Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:33

Kamil Əfsəroğlu "Ağrı" (Hekayə)


Gecəni daş kimi yatdı, səhərə yaxın diksinib ayıldı, pis yuxu görmüşdü.

- Əstəğfürullah! Lənət sənə, kor şeytan!.. - təlaşla pıçıldadı, dikəlib yerinin içində oturdu. Canını soyuq tər basmışdı, elə bildi, əcəl təri deyilən elə budu, gəlib onu tapıb.

- Xeyirə calansın, bu nə vayğadı, mən gördüm? Gözün töküləydi, Surxay, yatdığın yerdə... - qan ağladı.

Kaş heç yatmayaydı, ilan vurmuş kimi yerinin içində qıvrılaydı, səhəri dirigözlü açaydı, təki o dəhşətli yuxunu görməyəydi...

* * *

Hər ölənlə Surxay kişi də ölürdü, amma gor qazıb onu quylamırdılar, quylasaydılar, canı qurtarardı, nə qədər ölüb-dirilmək olardı?

Dünyadan vaxtlı-vədəli, ovsanalı köçməyin özü də bir xoşbəxtlikdir.

Yasa-hüzürə qısıla-qısıla gedir, abıra boğulurdu, elə bilirdi, üzünə vurmasalar da, dalınca deyinirlər, deyirlər, ölməli qalıb bu yanda, Allah durub cavan-cahılın canını alır.

Ta əvvəlki hünəri qalmamışdı, bir işə əl bulayanda tez yorulur, haldan olurdu. Enlikürək, dəmirbilək vaxtları vardı, at nalını əlində əyərdi...

Dədəsinin yolunu tutub ta cavanlığından bəri kənddə dəmirçilik eləmişdi, el arasında ona Dəmirçioğlu Surxay deyirdilər.

Zindanının səsi kəndin ayağında eşidilərdi, elə bil çəkic döymür, hansısa musiqi alətini dilləndirirdi...

Çardağın altındakı o ağır zindan indi pas atmışdı, qırışlı-qırçınlı körük nə vaxtdı havasız qalıb bürüşmüş, kürənin tay gözü tutulub kor olmuşdu.

Vaxt vardı, bu kürənin gözündən od yağırdı, körük havanı döşünə çəkib nəfəs verdikcə alov püskürür, elə bil, əjdaha ağzından od saçırdı, istisi dəmirçinin tük basmış qırışlı üzünü, damarları çıxmış əllərini -qollarını qarsıdırdı.

Qıpqırmızı qızarmış dəmiri maşayla kürədən elə götürürdi, sanki əjdahanın odlu dilini dartıb dibindən qoparır, zindanın üstündə döyəcləyib şəkildən-şəklə salırdı...

- İt də qocalmasın... - qocafəndi gileyləndi.

Qapısının iti də yiyəsindən geri qalmırdı, lap əfəlləmişdi, yerindən tərpənməyə, ağzını açıb hafıldamağa adamdan hünər istəyirdi.

Köpək quyruğunu tərpədib astadan zingildədi, elə bil, yiyəsinin sözlərinə haqq qazandırmaq istəyirdi, böyrünü yerə verib küllənməyinin abrına boğulur, o da qocalığının dərdini çəkirdi...

Şəklənəndə qulaqlarını dikəltsin - ona da heyi qalmamışdı, yalının-quyruğunun tükləri seyrəlmişdi, it kökündəydi.

Köpəyin halına yandı, gətirib yalağa yal tökdü. Heyvan yerindən candərdi qalxdı, boynunu uzadıb yala könülsüz-könülsüz dil çaldı.

Vaxt vardı, yeməyi yiyəsinin əlindən qapardı, ağına-bozuna baxmazdı, nə düşdü gəmirib yeyərdi, gödəni doyardı, gözü yox. İndi o tamahı yox idi, elə bil, o it deyildi.

- Ye dayna, niyə nazdanırsan?! - heyvanı məzəmmətlədi.

Köpək töhmət götürmək istəmirmiş kimi ağzını bir də yala uzatdı, amma tez də çəkildi qırağa, yazıq-yazıq yiyəsinin üzünə baxdı.

