Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:26

ANAR "Yaxşı padşahın nağılı" (Hekayə)


Sizə kimdən deyim, yaxşı padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami-qədimdə ya Çində, ya Maçində bir yaxşı padşah varmış.

Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil.

Yaxşı padşah heç vədə öz rəiyyətlərinə güldən ağır söz deməzmiş.

Nə incidərmiş onları, nə boyunların vurdurarmış, nə də asarmış.

Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, birə də öldürməmişdi.

Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və padşah yazıq gecələr yata bilmirdi. Gecənin bir yarısı, görürsən, dururdu, çırağı yandırırdı, bir-bir birələri tuturdu, amma öldürmürdü.

Onları arvadının çarpayısına atırdı. Padşah arvadıyçün əldən-ayaqdan gedirdi.

Lap «getmə gözümdən, gedərəm özümdən» idi. Birələri də arvadının çarpayısına onu incitmək, ona əziyyət vermək üçün atmırdı.

Yox, padşah bilirdi ki, birələrin arvadına heç bir ziyanı dəyməyəcək.

Arvadı, maşallah, elə bərk yatırdı ki, istəyirsən üstünə bir qoşun birə, taxtabiti burax, vecinə deyildi.

Arvad elə bərk yatırdı və həm də elə bərk xoruldayırdı ki, büllur - dəmir-beton sarayın sütunları tir-tir titrəyirdi.

Padşah qaragün birtəhər canını birələrdən qurtarıb mürgüləyən kimi gözünün çimirini almamış təzədən dik atılırdı - onu arvadının xorultusu oyadırdı. Sübh tezdən arvad yuxudan dururdu - aya deyirdi sən çıxma, mən çıxım, günə deyirdi sən çıxma, mən çıxım.

Amma padşah səhər, xorultu kəsiləndən sonra da yata bilmirdi - axı işi-gücü vardı.

Bir məmləkətin ki, padşahı səhər yatıb yuxuya qala, o məmləkətin işləri nə sayaq olar?

Padşah belə bədbəxt padşah idi.

Sözün düzü, padşahın öz padşahlığı üçün də çox gözü atmırdı. Padşah olmaqdan lap bezmişdi.

Ondan olsaydı çoxdan taxt-tacdan əl çəkərdi. Amma əl çəkmirdi. Çünki əl çəksəydi taxta vəziri çıxacaqdı.

İşdi şayə vəzir şah olsaydı, o, nəinki məmləkətdəki bütün birələri, taxtabitiləri, milçəkləri və qarğaları qırıb öldürəcəkdi.

Vəzir həm də o biri vəzirləri, vəkilləri, kim bilir bəlkə elə padşahın özünü də cənnətə vasil edəcəkdi.

Odur ki, padşah taxtı-tacdan əl çəkmirdi. Nə qədər yatmaq tamarzısı olsa da, həmişəlik yuxuya qərq olmaq istəmirdi.

Padşah həm adil padşah idi, həm bədbəxt padşah idi, həm də çox ağıllı, tədbirli padşah idi. Hamıdan, hamıdan ağıllı. Hamıdan, hamıdan tədbirli.

Deməli yaxşı padşah adil idi, bədbəxt idi və ağıllı, tədbirli idi. Amma padşah həm də yaman yalqız, təpə-tənha padşah idi. O səbəbdən ki, məmləkətdə hərənin bir babı, bir curu, bir dostu var idi.

Padşahın səkkiz aşpazı, səkkiz faytonçusu, səkkiz dəlləyi, səkkiz vəzir-vəkili, bir qoşun qaraulçusu və bir qoşun saray şairi vardı.

Bir aşbazın o birindən zənd-zəhləsi gedirdi, çünki biri deyirdi ki, bu dünya bir puçdur, o biri deyirdi, xeyr, əsla belə deyil.

Faytonçular elə hey bir-birinin ənginə qoyurdular. Sözləri çəp gəlirdi.

Biri deyirdi həyatın mənası var, o biri deyirdi, dünyasında ola bilməz, yoxdur ki, yoxdur. Şairin biri o birindən danos yazırdı ki, bəs flankəsin işlətdiyi qafiyələr əzəl-axır məmləkətimizi bərbad edib xaraba qoyacaq.

Qaraulçuların bir-birini görməyə gözləri yox idi.

Vəzirlər, vəkillər bir-birinin ətini yeməyə hazırdılar. Amma buna baxmayaraq, onların heç biri tək, yalqız deyildi. Hərə öz həmpeşələrinin, işdaşlarının arasında idi. Bircə padşah tək idi. Padşahların həmpeşələri olmur.

Padşahların həmpeşələri də olmur, arzuları da. Faytonçular şair olmaq istəyirdi, şairlər dəllək, dəlləklər vəkil, vəkillər vəzir, vəzirlər padşah. Yeni padşah olmağın hamı tamarzısıydı. Hamı, bircə padşahdan savayı.

Padşah onsuz da padşah idi və odur ki, heç bir şey arzulamırdı.

Hamı bir-birindən material verirdi, öz həmpeşələrindən padşaha qiybət qırırdılar. Amma padşah heç kəsə heç kəsdən material, danos verə bilməzdi, heç kəsdən heç kəsə şikayətlənə bilməzdi.

Heç kəslə qiybət qıra bilmirdi. Ürəyini bircə arvadına aça bilirdi, amma arvadı da onu atdı.

Baş vəzirə qoşulub qaçdı, bilmirəm Yaponiyaya, ya da həbəşlər ölkəsinə. Bəlkə də Kanar adalarına.

Günlərin bir günü baş vəzir papağını qoyub qabağına fikirləşdi, xeyli fikir edib anladı, qandı ki, padşah heç bir vaxt ölüb-eləyən deyil və deməli bu gərək taxt-tacdan gözünü çəksin.

