Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Qırğız kişilərin bir çoxu dindən çoxarvadlılıq üçün istifadə edir


Kəbin Mərkəzi Asiya ölkələrində adi haldır
Kəbin Mərkəzi Asiya ölkələrində adi haldır
Bişkek sakini Aynagülün 58 yaşı var. 34 ildir ailəlidir, 4 uşağı, bir neçə nəvəsi də var. Sovet dövründə menecer işləyən həyat yoldaşı sonradan öz biznesini qurub və dinar olub.

Son iki ildir Aynagülün həyatı xeyli dəyişib. Həyat yoldaşı ikinci dəfə evlənəndən sonra:

UŞAĞI YAŞDA BİR QIZLA EVLƏNİB

«Ərim dindar adamdır. O, gündə 5 dəfə namaz qılır, şəriət qanunlarına riayət edir. Hətta Həcc ziyarətinə də gedib. Heç kimə bir söz demədən, soruşmadan uşağı yaşda bir qızla evlənib. Deyir molla nikahlarına xeyir-dua verib, kəbinlərini kəsib. Belə bir dindar adamdan bu hərəkəti gözləmək olardı?»

Kəbin və ya islam nikahı Mərkəzi Asiya ölkələrində adi haldır. Ancaq bu nikah qadınlara xəyanət olunmuş və müdafiəsiz qalmaq hissi aşılayıb.

Həyat yoldaşının ikinci dəfə evlənməsi xəbəri Aynagülü o qədər sarsıdıb ki, indiyə kimi bunu uşaqlarından, dostlarından və qohumlarından da gizlədir. Son iki il Aynagülə təsirsiz ötüşməyib, yuxusuzluq bir tərəfdən, əsəb gərginliyi də digər tərəfdən. Axırda əsəbdən əlləri əsməyə başlayanda bu sirri bilən yeganə adam - bacısı Aynagülü Bişkekdəki Qadın Krizis Mərkəzinə aparıb.

Təşkilatın direktoru qadın fəallarından biri Bubusara Riskulovadır. Riskulova deyir ki, son illər Aynagül kimi mərkəzin psixoloquna müraciət edən qadınların sayı artıb:

O, NİFRƏTDƏN ZƏHƏRLƏNMİŞDİ

«Bu vəziyyətdə onlara nə etməli olduqlarını deyə bilmərik. Biz sadəcə onlarla söhbət aparır, həyatlarını təhlil etməyə yardım edirik və tunelin sonunda işıq axtarırıq. Aynagül bizə gələndə çox pis vəziyyətdə idi. O deyirdi ki, əri yatanda onun üstünə qaynar su tökmək istəyib. O, nifrətdən zəhərlənmişdi. Əlləri əsirdi və deyirdi ki, «bu cür yaşamaq istəmirəm, ölmək bundan daha yaxşıdır».

Aynagülün mərkəzə ilk gəlişindən bir neçə ay keçir. Ancaq ən azından emosional baxımdan irəliləyiş hiss olunur. Lakin həyat yoldaşının hərəkətləri Aynagülün həyatına təsirsiz ötüşməyib, bir sıra dəyişikliklər baş verib.

Həyat yoldaşı hər ayın 15 gününü əvvəlki ailəsi ilə keçirsə də, onlara pul verməyi dayandırıb. Həyatını uşaqlarını böyütməyə, evin qayğısını çəkməyə həsr edən Aynagül isə az qala 60 yaşında işləməyə məcbur olub.

Qırğızıstanın dünyəvi qanunları çoxarvadlılığı rəsmən qadağan edir. Ancaq Sovet İttifaqı dağılandan bu cür nikahların sayı artıb. Riskulova deyir ki, qırğız kişilərin bir çoxu dindən çoxarvadlılıq üçün istifadə edir. Bu isə ailələrə dağıdıcı təsir göstərir.

Kəbin müsəlman kişilərə 4-ə qədər arvad almağa icazə verir
Ancaq qadınlar da dəyişiklikdən yararlanır. Riskulova qeyd edir ki, bəzi gənc qızlar da yaşlı, maliyyə cəhətdən təmin olunmuş kişilərlə ailə qurmağa, 2-ci, 3-cü həyat yoldaşı olmağa üstünlük verirlər. Son illər ölkədəki iqtisadi çətinlik də öz sözünü deyir...

Belə qadınlardan biri də Gülnarədir. 27 yaşı var, yaxşı təhsillidir. Gülnarə də 3 il əvvəl kəbinlə ailə qurub, çalışdığı firmanın 40 yaşlı rəhbərinin ikinci xanımı olub. İndi 2 yaşlı oğlu var.

Gülnarənin anası Kairgül də qızına yardım etmək üçün Qadın Krizis Mərkəzinə gedir. Gülnarənin özü danışmaqdan çəkinir, ehtiyat edir ki, həyat yoldaşı bunun üçün onu cəzalandıra bilər. Ancaq ana qızının zülm çəkdiyini, müdafiəsiz qaldığını deyir:

QIZ ELƏ BİL EVDƏ HƏBSDƏDİR

«Onların nikahı rəsmən qeydə alınmayıb. Qızım yoldaşını tərk etsə heç nəsiz qalacaq. Qızım uşağı ilə ərinin onlara aldığı kiçik mənzildə yaşayır. O, nə vaxt istəsə, o vaxt da gəlib ailəsini görür. Qız elə bil evdə həbsdədir. Axşamlar küçəyə çıxmır, dostlarını görmür. Hər axşam uşağı ilə evdədir. Bayramda zəng edəndə, deyir «əlbəttə, evdəyəm, televizora baxıram. Başqa nə edə bilərəm ki? Hər dəfə ürəyim parçalanır».

Kəbin müsəlman kişilərə 4-ə qədər arvad almağa icazə verir. Ancaq kişi bu halda birinci həyat yoldaşının razılığını almalı və qadınlarının hamısına, uşaqlarına bərabər səviyyədə, eyni gözlə baxmalıdır. Digər tərəfdən isə kəbin rəsmi olmadığından boşanma və ya ölüm hadisəsi qadını və uşaqları tamamilə dəstəksiz qoya bilər.

Qadın Krizis Mərkəzinin məlumatına görə isə ötən il təcili psixoloji və vəkil məsləhəti üçün onlara müraciət edən qadınların sayı 40 faiz artıb. Müraciət edən qadınların yarısı çoxarvadlılıq, qeydiyyatdan kənar nikahlardan şikayət ediblər.
XS
SM
MD
LG