Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:00

Alman ordusunda döyüşmüş azərbaycanlı ilə söhbət


►“Meşədə 20-cən partizan vardı. Onları mühasirəyə aldıq. İkisi təslim oldu, qalanlarını vurduq. İçimizdə alman zabitləri də vardı, nə qədər elədik, qulaq asmadılar, təslim olan partizanları da güllələdilər”.

Noy-Ulmda yaşayan azərbaycanlılar ona "Bəşir dayı" deyirlər. Azərbaycan dilini yadırğayıb, Türkiyə türkcəsində danışır. Amma arada “uçuyor” əvəzinə “uçeyr”, “unutuyorum” əvəzinə “unuteyram” deməsi də diqqətimdən yayınmır.

Alman ordusunda döyüşmüş Bəşir Əlizadə ilə söhbət
Gözlə

No media source currently available

0:00 0:05:04 0:00
Direct-ə keçid

Azadlıq Radiosunun Pen klub proqramında

Bəşir Əlizadə əslən Azərbaycanın Qazax rayonundandır, 2-ci Dünya Müharibəsi dövründə alman ordusunda döyüşüb – Azərbaycan legionçularından olub. Onun xidmət etdiyi 817-ci legionçu batalyonun əsas işi Polşada dəmir yollarını qorumaq idi.

“Partizanlar dəmir yollarının müxtəlif yerlərinə bomba qoyurdular. Bizim işimiz belə diversantları tutmaq idi. Tutub almanlara təhvil verirdik”.

FORUM - Sovet ordusuna qarşı döyüşən azərbaycanlılara münasibət necə olmalıdır?- [Fikrini de]

Soruşuram ki, həmin əsirlərin aqibəti necə olurdu?

“Almanlar harasa aparırdı, bilmirəm” – deyir.

Qazaxda dünyaya göz açsa da, oraları xatırlamır. O, hələ körpə ikən anası ağır xəstələnir. Atası bunun Qazaxın havasından olduğunu düşünərək ailəsini də götürüb üzü Dilicana, İcevana (Ermənistan) tərəf gedir.

Bəşir Əlizadə (solda) tələbə dostları arasında. 1940

Onlar Polad ayrımı kəndinə yaxın yerdə - dağlar qoynunda məskən salırlar. Kənddə yeddi sinif oxuyandan sonra Bəşir bəy Yerevandakı pedoqoji texnikuma daxil olur. Texnikumun 3-cü kursunda oxuyarkən alman-sovet müharibəsi başlayır.

ÜÇ ƏSGƏRƏ BİR TÜFƏNG

Tbilisi yaxınlığında təlim keçəndən sonra sıravi Bəşir Əlizadəni Krasnodara, sonra da Krıma göndərirlər.

“Feodosiya yaxınlığında sovet qoşunlarının müdafiə xəttinin ikinci sırasında idim. Hamını bit basmışdı. Gündə bir dəfə - o da gecə birisi bir qazan gətirib yemək adına bir şeylər paylayardı. Vəssalam. Bir də gündüz dörd kişiyə 250 qramlıq bir çörək verirdilər. Ruslar bizə həqarətlə “yoldaşı” deyə müraciət edirdilər. Üç adama bir tüfəng vermişdilər. Deyirdilər ki, birinizi vursalar, o birisi götürsün” (rişxəndlə gülür – R.Q.)”

Krımdakı döyüşlərdə əsir düşən Bəşir bəy Ukraynada bir neçə ay əsir düşərgəsində qalandan sonra Polşaya – Yedlinaya göndərilir. Bura alman ordusunda döyüşməyə razı olan azərbaycanlı əsirlərin təlim keçdiyi yer idi.

“Yaxşı yemək verirdilər – gündə 5 dəfə. Az-az verirdilər. Çünki əsir düşərgəsində yemək sarıdan korluq çəkmişdik. Yedikcə doymurduq. Özümüzə gələndən sonra bizə təlim keçməyə başladılar.