Baş vəzir isə yaman padşah olmaq istəyirdi. Padşah olmaqdan da artıq padşahın arvadına gözü düşmüşdü.

Padşahın arvadı bir gözəl idi, bir gözəl idi, dilnən-söznən deyib qurtarmaq olmaz. Dünyayi aləmdə tayı-bərabəri yox idi: incəmiyan, nazikbədən, büllurbuxaq, almayanaq, gəl məni gör, dərdimdən öl. Ağzına qoşa badam sığmaz.

Mərmər sinəsində naz-nazı ipək paltarın altından bir cüt şamama baş qaldırıb «mənəm-mənəm» deyir.

Yanaqlar - yaqutun qıraqları kimi, elə bil qar üstünə qan damıb, qaşlar - qurulu yay, kip- riklər yaydan çıxmış ox kimi elə uzundu ki, tamam közünün üstünü tutub, saçlar şəvə kimi. Beli elə nazik idi ki, gilas yesə deyərdin boyludur.

Boğazı elə zərif idi, su içsə görünərdi, yeriyəndə yerə naz eləyir. Padşah da onu yaman istəyirdi. Yaman da qısqanc idi padşah. Lap arvadını xoruzdan gizlədəndi.

Qoymazdı arvadının üstünə bir erkək milçək qonsun.

Bəli, baş vəzir, nə fənd işlətdinsə, fürsət tapdı, padşahın arvadıynan xəlvəti görüşdü. Nə dedi ona, nə boyun oldu, nə və'dlər verdi, deyə bilmərəm, əl-qərəz, günlərin bir günü qoşulub qaçdılar. Bilmirəm Məqribə ya Məşriqə.

Baş vəzir, daha doğrusu təzə padşah vədinə xilaf çıxmadı - arvadının xorultusunu maqnitofona yazdı və bu xorultunu məmləkətinin himni elan etdi.

Hər gecə təzə məmləkətin radiosu xorultu-himni verirdi və təzə padşah ləzzətlə qulaq asırdı. Axı o cavan arvadını yaman sevirdi. Sevəndə isə xorultunu da musiqi kimi dinləyirsən. Bunlar burda sevişmədə olsun, sizə kimdən deyim, qoca padşahdan.

Qoca padşaha arvadının vəfasızlığı və baş vəzirin xəyanəti yaman yer eləmişdi. O öz rəiyyətinə yad radionu dinləməyi qadağan etmişdi. Amma gecələr xəlvətdə bütün əhali sabiq padşah arvadının xorultusuna qulaq asırdı.

Bəziləri ona görə qulaq asırdılar ki, maraqlıydı: axı heç kim padşah arvadının xorultusunu bundan əqdəm eşitməmişdi. Başqaları acıqcan qulaq asırdılar: əcəb oldu bizim maymaq padşaha, yaxşı elədi arvad, onu qoyub qaçdı.

Bəziləri də ürək ağrısıyla dinləyirdilər: axı necə oldu ki, bizim müdrik padşahımız bu cür arvadı əldən verdi, bu cür məlahətli xorultunu himn eləmək ağlına gəlmədi.

Amma yad radionu hamıdan gizlicə padşah özü də tuturdu.

Müəyyən saatlarda padşah kirimişçə aradan çıxırdı. Tranzistorunu götürüb sarayın məlum yerinə girirdi. O, radionu qurur, illərlə dinlədiyi və əbədi itirdiyi xorultunu sanki yenidən eşidir və uzaq gənclik günlərinin xatirələrinə dalırdı.

Keçib gedənləri bir-bir yadına salırdı - arvadıyla rəqs meydançasında ilk tanışlığını, ulduzlu may gecəsində onu tramvaya ötürməsi, sevgilisinin saçlarının və ağacların o axşamkı qoxusu və ilk öpüş-büllur sarayın qaranlıq dəhlizindəki ilk öpüşləri... hər şey, hər şey bir-bir gəlib dururdu padşahın gözləri qabağında. Padşahın gözləri yaşarırdı.

Axı padşah yaman yuxaürək padşah idi.

Xorultu kəsilir və gecə düşürdü. Qoca, yalqız padşahın yalqız yatağındakı yalqız uzun gecəsi. Yataqda artıq arvadı yox idi, birələr, taxtabitilər də harasa qeyb olmuşdu. Amma onsuz da indi padşah yata bilmirdi.

Bütün gecəni gözünü də qırpmırdı. Yuxusuzluq bəlasına düçar olmuşdu.

Qış düşəndə padşahın halı lap pis oldu. Uzun qış gecələri uzandıqca uzanırdı.

Yuxusuz padşah gözlərini dama zilləyirdi - na-xışlı dam göylər qədər uzaq idi. Padşah çarpayısında uzanıb düşünürdü. Yaman düşünən padşah idi.

O düşünürdü: nə olardı, heç olmasa bircə saat yataydım, yuxumda da arvadım vəfasızı görəydim. Nə gözəl olardı, o vəfasız gələrdi yuxuma, yanıma, bu sarayıma, ölkəmə.

Heç kəs də bilməzdi, heç kəsin də ağlına gəlməzdi, heç nə də lazım olmazdı - nə danışıq, nə barışıq, nə söhbət, nə qeybət...

Amma birdən padşahın ağlına kəldi ki, yaxşı, axı sabiq arvadı başqa birisinin də yuxusuna kirə bilər.

Padşah bir az da fikirləşdi və lap dəli oldu: birdən doğrudan arvadı kiminsə yuxusuna kirir, bax elə bu saat rəiyyətlərindən biri onu yuxuda görür. Bəlkə lap elə təzə baş vəzirim körür onu. Padşahı od götürdü. O, yerindən sıçradı.