«İt ki əfəllədi, başının gülləsi kəmdi...» - Surxay kişi özlüyündə hökm çıxardı. Diksindi, özünü belə insafsız, daşürəkli bilməzdi, guya yubanmayacaq, çıxardığı hökmü indicə yerinə yetirəcəkdi, tüfəngi alıb donuz gülləsini çaxacaqdı heyvanın başına.

Özünü qınadı: «Surxay, sən özün nə gündəsən, tərpənəndə torpağın tökülür, hay-hayın gedib, vay-vayın qalıb, donuz gülləsini sənin başına çaxan gərək...». Əyin-başına da diqqət yetirmirdi, günlərnən canı su, üzü ülgüc görmürdü.

Arvadı Bəyaz sağ olaydı, o da bu günə düşərdi... Özünün özündən zəhləsi gedirdi, güzgüyə də baxmırdı, özündən qaçır, özündən gizlənirdi.

Nə vaxtdı yuxusu da qaçaq düşmüşdü, isbatlı yatdığı yadına gəlmirdi, gecələr güc-bəla çimir eləyirdi, elə bil, yerinə qor dolmuşdu.

Baxırdı ki, yaşlaşdıqca, Allah yuxunu da bəndəsinə çox görür, hovur-hovur elə əlindən alır, xəbəri də olmur.

Ürəyində qonşusu Doydaq Mürsələ həsəd aparırdı, yox, demirdi ha, xu­davənd-aləm, onun yuxusunu al, mənə ver, elə niyyətdən uzaq idi.

Üzünü göyə tutub gileylənirdi: «Ay qurban olduğum, sənnən mal istə­mirəm, pul istəmirəm, insafın olsun, o şirin yuxudan dıqqan da maa dadızdır dayna, nolar, mən də sənin qolubağlı qulunam...». Allahdan diləyi buydu ki, kaş bircə gecə başını atıb, daş kimi yataydı, elə yataydı, axır yatışı olaydı.

Bir yol gileylənəndə, molla Əziz, guya ona ürək-dirək vermək istəmiş, demişdi ki, Dəmirçioğlu, fikir eləmə, o dünyada doyunca yatacaqsan... O da qayıtmışdı: «Allahın rəhmi varsa, bəndəsinin payını indi versin, ta niyə axirətə saxlayır?».

Axirət, o dünya söz-söhbəti, sən deyən, qulağına girmirdi, amma, elə bil, heç bu dünyanın da adamı deyildi, abrını gözləyən, hər xırda şeyi dərd eləyib ürəyinə salandı.

Belə xasiyyətinə görə hərdən özünü qınayırdı, deyirdi, gərək bir yanın boş buraxasan, amma nə olsun, əməl eləmirdi...

Dərd-bəla gələndə batmanla gəlir: təklik xiffəti azmış kimi, bu yandan da canının ağrıları başlamışdı. Əjdər həkim baxıb ona ürək-dirək vermiş, demişdi, ağsaqqal, elə qorxulu azarın yoxdu, səni yıxan fikirdi, bir də yuxusuzluq, çalış, gecələr çox yat...

Surxay kişinin də umacağı elə buydu, ayrı şey dəyildi, amma əlindən nə gəlirdi?

Qapısında nə meyvə ağacı desən vardı, çoxunu peyvənd eləmişdi. Evin kəllayısındakı armud ağacına calaq vurmağa ehtiyac görmürdü, iri qəlyanboğaz armudu olurdu, şirəsi boğaz qovuşdururdu.

Ögey-doğmalıq eləyir, gözgörəsi onu başqa ağaclar­dan seçirdi, nazıyla oynayırdı: vaxtlı -vaxtında dibini belləyir, budayırdı.

Bu səhər gücürləyib yenə ağacın dibini yumşaltdı, arxdan qulaq eləyib dibinə su verdi.

Belin sapına dayaq­lanıb altdan-yuxarı baxdı, yarpaqlar rəngini dəyişmişdi, qırmızımtıla çalırdı, amma bu rəng də armud ağacına yaraşırdı.