“43-ün martın 1-də bizə alman geyimi və silah verdilər. Yaxşı xidmət edcəyimiz haqda and içdik”.

RƏSULZADƏNİ GÖRDÜ, DİNLƏDİ...

Bəşir Əlizadə danışır ki, 1943-cü ilin yazında Polşada olarkən - Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoymuş Məmməd Əmin Rəsulzadəni də öz gözləriylə görüb.

“Bizim batalyon düzülmüşdü və o, qarşımızda çıxış edirdi. Rəsulzadə Hitlerlə danışdığını, Azərbaycan müstəqil dövlət olacağını, kommunizmdən qurtulacağını dedi”.

Azərbaycan legionerinin uniforması

Həmsöhbətim deyir ki, o vaxta qədər Rəsulzadəni tanımırmış. “Biz o zaman Azərbaycanın vaxtilə müstəqil olduğunu bilmirdik. Orda öyrəndik”.

Həmsöhbətim deyir ki, almanların azərbaycanlı legionerlərə münasibəti çox yaxşı imiş.

“Biz onlardan insanlıq gördük. Yedlinada bir dəfə gördük ki, almanlar qoyunlar gətiriblər. Qoyunların üstünü qırmızı boyamışdılar. Soruşduq ki, əcaba bu nə? Dedilər, sizin Qurban bayramınızdı. Mən Qurban bayramını ilk dəfə orda qeyd etdim, Vətəndə yasaq idi bayram etmək”.

Almanlar batalyondakı azərbaycanlı əsgərlərin arasından 11 nəfər seçib özlərinin Fransadakı hərbi məktəblərinə də göndərirlər – “yazıb-oxumaq” bildiyi üçün Bəşir Əlizadəni də seçirlər. O da Fransanın Şartr şəhərindəki hərbi məktəbdə 4 ay təlim keçir.

MÜHARİBƏDƏN SONRA ÜÇ DƏFƏ ÖLÜMDƏN QURTULDU

Bəşir Əlizadənin xidmət etdiyi batolyonun yolu Ukrayna, Macarıstan, Almaniyadan da keçib. Deyir ki, onları – daha doğrusu 817-ci batolyonun sağ qalan əsgərlərini müharibənin sonuna yaxın – 1945-ci ilin martında Almaniyaya göndərirlər.

Orada onlar vaqonlara, maşınlara yanacaq dolu kanistrlər, ərzaq yükləyirlər. Almaniyanın təslim olmasından sonra isə azərbaycanlı legionerlərin qara günləri başlayır,

“Gördüm ki, bizimkilərin sovet qoşunlarının nəzarətində olan ərazidə qalmaq fikri var. Hər kəs öz yerlisini səsləyirdi, “Gəncəlilər bu tərəfə!”, “Şamaxılılar o biri tərəfə!” Deyirdilər ki, dəstə halında dağlara çəkilək, 1-2 aya rusların hirsi soyuyar, bizə heç nə etməzlər”.

Amma həmsöhbətim deyir ki, o, sovetlərə etibar etməyib Amerika qoşunlarının nəzarətində olan əraziyə keçmək qərarına gəlir. Velosipedə minir və müharibə qurtardığı üçün evlərinə yollanan alman əsgərlərinə qoşulub yola çıxır.

“Yollar qələbəlik idi. Bir də gördüm ki bir qrup adam gəlir. Ruslar idi, amma mülki geyimdə idilər – əyinlərində kostyum, qalstuk vardı. Onlar da velosiped minmişdilər. Sonradan bildim ki, əsir düşərgəsindən çıxanlardı, almanların evlərini yarıblar.

Onlardan biri o birinə dedi ki, bax sənin velosipedin qadın velosipedidi, o almanınkı (məni göstərib) isə kişi velosipedi. Get dəyiş. Məndən velosipedi istəsələr də heç nə deməyib yoluma davam etdim.