Adil, rəhmdil və sakit padşah lap özündən çıxmışdı. Belə xəyanəti o heç kəsə bağışlaya bilməzdi - nə arvadına, nə birinci vəzirinə, nə axırıncı faytonçuya. Padşah dərhal tədbir tökdü.

O yaman tez-tədbir padşah idi: bütün rəiyyət - baş vəzirdən aşpaza qədər hər səhər yazılı surətdə gecəki yuxusunun məzmununu padşaha təqdim etməlidir.

Bu kündən etibarən padşahın işi-peşəsi yuxuların məzmununu oxumaq idi.

Çoxusunun məzmunu qatmaqarışıq, dolaşıq və səfeh idi. Tezliklə bu padşahın pisini vurdu. O qərara gəldi ki, bu axının qabağını alsın. Padşah yuxuları ixtisara salmaq haqqında fərman verdi.

Ancaq bazar günləri yuxu görməyə icazə verilirdi. Bəzi imtiyazlı şəxslərin - vəzirlərin, vəkillərin - həftədə əlavə yarım yuxu görməyə icazələri vardı - cümə günləri.

Padşah razıydı ki, heç kim, heç vaxt onun qanunlarını pozmur.

Hamı ancaq icazəli günlərdə yuxu görür və gördükləri haqqında müfəssəl məlumat verirdi. Amma ortalığa təzə bir məsələ çıxdı. Yuxular az olsa da, hər halda yenə də biməna, biməzmun və səfeh idilər.

Bu yuxuların məmləkətə heç bir xeyri yox idi. Padşah çox fikirləşib axırı tapdı.

O, bir komissiya düzəltdi. Həmin komissiya yuxuları təyin və tənzim etməli, yoxlamalı, onlara icazə verməli və nəzarət eləməliydi - heç bir dolaşıqlıq, qatma-qarışıqlıq, məntiqsizlik olmamalıdır.

O yana, bu yana yozulan şeylər görməməli, qara basmaq olan - qadağandır! Yuxular sağlam ruhlu, aydın və açıq olmalıdır.

Yuxuların həftəlik icmalını oxuyanda padşahın üzü gülürdü. Axı hamı eyni şeyi görürdü, amma hərə öz üslubunda, ruhunda: biri padşahı uca dağın başında, biri güllü-çiçəkli bağda, biri ağ atın belində görürdü.

Belə yuxuları padşah çox bəyənirdi - o yeknəsəklikdə müxtəlifliyi, müxtəliflikdə yeknəsəqliyi xoşlayırdı.

Padşah öz-özünə düşünürdü: «nə qəribə yuxulardır. Mən - at belində! Axı mən ömrümdə at minməmişəm. Görəsən at belində necə görünürəm? Kaş özümü bircə dəfə yuxuda görəydim».

Ancaq görə bilmirdi. Çünki yata bilmirdi. Yuxusuz kecələri uzandıqca uzanırdı.

Bir gecə - ilin ən uzun gecəsi - arvadının hörükləri kimi uzun və qara Şəbiyeldada - padşahın qəlbi kədər və yalqızlıq qəmiylə lim-həlim doldu.

Qəlbi daşa dönmədi, yox, amansızlaşmadı. Özünün özünə yazığı kəldi.

Düşündü ki, bax indi bütün rəiyyətim arxayın-arxayın və xoşbəxt-xoşbəxt yatır (yuxu görmürlər - çərşənbədir!) Amma mən gözümün çimirini ala bilmirəm. Rəiyyət bəxtiyardır və rahatdır, çünki padşahları mənəm - adiləm və müdrikəm.

Padşah bir az da düşündü və ağlına çox sadə, çox dərin bir fikir gəldi: «yaxşı, niyə gərək hamının qeydinə qalasan, hamını xoşbəxt eləyəsən, bir halda ki, özün xoşbəxt deyilsən.

Niyə hamının kefi kök olmalıdır, səninki pis».

Padşah bu fikrin dərinliyindən cuşa gəldi və cuşa kəlib ardını düşünməyə başladı. «Çox əcəb, əkər mənim arvadım, ailəm, həmpeşəm, dostum, curum yoxdursa, heç olmasa ortağım olmalıdır - yuxusuzluq şəriklərim.

Kimsə yuxusuzluğu mənimlə bölüşməlidir, bu işdə mənimlə əlbir olmalıdır.

Kimsə yox, hamı! Səhərə yaxın qərar hazır idi: məmləkətdə heç kəs gecələr yatmamalıdır. Səhər üzü xoruzlar banlayanda padşah bu qanunu imzaladı və ilk dəfə sakit və bərk yatdı.

Sabahısı fərman camaata çatdırıldı: 1. Məmləkətdə heç kəs yatmamalıdır. 2. Məmləkətdə hamı xoşbəxt olmalıdır.

Bütün məmləkət bu fərmanı sevinc və şadlıqla qarşıladı - axı bu padşahın müdrikliyinin və camaat haqqında qayğısının yeni təzahürü idi.

Padşahın qəlbi də camaatın sədaqətindən, səmimi sevgisindən isinir, fərəhlə dolurdu. Bax bu saat, bu gecə vaxtı, padşah yuxlaya bilmir, bütün məmləkət də yatmır. Doğrudur, hərə öz evindədir, padşah isə əvvəlki kimi sarayında təkdir.

Amma o bütün varlığıyla min cüt qapanmamış, qırpılmayan gözün mehriban baxışlarını duyur.

Padşahın heç ağlına da gəlmirdi ki, təbəələrinin yatıb yatmadığını yoxlasın. Onun şübhədən, yalandan zəhləsi gedirdi. Padşah hamıya inanan padşah idi.

- Təbəələrim xoşbəxtdirmi? - deyə padşah keçmiş ikinci vəzirdən xəbər alırdı. Baş vəzir qaçandan sonra ikinci vəzir onun yerini tutmuşdu.