Əlini ağacın cadarlı gövdəsində gəzdirdi:

- Bəxtəvər başına, sənin qulluq eləyənin var, yoxsa mənim kimi?.. - həsəd apardı və bu sözləri elə ağrıyla dedi, əlində əlacı olsaydı, indicə ağaca çevrilərdi.

Qoy, lap budaqları əyilmiş barsız-bəhərsiz qoca bir ağaca dönsün: bu çağacan ömür sürüb, bəsidi, innən belə də ağac ömrü yaşayar, dərd-sərdən canı qurtarar.

Qoy, heç qulluq eləyəni, qayğısına qalanı da olmasın, amma ağaca dönsün, kökləri torpağa işləsin, gücünü torpaqdan alsın. Qış boyu yuxuya gedər, bir də yaz ağzı ayılardı, çiçək açar, yarpaqlardı...

- «Allah öz bəndəsini ağaca döndərmək üçün yaratmayıb, ay Dəmirçioğlu».

Ağacın ərkyana danışığı onu açmadı, guya yiyəsilə tay-tuş, həmyaş idi, guya iyirmi il əvvəl onun tingini öz əllərilə torpağa sancan o deyildi.

- «Elə bilirsən, ağacın dərd - səri olmur?.. Bizi də çor vurur, biz də yaşa dolur, qocalır, quruyub ölürük...»

Surxay kişi donub qalmışdı, eşitdiyinə özlüyündə haqq qazan­dırdı. Gözünün qabağında bağ-bağatda o qədər ağac qurumuşdu, hamısını da kökündən çıxarmış, doğrayıb odun eləmişdi...

İçindən gizilti keçdi, üşəndi, şükür elədi ki, nə yaxşı, Allah onun diləyini eşitmədi, ağaca dönsəydi, əlbət, cavan, tər yarpaqlı, kövrək budaqlı olmaya­caqdı, elə öz yaşında olacaqdı - qartıyıb bürüşmüş, suyu-şirəsi çəkilmiş.

Kim bilir, bəlkə də ikicə günün içində quruyub gedəcəkdi, baltalayıb odun - oduncaq eləyəcəkdilər.

- Xudavənd - aləm, özün bilən məsləhətdi, - üzünü göyə tutdu.

- «Dəmirçioğlu, boynumda haqqın çoxdu... Sən gəl, yerlə-göylə əlləşmə, yerini mənim kölgəmdə döşə, gecəni daş kimi yatacaqsan...»

Yox, bu səs qeybdən gəlməmişdi, Surxay kişi lap aydınca eşitmişdi və eşitdiyi də ağlına batmışdı.

Ərinmədi, çovustanın küncündə atılıb qalmış, palıddan düzəltdiyi köhnə taxtı hıqqıldaya-hıqqıldaya sürüyüb gətirdi armud ağacının altına, yorğan-döşəyini də daşıdı. Mələfələr saralmışdı, istədi dəyişsin, amma təmizini tapmadı.

Axşamacan başını qatsın deyə dümük axtardı: yerə tökülmüş yarpaqları çalğulayıb topladı, nə vədədən yığılıb qalmış kirli pal-paltarını suya çəkdi, samovara od saldı.

Mis samovar nə abırdaydı, hisdən qapqara qaralmışdı, əyilmiş lüləyin gözündən su damcılayırdı.

İştahı olmasa da, özünü məcbur eləyib ağartıyla bir loxma çörək yedi. Bilmədi gün necə gəlib keçdi, qaş nə vədə qaraldı.

Fəhminə umudluydu, inanırdı ki, haqqın yolunu tapıb, ta bunun o yan-bu yanı yoxdur, armud ağacının altında gecəni səhərəcən elə yatacaq, elə yatacaq, qulağının dibində top atsalar, oyanmaz.

Barı-bəhəri sovulsa da, hələ də ağacdan xoş ətir yayılırdı, mer-meyvəsinin rayihəsi yarpaqlara hopmuşdu və bu xoş qoxu yuxu dərmanıydı elə bil, Surxay kişinin beynini dumanlandırdı, onu nə vaxt huşdan elədi, özü də bilmədi...