Bu vaxt məni təqib edən həmin mülki geyimli rus ana söyüşü söydü, mən də dözməyib rusca cavab qaytardım. Velosipedi də atdım üstünə. O, yoldaşlarının yanına gedib dedi ki, “filan-filan olmuş faşist rusca söyüş söyə bilir...”.

Gəlib ipi keçirdilər boğazıma, “filan-filan olmuş Vlasov” deyib sağdan-soldan təpikləməyə başladılar (Vlasov alman ordusundakı rus legionerlərin komandiri olub. Onun adından ümumiləşdirilmiş ifadə kimi istifadə olunurdu. – R.Q.)

Amma həmsöhbətim deyir ki, yaxınlıqda dayanan bir sovet tankından çıxan rus starşina onun qanının arasına girir.

Onu qərargaha aparmaq adıyla həmin yerdən uzaqlaşdırır. Məlum olur ki, o, Stalinqraddandı. Bəşir bəyə mülki paltar gətirir, yemək verir və sərbəst buraxır.

ÖLÜMDƏN İKİNCİ QURTULUŞ - FRANSIZ “OLMAĞIN” ÇƏTİNLİYİ

Yolçu yolda gərək. Bir neçə kilometr gedəndən sonra arxadan Bəşir bəyə yenə də mülki geyimli bir rus yaxınlaşır. Həmin adamın “Tı kto” sualına o, almanca “anlamıram” cavabını verir. Rus əl çəkmir. “Natsiya? Natsiya?” soruşur.

Bir qrup azərbaycanlı legioner döyüşdə ələ keçirdikləri qənimətlə - fransız partizanlarının bayrağı ilə. Müriyak (Mərkəzi Fransa). İyun 1944

“Bezib cavab verdim ki, “fransiz”. Amma bu cavab onu qane etmədi. Müharibə vaxtı almanlar qonşu ölkələrdən insanları gəririb müxtəlif işlərdə işlədirdilər. Onların arasında fransızlar da vardı.

Və belə fransızların bir qrupu da yaxınlıqdakı barakların birinə toplaşmışdılar. Öz bayraqlarını qaldırmışdılar və Vətənə qayıtmağa hazırlaşırdılar. Rus “A nu ka idyom” deyib məni həmin baraka tərəf çəkməyə başladı”.

Yalanının üstünün açılacağını görən Bəşir bəy yenə “anlamıram” deyib ordan uzaqlaşmağa çalışır. Amma onun qabağını kəsən rus bir ayrı dostuna işarə edir. Dostu da öz velosipedi ilə Bəşir bəyin yolunu kəsib tapançanı ona tuşlayır.

“Gözüm qaraldı, bir onu bilirəm ki, almanca “atma” dedim. Əlindən yapışdım. Bu vaxt atəş açıldı. Mən qaçmağa başladım. Yolun divara yaxınlaşan yerdə sola və sağa burulduğunu görməyib düz qaçırdım. Gözlərim heç nəyi görmürdü - divara çırpılıb yerə çökdüm.

Qüvvəmi toplayıb ayağa qalxıb yenə qaçmağa başladım, Bir ev gördüm. Zirzəmisi açıqdı. Girdim. Orda bir qadınla bir kişi çalışırdı, almanca qışqırdılar ki “nə olub”. Səsim batmışdı, cavab verə bilmədim, qadın gedib su gətirdi. İçdim. Bir az özümə gəldim”.

Amma həmsöhbətim deyir ki, sən demə həmin ev restoran imiş. Onu hədələyən mülki geyimli ruslar da gəlib ora çıxırlar. Yeyib-içdikləri yerdə restoran sahibəsi deyir ki, "sizlərdən biri də aşağıdadı, səsi batıb".

“Ayaq səslərinə diksindim. Gördüm ki, məni sorğu-sual edən həmin rusdu. “A nu ka vılezay ottuda” dedi. Çıxıb yalvarmağa başladım ki, “ne strelyay pojalusta”. Güldü, tapançanı cibinə qoydu.