- Əlbəttə, padşah sağ olsun, sizin təbəələriniz yer üzündə ən xoşbəxt adamlardır.

- Onlar yaxşı, mehriban dolanırmı? - deyə padşah soruşurdu.

- Əlbəttə, padşah sağ olsun. Hər dəqiqə qucaqlaşıb öpüşürlər.

- Bu ağ yalandır - deyə keçmiş üçüncü, indiki ikinci vəzir qəflətən sözə qarışdı.

Hamı mat-məəttəl donub qaldı.

İkinci vəzir:

- Padşah sağ olsun - dedi - sizi daim aldadırlar. Təbəələriniz heç də öpüşüb qucaqlaşmırlar. Onlar səhərdən axşamacan qızğın mübahisə edirlər.

- Mübahisə edirlər? - deyə padşah təəccübləndi - nə barədə mübahisə edirlər?

- Onlar bəhsə-bəhs edirlər. Hər biri deyir ki, dünyada ən xoşbəxt adam mənəm.

- Hə, belə de - padşah rahat nəfəs aldı. - Onda eybi yoxdur, bu sağlam mübahisədir.

Padşah fikrə getdi və öz-özünə qərara gəldi ki, ikinci vəziri prinsipial və doğrucu adam kimi birinci vəzirin yerinə, birinci vəziri isə ikincinin yerinə tə'yin eləsin.

Amma birdən üçüncü vəzir söz aldı.

- Padşah sağ olsun - dedi - məndən böyük vəzirlər, ikisi də haqlıdır. Amma bir şeyi deməyi unutdular. Təbəələriniz qucaqlaşıb öpüşürlər də, qızğın mübahisələr də edirlər. Ancaq ən çox bir-birlərini əzişdirirlər.

- Əzişdirirlər? - padşah üz-gözünü turşutdu - aman allah, bu nə vəhşilikdir. Axı niyə bir-birlərini əzişdirirlər.

-Bu səhər iki novcavan lap az qala bir-birlərini öldürmüşdülər - deyə üçüncü vəzir xoş, həlim səslə sözünə davam etdi - biri deyirdi ki, hamıdan çox padşahımızı mən istəyirəm, o birisi deyirdi ki, dünyasında ola bilməz, məndən çox onu istəyən yoxdur.

Padşah qızardı və utancaq-utancaq gülümsündü. Üçüncü vəzir baş vəzir, baş vəzir üçüncü vəzir oldu. İkinci elə ikinciliyində qaldı.

Gecə padşah düşünürdü: «Görünür mən çox yaxşı padşaham ki, camaat məni bu qədər istəyir, bir-birlərini əzişdirirlər hətta.

Bu fikirlərdən padşahın camaata lap südü daşdı. «Neyləyim ki, camaatımı bir az da artıq xoşbəxt eləyim» - deyə düşündü.

Yuxusuz kecələrində elə hey bu barədə düşünürdü. Düşünürdü, tapa bilmirdi, darıxırdı. Nəhayət bir gecə ağlına gözəl bir fikir gəldi: «Yaxşı, balam, vəzir demir ki, yuxular qadağan olunandan bəri, camaat xeyli xoşbəxtləşib? Deməli camaatı daha da xoşbəxt eləməkçün yenə bir şeyi qadağan eləmək gərəkdir»...

Səhər padşah vəzir-vəkili məşvərətə çağırdı.

- Məsələ belədir - deyə onları işdən agah elədi və sözünü belə tamamladı: - fikir məndən, qadağanları tapmaq sizdən. Nəyi qadağan edək ki, camaatın kefi bir az da durulsun.

Vəzirlərdən biri əlifbadan «S» hərfinin çıxarılmasını və «S» hərfi olan bütün sözlərin qadağan olunmasını təklif etdi. Onun dili şirin idi. «S» yerinə «C» deyirdi.

O biri vəzir təklif etdi ki, qadınlar saçlarını dibindən vurdursunlar; qızlara, qadınlara saç saxlamaq qadağan olunsun. Onun arvadı daz keçəl idi.

Vəzirlərdən biri də dedi ki, hər yanı, hər şeyi mixəyi rəngə boyayaq. O, daltonik idi, rəngləri ayıra bilmirdi.

Nəhayət vəzirlərdən biri də, nədənsə təklif elədi ki, sual işarəsi və sual cümlələri qadağan olunsun.

Bütün təkliflər qəbul olundu. Padşah dedi:

- Amma unutmayın ha... Fərmanda xüsusi qeyd edilməlidir ki, hamı xoşbəxt olmalıdır.

Bir neçə gündən sonra padşah: - təzə qanunlarımız yaxşı icra olunur? - deyə xəbər almaq istədi, ancaq yadına düşdü ki, sual qadağan olunub və cümləsini təsdiq şəklində dedi. Sonra əlavə etdi - heç bir çətinlik-flan da yoxdur.

Baş vəzir:

- Yoxdur - dedi. Padşah:

- Amma mən özüm bəzi çətinliyə düşürəm - dedi. - Padşah hamıdan qabaq özü öz qanunlarına riayət etməlidir. Doğrudur, mən nə qadınam, nə də rəssam, odur ki, o maddələr heç vecimə deyil...

Amma... hərfi, bilirsiz də hansı hərfi deyirəm... Bu maddə yaman cəncəl imiş. Mən heç bilməzdim ki, bizim yəcuc-məcuc dilində həmin hərf olan bu qədər söz varmış. Amma bundan da cəncəlli sual maddəsidir.

Mənim iki qaraulçum var. həmişə vaxtı onlardan xəbər alardım. İndi qalmışam belə, xəbər ala bilmirəm. Qaraulçulardan biri arifdir.

Vaxtı bilmək istəyəndə ona deyirəm: indi saat on ikidir.- Xeyr, padşah sağ olsun - deyir, yeddinin yarısıdır.