* * *

- ...Lənət sənə, kor şeytan! - Yatağından qalxıb yorğan-döşəyi yığışdırdı, qorxdu ki, uzansa, gözləri yumular, o dəhşətli yuxunun davamını görər. Davamı nə olacaqdı, olan olmuşdu, hər şeyi aydınca görmüşdü, görmüşdü ki, oğlu Qədiri vuran Samvelin törəməsidi.

Gördüyü vaqeə Surxay kişinin bağrını qana döndərmişdi.

Yuxu yozub-yozdurmaqla arası yox idi, amma bu səhər dəyişmişdi, elə bil, özü deyildi, bilmirdi, yuxunu kimə yozdursun.

Bir istədi çəpərin başından qonşusunu haylasın, ancaq fikrindən daşındı, Mürsəl nə mərifətdə, nə qanacaqda adamdı ki, gedib dərdini bölüşəsən, təskinlik tapasan...

Qədir kimi oğul hardaydı: istiqanlı, zirək, bircə evlənmək məsələsində yubanmışdı. Saqqızını oğurlayıb təzəcə yola gətirmişdilər ki, bu yandan Qarabağ davası başladı. Xeyir iş söz-söhbətini qoydu qırağa ki, cavanlar gedib səngərdə döyüşür, o da toy çaldıracaq?

Qismət olar, davadan sonra toy eləyər, halal süd əmmişin birini gətirib oturdar ocağının qırağında.

Cəbhəyə gedəndən cəmi bircə dəfə kəndə gəlmişdi, o da atüstü. Surxay kişi övladının xasiyyətini bildiyindən üz vurmasa da, Bəyaz arvad onu ha dilə tutmaq istəmişdi ki, beş-on gün yubansın, qalsın yanlarında, amma yola gətirə bilməmişdi, elə bil, yazıq arvadın ürəyinə dammışdı ki, oğluyla son görüşüdür...

Ağlına gələn başına gəldi, bir ay keçmədi, övladının ölüm sorağı çıxdı.

Qədiri Daşaltı kəndində gedən döyüşdə vurmuşdular, özü də elə bil qəsdən alnındakı xalı nişan almışdılar.

Surxay kişi yuxuda gördüklərinə əməlli-başlı inanmışdı, elə inanmışdı, elə inanmışdı, elə bil hər şey onun gözü qabağında baş vermişdi.

Görmüşdü ki, Qədiri Samvelin oğlu Razmik vurub, o Samvel ki, alman davasında Surxay ölümünü gözünün altına alıb onun həyatını qurtarmış, özü isə qolundan yaralanmışdı. Güllə sol çiyin oynağına yaxın yerdə ilişib qalmışdı, indiyəcən onu canında gəzdirir, onun ağrısıyla yaşayırdı.

Hava dəyişəndə sızıltısı ürəyinə vururdu və yaxşı bilirdi ki, bu ağrı ölənəcən canından çıxmayacaq, qurğuşun parçasını özüylə qəbrə aparacaqdı.

O vədə göstərdiyi igidliyə görə komandir səngərdəcə sinəsinə medal bağlamaq istəmişdi, Surxay qoymamışdı ki, nə böyük qoçaqlıq eləyib axı?

Demişdi, onun yerinə Samvel olsaydı, o da elə eləyərdi. Samvel xilaskarını qucaqlayıb bağrına basmışdı ki, Surxay, bundan belə olduq axber-qardaş, ölənəcən sənə borcluyam.

Davadan çox sonra cəbhə yoldaşından soraq tutmuşdu, soraq tutmuşdu deyəndə, Samvel, Sisyan yaylağından qayıdan elat adamlarıyla əl boyda kağız, bir də şəkil göndərmişdi - arvadı və oğlu Razmiklə birlikdə çəkdirmişdi.

Uşağın əlində oyuncaq tapança vardı, şəklə baxana elə gəlirdi ki, tapançanın lüləsi ona tuşlanıb və oğlan indicə tətiyi çəkəcəkdi...

Samvel yazırdı ki, cəbhədən qayıdandan fermada kolxozun donuzlarına baxır. Məktubda ağlına gələni şötdəmişdi ki, onun da, arvadının da arzusu Razmiki hərbçi-komandir görməkdi və elə uşağın özünün də həvəsi bunadır...