Məni apardı öz stollarına tərəf, gördüm tapançadan atəş açan yoldaşı da ordadı. Bir də yanlarında sovet uniformasında bir starşina vardı.

Starşina soruşdu ki, “niyə belə edirsən?” Dedim ki, yoldaş starşina, Qızıl ordu gəlib bizi almanlardan azad etdi, bu iki nəfər mülki şəxs isə məni hədələyirlər. Dedi ki, bunlar mülki şəsxlər deyil, biri qızıl əsgərdi, o biri isə serjant, sadəcə mülki geyim geyiblər”.

Bəşir Əlizadə danışır ki, həmsöhbətləri “yumşalıb” onu yedizdirirlər, sonra da yolunu kəsdikləri yerə aparıb “prodoljay” deyirlər.

Amma onu irəlidə daha bir qorxulu “macəra” gözləyirdi.

SƏNİN “ŞTALAQ”IN HARDADI?

Bəşir bəy yoluna davam edir və yol kənarında bir qrup almanın xəritəyə baxdığını görür. Onlardan öyrənir ki, amerikanların nəzarət etdiyi zonaya hələ 40 kilometr var.

Noy-Ulmdan Ulma baxanda

“Yolda bir neçə at arabası vardı. İçində ukraynalılar, polşalılar, ruslar oturmuşdu .Onlar şərqə - Vətənə getməyə hazırlaşırdılar.
Mən hərbi geyimli almanlarla yanlarından keçəndə arabadakı rusların birisi əynimdəki mülki paltarı görüb soruşdu ki, sən ki alman deyilsən, niyə almanlara qoşulub gedirsən?

Dedi ki, burda yaxınlıqda bizim keçmiş əsirlərin xəstəxanası yerləşir, mətbəxləri də var, sənə yemək də verərlər.

“Allah-allah... İşə düşdük də” - düşündüm. Birisi məni yanına salıb keçmiş əsirlərin yanına apardı. “Ey! Aşbaz! Buna yemək ver” dedi.

Soruşanda dedim ki, mən də hərbi əsirəm.

Amma aşbaz diqqətlə əlimə baxıb “sən əsir olmamısan” dedi: “Əsirlərin əlləri işləməkdən elə kökə düşür ki...”

Xəstəxanada hər millətin nümayəndəsi vardı. Qazax, türkmən, belorus və başqaları. Soruşdular ki, “qde tvoy ştalaq”, yəni düşərgənin nömrəsi neçə olub. Cavab verə bilmədim. Bu vaxt bir nəfər qapıdan içəri girdi və “zdravstvuy Vlasov” dedi...”

Amma içəridəki orta yaşlı bir adam Bəşir bəyi müdafiə edir, “hardan bilirsən, Vlasovdu” deyə soruşur. İçəri girən də bunu aşbazdan eşitdiyini söyləyir.

“Məni müdafiə edən adam onları susdurdu. Dedi ki, 15 il Sibirdə olub və keçmiş əsir kimi yenə ora göndərilə bilər. Mənə yaxınlaşıb “sınok, u nas odna sudba” söylədi”.

Amma sonradan xəstəxanaya legioner olmuş bir gürcü, iki ukraynalı və bir kalmık da gətirirlər və azərbaycanlı legioneri də onlara qatıb “türmə kamerasına” çevrilmiş hamama salırlar.

“ALMAN QADINI VƏ UŞAQLARI MƏNƏ BAXIB AĞLAYIRDILAR”

Keçmiş əsirlərin SSRİ-yə qayıtmaq vaxtı çatanda məlum olur ki, maşın karvanındakı avtomobillərin birinin mühərriki xarab olub, legionerləri “kamera”dan çıxarıb motoru sökməyə aparırlar.

