
zamanın
təhlükəsizlik kəməridir...

İtin qarpız yeməyi
vaxtın
natürmortudur...

Bəlkə
bir dilim vaxtın
dadına baxasan...


KONTURUN YOXLUĞU


Vaxtın
gözlərindən öpdüm.
Xatirələr
pişik balası kimi
cırmaqladı
alın yazımı...

Ayrılıqla
kəlmə kəsməyə
macal olmadı

Ümid
taleyin pəncərəsindən
hövlnak
atdı özünü üstümə
Mən atasızlığın
nə olduğunu bilirəm...

Həyətimizdəki
alma ağacı
başımı sığallayırdı
həmin gün...

Əzrayılın ayaq izləri
xəcalətdən
yerə girmişdi həyətimizdə

Allaha
zəng vura bilmədim,
konturum bitmişdi...

"Ulduz" jurnalı
XS
SM
MD
LG