Surxay şəklə baxıb sevinmiş, özlüyündə xeyir-dua vermişdi: «Allah boya-başacan yetirsin...». Samvel onu da yazmışdı ki, buralarda Qarabağdan çox danışırlar, imkan olsa, yığışıb arvad-uşaqlı qonaq gələcəklər... Məktub bu sözlərlə bitirdi: «Borclu borclunun sağlığını istər».

Surxay əvvəl bir şey kəsdirmədi, handan-hana Samvelin nəyə eyham vurduğunu anladı, ürəyində qınadı ki, o, cəbhə dostunu borca xilas eləməmişdi axı, bu nə söhbətdi belə?.. Samvel elə yazmışdı, elə bil, nə vaxtsa dava başlayacağından ayanıydı və həmin davada da guya o, özünü güllə qabağına verib Surxayı ölümdən qurtaracaq, borcundan çıxacaqdı...

Surxay da götürüb Samvelə cavab yazmışdı ki, «borc» söz-söhbətini yaddan çıxarsın, elə bilsin, heç belə şey olmayıb.

Ailəvi şəkillərini də məktubun arasına qoymuşdu. Şəkli, elə bil, bəhsəbəhs çəkdirmişdilər: arvadıyla özü stulda oturmuş, oğlu Qədir isə arxada dayanmışdı.

Fərq ondaydı ki, uşaq əlində oyuncaq tapança tutmamışdı, gözə çarpan, yadda qalan nişanə Qədirin sol qaşının üstündəki anadangəlmə iri qara ləkəydi.

O vədə cindar Növrəstə körpənin alnındakı ləkəni xeyirə yozmuşdu, demişdi ki, bəxtiyeyinlik işarasıdı...

Müştüyün ucuna siqaret taxıb yandırdı, acı tüstünü ciyərlərinə çəkmək istədi, nəfəsi daraldı, gözləri yaşaranacan öskürdü.

Eyvana qalxdı, keçdi kəllayı otağa, kəsif iy vurdu onu, içərinin havası ağır idi, nə vaxtdı yır-yığış eləyə bilməmişdi. Pəncərəni açdı ki, hava gəlsin. Oğluyla arvadının divardan yanaşı asılmış şəkilləri qarşısında dayandı.

Şəkildə Qədirin saçları yanakı daranmışdı, amma alnındakı xalı örtməmişdi, görünürdü. Bir xeyli səssiz-səmirsiz dayanıb şəklə baxdı.

Kirimişcə dursa da, ürəyində oğluyla danışırdı. «Belimi niyə əydin, ay bala? Yurdunda bir züryətin də qalmadı ki, təsəllini onnan alım... - sızıldadı. Arvadının şəklinə üz tutdu: - Məni niyə tək qoydun, ay Bəyaz?.. Gələcəm, az qalıb, gələcəm yanınıza...» - hıçqırıb ağladı.

Özünü güclə toxtatdı, gözlərinin yaşını sildi.

Yan otağa keçib sandığı açdı, sinəsi orden-medallı nimdaş əsgər kitelini çıxartdı, arasından bir-iki qoz yarpağı düşdü. Davadan qalan bu paltarı ildə bir yol geyirdi.

Sağlığında arvadı, Qələbə bayramına iki-üç gün qalmış pencəyi havaya verər, iynə-sap götürüb piləklərini bərkidər, qat kəsmiş yerlərinə ütü çəkərdi.

Beş ildi bu işi Surxay kişi özü görürdü, evin bütün qayğısı onun boynundaydı, bilmirdi nəyin dalınca qaçsın, yaxın qohum-əqrabası da yoxdu ki, gəlib ona əl tutsun, yeməyini bişirsin, pal-paltarını yusun.

Arvadının ölümündən sonra təklik onu lap sıxmışdı, beli bükülmüşdü. Yaxşı ki, əli-ayağı yerindəydi, gözü-qulağı elə də kardan düşmə­mişdi - buna şükür eləyirdi.

Kitel əvvəllər əyninə babat otururdu, indi çiyinləri sallanır, lap yöndəmsiz görünürdü. Deyəsən, qapısının iti də yiyəsini tanımadı, bir ağız hafıldadı. Köpəyin üzüdönüklüyü Surxay kişiyə toxundu, bir də qorxdu ki, it indicə ağzını göyə tutub heybətli-heybətli ulayacaq.

