Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:03

Seymur Baycan. Qorki qayıdır


Seymur Baycan
Seymur Baycan
Gün çıxıb Bizi yatmış görəcək. Onda yanaqlarımız Utanıb qızaracaq.
N.


Dəqiq deyə bilmərəm, ya dördüncü, ya da beşinci sinif ədəbiyyat dərsliyində belə bir hekayə vardı. Məzmunu təxminən yadımda qalıb.

Co adlı çəkməçi, zənci bir uşaq hər səhər məktəbin qarşısında dayanıb məktəbə gedən, tərtəmiz, ağ uşaqlara həsədlə baxır.

Co oxumaq istəyir, amma onun oxuması mümkünsüzdür. Bu hekayəni sinifdə oxuyanda, biz də öz növbəmizdə Coya həsəd apardıq.

Çünki Co məktəbə getmirdi.

Biz hər şey etməyə hazır idik, təki məktəbə getməyək. Bax, beləcə sinifdə şit söhbətlər başladı. Yaşlı müəllim öz xatirələrini danışdı.

O, oxumaq üçün payız, yaz, qış fəslində hər gün 14 km yol qət edərək məktəbə gedirmiş. Palçıq, soyuq, canavar qorxusu.

Hər sinifdə cəmi bir kitab varmış. Hamı dərsini bir kitabdan hazırlayırmış. Müəllimimiz müəllim çatışmazlığından da danışdı. Bir müəllim bir neçə fənn tədris edirmiş.

Təbii, onun danışdıqları bizi tərpətmədi. Əsrin əvvəllərinə qədər qəbilə halında yaşayan camaat üçün sovet hökuməti üç mərtəbəli, böyük, işıqlı məktəb tikmişdi.

Daha 14 km yol qət etməyə ehtiyac yox idi.

Mən evdən çıxandan 10 dəqiqə sonra məktəbin giriş qapısından içəri girirdim.

Lazımi kitabları isə bizə pulsuz verirdilər. Üstəlik, dərsdən sonra bizi yemləyir, sabahkı dərslərə hazırlaşmağımızla başqa bir müəllim məşğul olurdu.

Sovet hökuməti bizi qudurtmuşdu. Ona görə biz Conu heç vaxt başa düşə bilməzdik.

Elə şeylər var ki, onu nə ədəbiyyatdan, nə də kinodan öyrənmək mümkün deyil. Gərək, o həyatı yaşayasan.

Həyatın da ən amansız tərəfi budur. Yaş üstünə yaş gəlməli, özün öz gözlərinlə görməli, o ağrıları ürəyindən keçirməlisən.

Budur, ötən il qohumlarımdan biri ali məktəbə daxil oldu. Onun gücü yalnız sənəd toplayıb, imtahan verməyə çatmışdı.

Daxil oldu, amma atasız qız oxumaq iqtidarında deyil. Oturub evdə bir az ağladı. Vəssalam. Bir tərəfdən də düşünürəm, guya oxuyub nə qələt eləyəcəkdi.

Ötənlərdə rayona getmişdim.

Kəndlər var, on ildir ordan ali məktəbə daxil olan yoxdur. Məktəblər dağılır. Demək olar ki, dərslər keçirilmir. Ən dəhşətli mənzərəni isə Sabirabad rayonunun mərkəzində gördüm.

Sabir adına kitabxananın giriş qapısına elan yapışdırılmışdı: "İmam Xomeyni xeyriyyə cəmiyyəti Quran dərsləri təşkil edir..."

İnsanın doğulması

Maksim Qorkinin hekayələrindən biri "İnsanın doğulması" adlanır.

Qorki Sovet hökumətinin rahat vaxtlarında bir az unudulmuşdu. Onun adı yalnız məktəblərdə, küçələrdə, kitabxanalarda qalmışdı.

Əsərləri oxunurdu, amma şərtilik kimi qəbul edilirdi yazdıqları. Qorkinin yazdıqlarını görənlər artıq çoxdan dünyadan köçmüşdülər. Məktəbə getməyən Coya, çəkməçi, zənci uşağa həsəd aparan harınlamış bir nəsil Qorkini anlaya bilməzdi.