Amma ikinci qaraulçu qanmazın biridir. Həm qorxaqdır, həm də yaltaq. Hansı saatı desəm: bəli, bəli, padşah sağ olsun, düz buyurursunuz - deyir.

Onun növbəsi olanda vaxtı bilə bilmirəm.

Padşahla vəzir qərara gəldilər ki, bundan sonra sual qadağası, istisna olaraq onların ikisinə aid deyil. Bu gecə vəzirlə söhbətdən sonra padşah yenə yata bilmirdi. O düşünürdü.

Düşünürdü ki, dünya çox gidi dünyadır.

Onun fərmanları gör nə qədər adamı xoşbəxt edib, padşahın özüyçün isə bu qadağalar əziyyətdir, çətinlikdir. Bütün qadağaları yadda saxlamaq yaman dərddir. İllah da padşahın özüyçün.

Padşah burda qalsın, sizə kimdən deyim, baş vəzirdən.

Günlərin bir günündə baş vəzir padşahın yanına iri bir müçrü gətirdi. Mücrü dolu material idi.

Baş vəzir o biri vəzirlərin qanunu pozmalarına aid sanədlər gətirmişdi. Padşah dəhşətə gəldi - burda nələr yox idi?! Maqnitofon lentinə vəzirlərdən birinin səsi yazılmışdı - gecə vaxtı arvadıyla söhbətdə o yasaq hərfli sözlər deyirdi.

Mixəyi deyil, yaşıl yarpaqlı budaq - bu budaq vəzirlərin birinin həyətlərindəki ağacın budağıdır.

Fotolardan biri başqa bir vəzirin uzun hörüklü qızının şəkli idi.

Və nəhayət, xüsusi gizli cihazla ikinci vəzirin sayıqlamaları yazılmışdı - aydın məsələ idi ki, sayıqlayırdısa, deməli yatıbmış, hətta yuxu da görürmüş, yaramaz, özü də haçan - şənbə günü.

Padşahın dili-dodağı əsirdi. O çox kövrək və dəymədüşər padşah idi.

- Neyləyək bunlara, bu qanunu pozanlara? - deyə padşah həyəcanla soruşdu.

Baş vəzir xoş və mehriban səslə:- Padşah sağ olsun - dedi - hələlik, əvvəl-əvvəl tutaq basaq. Dalısına baxarıq.

- Hara basaq?

— Məhbəsə - deyə vəzir həlim və yavaş səslə cavab verdi.

— Padşah:

- Axı bizim məmləkətdə məhbəs yoxdur - dedi. Vəzir daha da incə və yumşaq səslə:

— Yoxdur, tikərik - dedi.

— Padşah fikrə getdi, sonra dedi:

— Onda ən yaxşı memarlara tapşırın. Müasir üslubda, yaraşıqlı, sadə və dəbdəbəli olsun.

— Vəzir:

— Ən yaxşı layihə üçün müsabiqə elan edirik - dedi.

— Padşah:

- Bina əzəmətli, təntənəli və möhkəm tikilməlidir - dedi. - Biz gələcəyi də nəzərdə tutmalıyıq. Yalnız indiki nəsillərçün deyil, gələcək nəsillərçün də tikməliyik.

105 layihədən biri bəyənildi. Qısa müddətdə möhtəşəm və geniş bir imarət ucaldıldı. İmarət nə imarət, ayağı dəryadan, başı göydə buluddan nəm çəkir, bir kərpici qızıl, bir kərpici gümüşdən, adam baxanda gözü qamaşır. Məhbəs elə yaraşıqlı idi ki, adamlar qəsdən qanunu pozurdular - təki ora düşsünlər. Tezliklə məhbəs zığ verincə doldu və heç bir cinayətlə ora düşmək mümkün olmadı. Tək-tük zirəklər rüşvətlə, tanışlıqla bir-iki gecəliyə 98-99-cu mərtəbələrdəki kameralara düşə bilirdilər.

1000-ci məhbus-baş vəzirin gözəl və gənc bibisi qızı- Miss Məhbəs e'lan edildi. Padşah şəxsən onu öpdü və biləyinə zərli qolbaq-buxov taxdı.

Baş vəzir özü də Məhbəsdə özüyçün yeddi kameralıq bir mənzil qapışdırmışdı. Pəncərəsindən gözəl mənzərə açılırdı: dəniz görünürdü. Bilmirəm hansı dəniz - ya Qırmızı dəniz, ya Sarı dəniz...

Sözün doğrusu, padşahın özünün də bu məhbəsdə gözü vardı. Bir ara istəyirdi ora köçsün. Sonra fikirləşdi ki, qonşu məmləkətlərdə bu hərəkəti düzgün qiymətləndirməzlər.

Padşah yata bilmirdi ki, bilmirdi. Yaman ürəyi darıxırdı.

Heç aram tapa bilmirdi. İcazə verilməli nə vardısa icazə verilmişdi, qadağan olunmalı nə vardısa qadağan olunmuşdu. Padşaha bircə düşünmək qalırdı.

O da elə hey fikir çəkirdi. Yenə dərin düşüncələrə dalmışdı ki, nagahan başına iki fikir gəldi. Həm də bu iki fikir bir-biriylə həmqafiyə idi. Padşah lap mat-məəttəl qaldı, bir az da düşündü və bu iki qafiyə fikrə üçüncü bir qafiyə fikir də tapdı.

Belə olan surətdə qərara gəldi ki, bütün fikirlərini qafiyələsin.

Padşah bu işə elə uydu ki, uzun-uzadı bir şe'r yazdı. Şe'ri bitirəndə isə əvvəlki fikirlərini unutdu və başa düşdü ki, fikir əsas deyil, əsas qafiyə və şe'rdir.