Dədə-babadan deyərdilər, it ulayanda ona çarıq tayı atarlar, indi çarıq hardadı?

Gözünü gəzdirdi, gümanı daş artırmanın ayağındakı köhnə, rezin qaloşa gəldi, ancaq ağlından keçirdi ki, it cinsi dəriyə-gönə yüyürər.

- Ay it, kiri! - səsini qaldırdı. - Səsin batsın! Mənim bu halımda bircə sən qalmışdın dərdimi oynatmayan!..

Köpəyin hafıltısına Doydaq Mürsəl çəpərin o üzündən oğrun-oğrun marıtdadı, qonşusunun qırımından baş açmadı ki, xeyir ola dava paltarını geyməkdə, hara gedir, bayram deyil, bir şey deyil. Elə bildi, kişinin ağlı azıb, havalanıb.

Orden-medallar mil olub Doydaq Mürsəlin gözünə girir, bəbəklərini oyurdu. O vədə kəndin cavan-cahılı cəbhəyə yollananda Mürsəl davadan yayınmışdı, sabun yeyib özünü çürüyə çıxartmışdı...

İki oğlu vardı, ikisi də bivec, dədələrindən geri qalmırdılar, elə bil, Qarabağ davasının onlara isti-soyuğu yoxdu, guya bu torpağın övladları deyillər.

Artırma pillələri ağır-ağır endi, sanki enmirdi, qalxırdı və çiyinlərində dağ qaldırırdı. Məhəccərdən bərk yapışdı ki, dizləri bükülər, üzüqoyulu gələr yerə. Bir tərəfdən də, pencəyinin döşündən asılmış orden-medalların ağırlığı qəddini əymişdi, əvvəllər bunu o qədər də hiss eləməzdi.

Köpəyin gözləri ağ gətirmişdi, dünya-aləmi dumanlı görsə də, sarımtıl medalların parıltısını aralıdan seçdi, gözlərindən çox, qulaqlarına, burnuna güvənir, adamları hənirindən, iyindən-qoxusundan duyub tanıyırdı.

Qulağı medalların cingiltisini aldı, Surxay kişinin enməyini təlaşla izləyirdi, guya bu daş pillələr yerin təkinə enirdi və yiyəsini düz torpağın altına aparacaqdı.

Köpək uzandığı yerdən qalxıb silkindi, gəlib artırmanın ayağında sərələndi, altdan-yuxarı yiyəsinin üzünə baxdı, tabsız-tabsız zingildədi.

Surxay kişi əvvəl heyvanın bu hərəkətinə məhəl qoymadı, amma ağlına nə gəldisə, eyməndi - it niyə onun yolunun ağzında sərələndi?..

Cəbhə xətti elə də uzaq deyil, çətini Sarıdöşü o üzə adlayıncadı, ordan o yana bir şey qalmır. Gedəcəkdi, nə olur-olsun gedəcəkdi, qoy lap düşmənin gülləsinə tuş gəlsin, eyninə deyildi.

Gedib Samveli tapmasa, ona itin sözünü deməsə, sifətinə lombasıyla tüpürməsə, bu dünyadan rahat köçməz, goru çatlardı.

Deyəcəkdi, siz çörəyi dizinin üstündə, nankor millətmişsiniz, xəbərimiz yoxmuş, budur sizin qeyrətiniz, etibarınız: aranı qatıb-qarışdırdız, aləmi qana bələdiz...
Armud ağacının altından keçəndə ayaq saxladı. Ağac susurdu...

Başını qaldırdı, göyün üzü açıq, masmaviydi, yalnız uzaqlarda - Ziyarat dağı tərəfdə ala-tala bulud topaları bozarırdı.

Özündə qəribə bir yüngüllük hiss elədi, elə bil, dizlərinin taqəti, qollarının gücü-qüvvəti qayıtmışdı... Yeyin addımlarla doqqaza sarı getdi...

Oktyabr, 2008
"Azərbaycan"
XS
SM
MD
LG