Onlar Qorkinin əsərlərini imtahan vermək üçün oxumağa məcbur idilər, anlamaq isə gələcəyin işidir.

Sovetlər Birliyi çökdü. Kapitalizm öz vəhşi sifətini göstərməyə başladı. İstismar, iş yerlərində zorlanma, təhqir, sinfi münasibət...

Qorki yavaş-yavaş qayıtmağa başladı. Qorki təzədən doğuldu. Adamlar arasında təbəqələşmə, uçurum yarandıqca Qorkinin qayıdışı daha da sürətləndi. Çünki onun bütün yaradıcılığının ortasından keçən bir qırmızı xətt var: İnsan.

Oyuncaq

İki gün əvvəl "Spase" kanalında "Oyuncaq" filminə baxdım. Əvvəllər dişimi ağardıb baxdığım bu film məni bu dəfə sanki məhv etdi. İngilislər heç vaxt belə film çəkə bilməzlər.

Yalnız sol ideyaya həmişə rəğbət bəsləyən fransızlar belə qəddar film çəkə bilərlər.

Gözümün qarşısına bir-bir bizim yazarlar gəldi. Sonra oliqarxlarımız. Onlardan birinin övladı oyuncaq mağazasında yazarı görər, pulun verib alar, onunla ürəyi istəyən hərəkəti edər.

Maksim Qorki nəvəsi Marfa ilə. 1928
Mümkündür. Əvvəllər tarix kitablarını oxuyanda düşünürdüm, ağanın malikanəsinə necə od vurmaq olar.

İndi malikanəyə od vurub yandıranları, çar ailəsinin üzvlərini qətlə yetirənləri çox yaxşı anlayıram.

Xəstəxananın dəhlizində can verən xəstənin yanından rahat-rahat o başa-bu başa gedən ağ xalatlı həkimləri görəndə Qorkini başa düşürsən. Qorki vəhşi istedad sahibidir.

Vəhşi, texnikadan məhrum, yonulmamış istedad həyatın özündən yazanda ortaya həyatın özü qədər sərt əsərlər çıxır.

Əgər Qorki heç nə yazmasaydı belə, təkcə "İzergil qarı" hekayəsi onun ədəbiyyatda atamanlıq etməsi üçün kifayət idi. Qorki həmin hekayədə qarını belə təsvir edir: "Zaman onun belini ikiqat bükmüşdü.

Keçmişdə qara olan gözləri indi bulanıqdı, yaşarırdı. Onun quru səsi əcaib bir halda titrəyir və şıqqıldayırdı, sanki qarı sümükləri ilə danışırdı".

Vəhşi istedada malik Qorki insan sifətinin cizgilərini, təbiəti elə təsvir edir ki, bu təsvirlər adamı kitabı kənara atıb, otaqda dövrə vurmağa məcur edir.

Məsələn:

- Onun gözlərindəki hədsiz kədərlə dünyanın bütün məxluqatını zəhərləmək mümkün idi.

- Mən xoşbəxtəm. Sevib ayrıldığım adamların heç biri ilə ikinci dəfə üz-üzə gəlməmişəm. Bu heç yaxşı görüş deyil, sanki ölüyə rast gəlirsən.

- Meşə elə qaranlıqlaşdı ki, sanki dünya yaranandan indiyə kimi nə qədər gecə olmuşsa, hamısı bir yerə toplaşdı.

- Onun gözəlliyini bəlkə də kamançada çalmaq olar və bunu çalan da kamançanı öz canı kimi sevməlidir.

- Yanında oturduğumuz daş qəmgin və kədərli idi.

- Dalğalar sahilə hücum edir və elə yumşaq səslər çıxarırdılar ki, sanki qızınmaq üçün tonqalın yanına gəlməyə icazə istəyirdilər. Hərdən xışıltıların ümumi ahəngi içərisində yüksək və coşqun bir səs eşidilirdi, bu, daha cəsarətlə bizə doğru hücum edən dalğalardan birisi idi.