Azərbaycan legionunun qurucusu Düdənginskinin Noy-Ulm qəbiristanlığındakı məzarı. O, qardaşı Seyfulla ilə bir qəbirdə uyuyur.

“Bizə nəzarət edən serjant iş qurtarandan sonra maşından bir snayper tüfəngi, bir dənə də avtomat çıxardı. Tüfəngi özü götürdü, avtomatı isə bir yerə yığışıb söhbət edən maşın sürücülərinə təklif etməyə başladı.

Amma onların hamısı götürməkdən imtina edirdi, “ne xoçu, ne moqu, voyna okonçena” deyib imtina edirdilər. Amma serjant avtomatı aşbaza təklif edəndə o, həvəslə razı oldu”.

Serjantın istəyi keçmiş legionerləri meşəyə aparıb güllələmək imiş. Onları özlərinə yük eləmək istəmirmişlər.

“Bizi qabaqlarına qatıb aparmaq istəyirdilər. Xahiş etdim ki, məni qırargaha aparın, onlarla danışmaq istəyirəm, mən hərbi əsir olmuşam...

Serjant dedi ki, gedək qabağa, sizi buraxacam. Bu vaxt gürcü serjanta soruşdu ki, “mənim bütün kazğılarımı almısan, hardadı?” Serjant cibini aramağa başladı.

Mən qabaqda idim, başlarının qarışdığını görüb götürüldüm. İgidlik ondu, doqquzu qaçmaq. Arxadan “postoy, postoy” qışqırdılar. Ağacların arasıyla qaçıb açıqlığıa çıxdım, sonra daha yaxşı qaça bilmək üçün ayaqqabılarımı çıxardım, meşə ilə üzü yuxarı qaçmağa başladım.

Xeyli gedəndən sonra bir almanın evinə çatdım, yemək istədim. Süd, çörək verdilər. Yeyəndə gördüm ki, ev sahibəsi də, uşaqları da mənə baxıb ağlayırlar.

Əvvəl başa düşmədim. Sən demə ayaqyalın qaçanda ayaqlarım kəsik-kəsik olub, qan axır, mənim də xəbərim yox”. (acı-acı gülür – R. Q.).

Ayaqqabi verdilər. Ev sahibindən soruşdum ki, amerikanlar olan tərəf necə gedim, bir ulduz göstərdi, dedi onu təqib et”.

Beləcə, müharibə başa çatandan sonra üç dəfə ölümdən qurtaran Bəşir Əlizadə nəhayət ki gedib neytral zonaya çıxa bilir.

QƏBİRİSTANLIQDA AZALAN AZƏRBAYCANLI MƏZARLARI

Bəşir Əlizadənin yaşadığı Noy-Ulmda və çayın Noy-Ulmdan ayrıdğı Ulm şəhərində vaxtilə 200-ə qədər azərbaycanlı varmış. Amma burada sığınacaq tapan azərbaycanlı legionerlərdən indi ancaq üçü sağdı. Bəşir bəydən fərqli olaraq onlardan biri məni elə qapının ağzında “qəbul elədi” və müsahibə verə bilməyəcəyini dedi.

Bəşir Əlizadə (soldan ikinci) və qardaşı (soldan üçüncü) Bakıda. 1972

Doğrudan da xəstəhal görünürdü, “vallah, elə haldayam ki nə danışdığımı özüm də anlamıram” söylədi. Başqa bir keçmiş legionçunun isə əlil arabasında gəzdiyini, dili söz tutmadığını dedilər.

Noy-Ulm qəbiristanlığında 10-a yaxın azərbaycanlının qəbrini mən də gördüm, Azərbaycan legionunun qurucusu Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin də məzarı burdadı. Amma vaxtilə qəbiristanlıqda azərbaycanlı məzarları daha çox imiş.

Yerli qanunlara görə, basdırılandan 25 il keçəndən sonra məzarın qəbiristanlıqda qalması üçün mərhumun yaxınları haqq ödəməlidirlər. Ödəməyəndə qəbiri çıxarıb başqa yerə aparırlar...

