Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:33

Camal Yusifzadə. Döyülməyib ölən qapı


Köhnə qapımıza ağı

Bu üzündən döyəni yox,
O üzündən açanı.
Zaman qoymur
O üzündən bu üzünə keçəni.
O üzündə bir ev qaldı -
iki göz.
Beşcə körpə - tifil qaldı -
diri göz.
Nağılları qıpqırmızı,
Yağışları upuzun.
Sapsarıydı payızı.
Qış gecəsi -
yuxusuzdu ən azı...
Döyülməyib ölən qapı,
Kürəyini dirəyiblər divara;
Nəm zirzəmi,
Soyuq divar,
Ölü vaxt!
Bu üzündə dəli həsrət,
O üzündə yaşıl bəxt..
Mən hələ dəli deyiləm,
Dirisən sən də hələ,
Yazıq-yazıq baxma belə...
Hələ bir az ümidlisən deyəsən?!
(Qapıları mütləq gərək döyəsən)
Üzünü sürt üzümə -
Göz yaşım seldi - qurut.
Zaman qəvi -
uluyur qurd!
Ver əlini -
Havalanıb çiçəklər,
Meşəsindən qaçan ağac
Yuxusunda çiçəklər.

03.03.2006
XS
SM
MD
LG