İyirmi altı kişi və bir qız

Qorkinin ən aktual mövzularından biri insan əməyinin istismarıdır. Lenin Qorkiyə çox yüksək qiymət verirdi. Və o zamanlar reallıqdan qaçıb gizlənən, guya fövqəlbəşər əsərlər yazan yazıçıları "ədəbi gədalar" adlandırırdı.

Qorki həyat təsvirlərində çox amansız yazıçıdır. Məsələn, balıq mağazasından kilkə oğurlayan qarının saçından tutan mağaza sahibi qarının sifətinə şillə vurur.

Burnundan qan açılan qarının ovcundakı balaca balığı alıb balıq yeşiyinə atır. Qarının arxasına bir təpik vurub, onu mağazadan bayıra atır.

Qorkinin "İyirmi altı kişi və bir qız" hekayəsindəki təsvirləri çox ağırdır. Bu cümlələri oxuduqda daha süjet adamı o qədər də maraqlandırmır, hekayənin necə bitəcəyi arxa plana keçir.

Bunu hər yazıçı bacarmır. Psevdolirika, yalançı kədər, oxucunu zorla ağlatmaq hissləri, süni romantika, zəhlətökən yuxular Qorkiyə yaddır. Reallıq, insan istismarı, sinfi münasibət, həyatın gerçək üzü Qorkinin ən böyük silahıdır:

- Biz rütubətli bir zirzəmiyə salınmış iyirmi altı adam, iyirmi altı maşın idik. Orda səhərdən axşamadək xəmir yoğuraraq, krendel və suşki bişirərdik.

Günəşin işığı un tozu qonmuş şüşələrdən zirzəmiyə keçə bilmirdi. Pəncərələr bayırdan sıx dəmir torla tutulmuşdu.

Sahibkarımız pəncərələrə dəmir vurmuşdu ki, onun çörəyindən dilənçilərə və işsiz qalaraq aclıq çəkən yoldaşlarımıza verə bilməyək.

O, bizim adımızı oğru qoymuşdu və nahara ət əvəzinə iy vermiş qarın verirdi... His və hörümçək toru basmış alçaq, ağır tavanın altında, daş qutuda ürəyimiz sıxılır və yerimiz darısqaldır.

Çirk və kif ləkələrilə bəzənmiş qalın divarlar arasında yaşamaq bizim üçün ağır və bezikdirici idi. Biz hələ yuxudan doymamış, küt və laqeyd bir halda səhər saat beşdə yuxudan oyanır və saat altıda artıq stol arxasında oturaraq, xəmirdən krendel qayırmağa başlardıq...

Səhərdən axşamadək peçin bir tərəfində odun yanır, alovun qırmızı şölələri bizə istehza edirmiş kimi, çörəkxananın divarlarında titrəşirdi. Böyük peç əfsanəvi bir əjdahanın bədheybət başına oxşayırdı.

O, döşəmənin altından başını uzatmışdı, odla dolu geniş ağzını açaraq bizə atəş püskürür və alnı üzərindəki bir cüt qara çökəklə bizim bitməz-tükənməz işimizə baxırdı.

Bir cüt dərin çökək əjdahanın rəhmsiz və sönük gözləri idi. Bu gözlər həmişə eyni dərəcədə tutqun nəzərlərlə baxır, kölələrə baxmaqdan yorulub, onlardan heç bir bəşəri şey gözləmirmiş kimi, müdrikliyin soyuq həqarəti ilə onlara nifrət edirdi...

Qorki Sovet yazıçılarının toplantısında - Rəyasət Heyətində. 1935
Biz öz işimizə kəskin bir nifrət bəsləyirdik. Heç vaxt öz əlimizdən çıxan krendellərdən yeməzdik, qara çörəyi ondan üstün tutardıq.

Biz iyirmi altı nəfər böyük bir daş evin zirzəmisində belə yaşayardıq və yaşamaq bizim üçün o qədər ağır idi ki, elə bil bu evin üç mərtəbəsi də bizim çiyinlərimiz də tikilmişdi.

Sonuncu abzası təkrar oxuyun. O cümləni yazmaq üçün adamda "dux" lazımdır.