Əslinə baxanda şe'r yazmaq dünyada ən vacib işdir, padşahlıq, taxt-tac-flan isə bir qoz.

Bu fikrə gəlib padşah düz beş yüz əlli beş şer yazdı. İndi padşah qəti yəqin eləmişdi ki, bu dünyaya padşahlıq etməkçün yox, şe'r yazmaqçün kəlib. İstədi səhər bu barədə bütün məmləkətə car çəksin.

Ancaq o başdannan belə bir fikrə gəldi ki, car çəkmək-flan lazım deyil, bu barədə hamıya, illah da baş vəzirə demək də vacib deyil, lazım deyil və hətta təhlükəlidir.

Padşah belə qərara gəldi ki, mənim padşahlığım gərək şairliyimə mane olmasın, şairliyim də padşahlığıma.

O çox ayıq padşah idi.

Amma hər bir şairin də, hər bir padşah kimi gərək camaatı, kütləsi olsun. Padşah şerlərini saray şairlərinə oxumaq istəmirdi. Onlara inanmırdı. Bir dəfə tək səbr gətirmişdi, saray şairləri bir ağızdan demişdilər ki, xeyrədir. Axşam isə arvadı vəzirə qoşulub qaçmışdı. Bundan sonra padşah saray şairlərinə inamını itirmişdi.

Padşah vəziri hüzuruna çağırıb:

- Yanıma bir şair gətir - dedi.

Vəzir:

- Hansı kameradan? - deyə xəbər aldı.

Padşah:

- Hüzuruma əsl şair gətir - dedi.

Vəzir:

- Padşah sağ olsun - dedi - bir nəfər əsl var, amma o da dağa-daşa düşüb. Bilmirəm indi hansı meşədə, hansı səhradadır.

Padşah:

- Yerin altında da olsa, üstündə də, tapın gətirin - dedi.

Soraqlaşıb şairi tapdılar, gətirdilər. Şair şümal boylu, enli kürək, məğrur bir gənc idi. Bığ yeri bənövşə kimi yenicə baş qaldırıb. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif-Kənan onun əlinə su tökə bilməzdi. Üzünə baxan deyirdi bir də baxım. Padşah ona yer göstərdi, sonra öz şe'rlərini oxumağa başladı.

Oxudu qurtardı.

- Necədir? - deyə xəbər aldı.

Şair:

- Nə necədir? - deyə soruşdu. Onun qanun-qadağalardan, olar-olmazlardan xəbəri yox idi. Bilmirdi ki, sual vermək qadağan olunub.

Padşah:

- Şerlər - dedi.

- Hansı şerlər?

- İndicə sizə oxuduqlarım.

- Məgər bunlar şer idi - deyə şair üçüncü dəfə qanunu pozdu.

Padşah boğuq səslə:

- Bəli - dedi.

- Axı bunlar şer deyil.

- Niyə?

-Çünki şer tamam başqa şeydir. Padşah:

- Deməli şerlərim xoşunuza gəlmədi? - dedi. Şair:

- Hansı şerlər? - dedi.

Padşah qəmli-qəmli vəzirinə baxdı, həlim səslə:

- Bu adam dörd dəfə qanunu pozdu - dedi və lap yavaşdan vlavə etdi: - işinə baxın.

Vəzir şairə:

- Siz həbs edilirsiniz - dedi.

Şair qanun-qadağalardan bixəbər olduğuyçün elə güman etdi ki, guya onu şahın yazılarını bəyənmədiyinə görə həbs edirlər.

Vəzir:

- Padşah sağ olsun - dedi - məhbəsdə boş yer qalmayıb. İzn verin müvəqqəti olaraq bunu tövləyə salaq.

Padşah dodağını büzdü:

- Xırda-xuruş məsələlərçün mənim vaxtımı alma. Bu adam qanunu pozub. O dustağa salınmalıdır. Harda, nə cür, nə müddətə - bütün bunların nə əhəmiyyəti var?

Gecə isə padşah yenidən şer yazırdı. O yazır, yazır, elə hey yazırdı, amma heç kəsə oxumurdu. Düz bir il durmadan yazdı. Seçilmiş əsərlərinin yüz cildi tamam oldu. Düz bir il tamam olanda padşah vəzirini çağırdı.

- Şairi hüzuruma gətir - dedi.

Bir qədərdən sonra padşahın hüzuruna saçı ağarmış, beli bükülmüş, dişləri tökülmüş bir qocanı kətirdilər. Bu haman şair idi.

Padşah mehribanlıqla:

- Yaman dəyişmisən - dedi - dünyasında tanımazdım. Yəqin çox işləyirsən. Bizim bu andıra qalmış peşəmiz adamı tez qocaldır - o yorğun-arğın bir ədayla əlavə etdi - mən də bu ili çox işləmişəm. Xeyli yazıb-yaratmışam. «Mənim sözüm» adlı kitab yazmışam. Bir qulaq ver.

Padşah düz beş saat yarım yazdıqlarını oxudu. Şair susub durmuşdu.

Padşah oxuyub qurtardı, məlul-məlul şairə baxdı:

- Fikrini söylə, çəkinmə - dedi.

Şair:

- Əmr eləyin məni təzədən tövləyə salsınlar - dedi.

- Axı, niyə, niyə, niyə, nə üçün - həyəcandan padşahın dili-dodağı təpirdi - niyə görə mənim şerlərimi bəyənmirsən? - O doğrudan yanıb-yaxılırdı.

Şair:

- İnciməyin - dedi - hər kəs padşah ola bilmir, hər kəs də şair ola bilməz. Padşah inadla:

- Yox, ola bilər - dedi. O həm də çox tərs, höcət padşah idi - Mən sənə isbat edəcəm ki, hamı şair ola bilər, hamı, hamı, hamı. Yoxsa elə bilirsən sən göydən zənbillə tək düşmüsən. Səndən başqa bu cahanda şair yoxdur. Şairlik çox çətin işdir? İndi hamı şair olar, onda görərsən.