Bəşir bəy müharibədən sonra Noy-Ulmda şəhərin dağıntılardan təmizlənməsində iştirak edib, sonra isə tikinti materialları istehsal edən zavodda çalışıb. Bundan başqa türk dilini bildiyi üçün tərcüməçilik edib. İndi də stolunun üstündə çevirmək üçün mətnlər görmək olar.

Həyat yoldaşı Krista Ruth dünyasını dəyişib. Üç övladı var - Lətif, Aydın və Solmaz. Ortancıl övladı Aydın “Siemens”də mikroçip mühəndisidi. Qızının Noy-Ulmda paltar dükanı var. Övladları arasında böyük oğlu Lətif Türkiyəyə türkcəsini bir az bilir. Onun 59 yaşı var, dərman fabrikində işləyir.

Bəşir bəy Azərbaycandakı qohumları ilə axır illərdə sıx əlaqə saxlaya bilmir. Özü yalnız 1972-ci ildə Bakıda olub. Sonralar qardaşı o vaxt sovetlərin nəzarət etdiyi Şərqi Almaniyaya gələrmiş, Bəşir bəy də xanımı Şərqi Almaniaydan olduğu üçün ora gedə bilirmiş. “Həm ziyarət idi, həm ticarət” – gülür, “Qardaşım yaxşı parçalar alıb aparırdı, o pulla ev də tikdirdi”.

“BİZ VƏTƏNƏ QARŞI VURUŞMURDUQ...”

Bəşir Əlizadə ailəsi ilə birgə. 1960-cı illərin sonu.

Söhbətimizin sonunda Bəşir Əlizadədən onu da soruşuram ki, legionerlər olmağına peşman deyil ki?

- Qətiyyən. Bizi vətən xaini sayanlar isə sadəcə vətənpərvər deyillər. Biz hələ o vaxt anladıq ki, vətənimiz kommunistlərin işğalı altındadı, sərbəst danışmaq, sərbəst gəzmək yox. Biz almanlar tərəfə keçəndən sonra bunun fərqinə vardıq.

Biz düşünürdük ki, əgər Vətən komminizim əsarətindən qurtararsa, ordakı həmvətənlərimiz də bizim kimi hürriyyətə qovuşmuş olarlar. Bəziləri bizi mücahid olaraq dəyərləndirdi. Onlar haqlıdır. Biz Vətənə qarşı yox, Vətən üçün vuruşduq.

- Hitler Almaniyası ölüm düşərgələri yaratmışdı, SS dəstələri müharibə cinayətləri törədirdi. Siz özünüzü o rejimin cinayətlərinə ortaq sayırsınızmı?

- Əslinə baxsan, alman əsgərlərinin çoxunun bu işdən xəbəri yox idi. O cümlədən bizim. SS-çilər başqa, adi əsgərlər başqa. Onların yəhudilərə qarşı etdiklərini heç də hamı bilmirdi. Sıravi alman əsgəri bundan xəbərsiz idi. Biz sadəcə müharibədə özümüz kimi silahlılara qarşı vuruşurduq.

Rövşən Qəmbərov

2009

Buna da bax: Bəşir Əlizadə Noy-Ulm qəbiristanlığında dəfn edilmiş azərbaycanlıların məzarlarını göstərir (Video)

Almaniyada Azərbaycan legionerlərinin məzarları
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

DİNLƏ: Günün əsas hadisələri AzadlıqRadiosunun RADİO proqramında (9 may)

Zaqatalada 4 ildi yardım gözləyən zəlzələ qurbanları
Bakı sakinləri veteranların medallarını satışa çıxaranlar haqda nə düşünür

BAX: Günün əsas hadisələri AzadlıqRadiosunun TV proqramında (9 may)

Leyla Əliyevanın London mülkü - The Mail on Sunday qəzeti fotolar yaydı

XS
SM
MD
LG