Qorkinin belə ağır cümlələri adamda heç bir kədər, düşkünlük oyatmır. Əksinə, Qorkinin əsərləri nifrəti yeniləmək üçün çox verimli mənbələrdir.

Qorki şüarçılıqdan uzaq yazıçıdır. Hətta "Ana" romanında da, nə qədər siyasi roman olsa belə, biz o qədər də şüarlara rast gəlmirik.

Qorki yorulmadan, usanmadan bir evi başqa evlə, bir insanın geyimini başqa insanın geyimi ilə müqayisə edir. O, hər şeyi kiçik detallarına qədər açıb göstərir.

Sinfi mübarizə

Hətta sovet dövlətinə düşmən olan Sergey Dövlətov "Çemodan" romanında yazır: "Deyəsən, bu sinfi düşmən məsələsi boş yerə ortaya atılmayıb".

Dövlətovu oxuyanlar onun necə incə yumor hissinə malik olduğunu bilirlər. Sovet quruluşunu qəbul etməyən, gülən, Amerikaya köçüb orada vəfat edən Dövlətov da bir gün həqiqətən sinfi düşmən məsələsinin ciddi bir məsələ olduğunu etiraf edir.

Qorki isə gülməyi bacarmır. O, nifrət aşılayır. O, nifrət mənbəyidir. Qorkini oxuduqca harada dayanacağını, kimlərlə əhatə olunduğunu və bir çox münasibətlərin həqiqi mənasını anlayırsan.

Pul hər şeyi həll etmir, amma həm də çox şeyi həll edir. Pul adamlar arasında müxtəlif münasibətlər formalaşdırır.

Qısası, pullu və pulsuz adamın arasındakı münasibət çox vaxt yaltaqlıq, göləlik formatlarında baş tutur:

- Sahibkarımızın krendelxanadan başqa bir də bulkaxanası vardı. Bulkaxana da həmin evdə idi və onu bizim zirzəmidən yalnız bir divar ayırırdı.

Lakin dörd nəfərdən ibarət olan bulkaçılar öz işlərini bizimkindən təmiz hesab edir, buna görə də özlərini bizdən daha yüksək tutaraq, bizdən uzaq gəzirdilər. Həyətdə rast gəldikləri zaman bizə gülərdilər.

Biz onların yanına getməzdik. Sahibkarımız yağlı bulkaları oğurlayacağımızdan qorxaraq onların yanına getməyi bizə qadağan etmişdi.

Biz bulkaçıları sevməzdik. Onlara paxıllıq edirdik. Onların işi bizimkindən asan, aldıqları maaş bizimkindən çox, yedikləri bizimkindən yaxşı, işlədikləri yer geniş və işıqlı idi. Onların hamısı çox təmiz və sağlam idi, biz onlara nifrət edirdik.

Biz isə saralmış, bozarmış adamlarıq. Bizlərdən üçü siflisli, biri qotur idi, birisini də revmatizm ikiqat əymişdi.

Onlar bayramlarda və işdən asudə olduqları vaxtlarda əyinlərinə pencək, ayaqlarına cırtıldayan uzunboğaz çəkmə geyərdilər.

İkisinin qarmonu vardı. Onlar hamısı yığışıb şəhər bağına gəzməyə gedərdilər.

Biz isə əynimizə çirkli və cındır paltar, ayağımıza cırıq başmaq və ya çarıq geyərdik. Polislər bizi bu görkəmdə şəhər bağına buraxmazdılar. Belə olduqda biz bulkaçıları sevə bilərdikmi?..

Dəhşət! Əslində, bu sual deyil, cavabdır. Bəli, sevmək mümkün deyil.

Belinski yazırdı:

- Bizim zamanəmiz yalnız həyatı əsərləri üçün ən yaxşı izahat, əsərləri isə həyatı üçün ən yaxşı dəlil-sübut olan yazıçıların qarşısında təzim edir.

Belinskinin bu sözləri Qorkinin əsərlərinin qeyri-adi təsir gücünü və əhəmiyyətini başa düşməyə imkan verir.

MİA
XS
SM
MD
LG