Səhərisi kün fərman çıxdı. Məmləkətin bütün əhalisi şe'r yazmalıydı.

Yazmaqdan başqa hamı bir-biriylə şerlə danışmalıydı. Hər şey qafiyələnmişdi - dövlət qanunları, restoran menyüləri, qatarların kəlib-ketmə cədvəli.

Əgər qafiyə düz gəlməsə qanun maddəsi ya cədvəl dəyişdirilirdi. Xırda-para müvəqqəti çətinliklər meydana çıxırdı.

Bir yerdə yanğın olmuşdu, ev sahibi yanğınsöndürənlərə zəng vurmuşdu, amma ünvanının qafiyəsini tapanacan bina yanıb qurtarmışdı.

Padşah şairə:

- İndi sən azadsan - dedi.- Get adamların içinə, həyata yaxın ol, görəcəksən ki, neçə yanılırsanmış. Hamı şer yaza bilər, hamı şer yazmalıdır və hamı şer yazacaq.

Biçarə şair küçəyə çıxdı. Əvvəlcə gün işığından gözləri qaraldı. Susuzluqdan dodaqları çadar-çadar olmuşdu. Su istədi, amma nəsrlə istədiyindən ona su verən olmadı.

Özünə çəkmə almaq istəyirdi, yeyib qarnını doydurmaq, bir yer tapıb gecələmək istəyirdi. Amma elə nəsrnən danışırdı. Tərsliyindən yox. Bacarmadığından.

O şe'r yazmağı bacarırdı, amma şerlə danışmağı bacarmırdı.

Şairə ya heç cavab vermirdilər, ya da şe'rlə cavab verirdilər. Şair gün ərzində o qədər qafiyə eşitdi ki, axşam gedib özünü qayadan atdı.

Xəbər padşaha çatdı.

Baş vəzir şerlə:

- Şair özünü qayadan atdı -dedi - öldü.

Padşah qəzəblə:

- O ölə bilməz - dedi.

Yeri kələndə o qəzəblənməyi də bacarırdı. Vəzir:

- Siz həmişəki kimi haqlısınız - dedi - o ölə bilməz.

- Madam ki, ölə bilməz, deməli ölməyib, sağdır.

- Düz buyurursunuz, ölməyib, sağdır.

- Madam ki, sağdır, gərək ona hörmət edək. Şairlər ölkəsində hər şair ehtirama layiqdir. Şairə yaxşı bir heykəl qoymaq lazımdır.

Ona közəl bir mənzil - sərdaba tikmək lazımdır, xüsusi maşın katafalk təhkim etmək lazımdır, qəzetlərdə şəkillərini çap etmək lazımdır.

Hamı bilməlidir ki, şair sağdır. Bir də ki... padşah fikrə getdi, tutuldu, bir müddət susdu, sonra kədərlə əlavə etdi: - bu ölüm çox mənasız işdir. Belə xoşbəxt bir diyarda ölmək olar?

Belə yerdə ölmək, illah da intihar etmək, nanəciblikdir. Mən təbəələrimə ölməyi qəti qadağan edirəm.

Padşah bu sözləri amiranə bir tərzdə dedi və içində sevindi - qadağan eləməli təzə bir şey tapmışdı.

Günlərin bir günündə padşah vəzirə müraciət etdi:

- Vəzir, indi mən ölümü də qadağan eləyəndən sonra təbəələrim yə'qin daha lap xoşbəxtdirlər. Vəzir:

- Bəs necə ki, şah sağ olsun - dedi - bizim keçmiş padşahlar, sizin atanız, babanız və ulu babanız da az-çox qadağan etmişdilər, amma sizə çatan olmaz.

Padşah fikirli-fikirli:

- Bəli - dedi - Atam allahı qadağan elədi, mən heç bilmirəm o nə deyən şeydir, amma uşaqlıqda anam hərdənbir onun adını çəkərdi. Babam güzgü deyilən bir şey varmış, onu qadağan edib. Mən heç bilmirəm o nə deyən sözdür. Axı bu qadağadan neçə il sonra dünyaya gəlmişəm.

Vəzir:

- Güzgü! - dedi - mən heç belə sözü yerli-dibli eşitməmişəm.

Padşah dedi:

- Az-maz yadıma gəlir ki, uşaqlıqda nənəm danışardı. Bu güzgü kim imişsə, babama həmişə deyərmiş ki, sən çirkinsən, eybəcərsən. Babam da onu məhv eləyib, bütün nəslini qırıb məmləkətdən yox edib.

Vəzir:

- Padşah sağ olsun - dedi - bütün bu qadağalar bizi xoşbəxt elədi. Amma, bilmirəm deyim-deməyim, heç dilim də gəlmir, mənim də sizdən bir böyük xahişim var. Şəxsi xahişim.

Padşah:

- Sən yaxşı vəzirsən - dedi - Səndən razıyam. De gəlsin. Nə istəsən edərəm.

Vəzir:

- Qadağan edin - dedi.

Şah:

- Qadağan ediləsi bir şey qalıbsa, edərəm - dedi.

Vəzir:

- Qalıb, qalıb - dedi - elə bir şey qalıb ki, sizin sadiq təbəələrinizi tamam xoşbəxt olmağa qoymur.

- Denən görüm o nədir. Qadağan edək.

Vəzir pıçıltıyla:

- Eşq-məhəbbət - dedi.

Padşah:

- Eşq-məhəbbət - deyə təkrar etdi və onun ürəyi sancdı, keçmiş arvadı yadına düşdü.

- Bəli, məhəbbət, sevgi. Nə qədər ki, sevgi qadağan olmayıb, adamlar aşiq olacaqlar, həsrət çəkəcəklər, qısqanacaqlar, ağrıyacaqlar, təklikdən bağırları çatlayacaq.

Vəzir arif adam idi, elə sözlər seçirdi ki, padşahın ürəyinə tikan kimi batırdı, qəlbinin yaralarına duz basırdı.

- Oğlum - padşah ilk dəfə idi ki, vəzirinə belə müraciət edirdi - sən belə yaraşıqlısan, cavansan, gözəlsən. Sən məhəbbətin ancaq xoş üzünü görmüsən, sən nə bilirsən qısqanclıq, intizar, iztirab, təklik nədir?

- Padşah sağ olsun, mən bütün bu hissləri axır üç saat ərzində keçirmişəm.

- Üç saat! Qəribədir! Arvadın gözəldir, cavandır, səni sevir, sənə sadiqdir.

- Şah sağ olsun, mən də elə bilirdim. Ancaq dörd saat bundan qabaq arvadım şəhər kənarına gəzintiyə çıxmışdı.

Orda sizin babanızın - güzgünü qadağan edən padşahın qəsrinin xərabələri var. Arvadım bu xərabələrə baxmağa getmişdi.

O xarabalıqlardan nə isə balaca bir şüşə qırığı tapıb kətirib evə. Mən indi bildim ki, bu tilsimli şüşə imiş. Arvadım dönüb olub ayrı adam.

- Necə ayrı adam?

- Bəli. İş orasındadır ki, mənim bir baldızım vardı, arvadımın ekiz bacısı. Neçə il bundan qabaq öldü - vəzir tələsik əlavə etdi - o vaxt hələ ölməmək haqqında qanun çıxmamışdı.

Padşah:

- Yaxşı, sonra - dedi.

- Arvadım həmin şüşədən gətirib hər dəqiqə bu şüşəyə baxır, öz-özünə gülür, danışır: əziz bacım, gözümün ağı-qarası - deyir, axır ki, səni gördüm. Elə bil mənə dünyanı bağışladın. Bu sehirli şüşədən görürəm ki, sağ-salamatsan, maşallah, gülürsən, danışırsan.

Padşah:

- Yox əşi, - dedi.

- Bəli, şah sağ olsun. Əvvəlcə mən elə bildim başına hava kəlib. Amma sonra şüşəni kgzlədib hamama getdi, mən də əlüstü şüşəni götürüb baxdım. Baxdım nə gördüm!

- Nə gördün? - deyə padşah maraqla soruşdu.

- Şah sağ olsun, bu doğrudan da sehirli şüşə imiş. Amma arvadım məni aldadıbmış.

Ömrümüzdə birinci dəfə idi mənə yalan satırdı. Şüşədə bacısı-zad yox imiş. Bacısıynan-zadnan danışmırmış. Şüşəyə baxıb mən cavan və gözəl bir oğlanı - xoşbəxt rəqibi gördüm.

Qan vurdu başıma, o saat kördüm ki, o da hirsləndi, qaşlarımı çatdım, o da çatdı və başa düşdüm ki, mən nə qədər ona nifrət edirəmsə, o da mənə o qədər kin bəsləyir.

Arvadım da bu adamla danışır, sözləşirmiş, bu novcavan da şüşədən ona him-cim eləyirmiş.

Mənim bağrım çatlayır, əlahəzrət, qısqanclıqdan boğuluram.

Siz məni qaldırdınız, üçüncü vəzir idim, birinci oldum, bütün rəqiblərimi və düşmənlərimi yerlə yeksan edib xoşbəxtliyə çatdırdım.

Baxtlarını açıb qapılarını bağlatdım, amma bu adamı mən tanımıram, heç vədə onu görməmişəm. Bilmirəm arvadım onunla harda tapışıb. Mənim ürəyim partlayır. Bütün hökmüm, qüdrətim acizdir.

Yalvarıram, əlahəzrət, məhəbbəti qadağan edin ki, daha o vəfasızı sevməyim, sakit olum. Yenə xoşbəxt olum.

Padşah:

- Əzizim - dedi - heç kefini pozma, o bizim əlimizdə nədir ki, bu saatca qadağan edərik. Amma mən də sənin o rəqibini görmək istəyərdim. Görüm, o vəfasız sənin kimi iyid, közəl, çavan oğlanı kimə dəyişib. Bəlkə mən tanıdım onu. Əgər mənim təbəələrimdən olsa, vay onun halına, hanı o şüşə, ver görüm.

Vəzir:

- Budur - dedi, cibindən balaca bir şüşə parçası çıxardıb padşaha uzatdı.

Padşah aldı, baxdı, baxdı, sonra bərkdən qəhqəhə çəkib güldü.

- Baş vəzir olsan da, axmağın birisənmiş - dedi - Belə çirkin, eybəcər bir qoca kaftardan ötrü qanını qaraldırsan.

Padşah çox ağıllı və təcrübəli padşah idi, adamın sifətinə baxıb bütün varlığını təyin edə bilərdi. İndi də şüşəyə baxıb deyirdi:

- Əşi, bunun küt sifətini görmürsən, körmürsən ki, axmağın, rəzilin biridir, bütün dünyaya nifrət edir.

Özünü xeyirxah göstərir, amma hamıya kin bəsləyir. Kin bəsləyir, ona körə ki, bədbəxtdir.

Bədbəxtdir, ona görə də hamını bədbəxt etmək istəyir, əşi bunun hay-hayı gedib, vay-vayı qalıb. Bu gün sabah gorbagor olacaq. Belə bir gorbagorun üstündə qanını qaraltmağa dəyərmi?!

Doğrudan da padşah düz deyir: qanını qaraltmağa dəyərmi?

anar.az
XS
SM
MD
LG